“Dini radikalizm meyillərinə qarşı birgə mübarizə aparılmalıdır” - Fotolar
A
“Dini radikalizm meyillərinə qarşı birgə mübarizə aparılmalıdır” - Fotolar
18:16 08.12.2016
Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB)Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Təhlükəsizliyi təhdid edən əsas amillər: Dini radikalizm və terrora qarşı maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində yerli dövlət qurumlarının, şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Mingəçevir şəhərində tədbir keçirib.

AZƏRFAKS xəbər verir ki, toplantıda çıxış edən DANİB sədri Elməddin Behbud Azərbaycanda dövlət-din münasibətlərinin əsas istiqamətləri haqqında danışaraq bütün azadlıqların, o cümlədən vicdan azadlığının ölkəmizin ali qanunu-Konstitusiyasında hüquqi təminat altına alındığını deyib. Dini radikalizmin yalnız müəyyən ölkələri deyil, qlobal təhlükəsizliyi təhdid etdiyini bildirən Elməddin Behbud bu istiqamətdə yalnız kompleks tədbirlərin həyata keçirilməsinin effektiv olduğunu vurğulayıb: “Azərbaycan dövləti vətəndaşların vicdan azadlığını təmin edib, hər bir şəxsə inancına uyğun olaraq ibadət etməsi üçün lazımı şərait yaradıb. Bununla yanaşı Azərbaycan dövləti insanlığa və dövlətçiliyimizə qarşı kənar təsirlərdən qaynaqlanan radikal dini meyillərin, ekstremizmə qarşı qətiyyətlə mübarizə aparır. Dünyada tolerantlıq nümunəsi olan ölkəmizdə belə hallara qarşı dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və vətəndaşların birgə şəkildə mübarizə aparması vacibdir”.

Dini İşlər üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev dini radikalizm və ölkəmiz üçün ənənəvi olmayan dini cərəyanların ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətin dünyəvi təməlləri üçün ciddi təhlükə olduğunu bildirib. Dövlətin dni icmalara milli-mənəvi dəyərləri sağlam, olduğu şəkildə təbliğ etməsi üçün zəruri dəstək verdiyini qeyd edib. N.Əfəndiyev keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq təmsil etdiyi qurumun bölgədə həyata keçirdiyi fəaliyyət haqqında da ətraflı məlumat verib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev dini radikalizmin törətdiyi fəsadlar haqqında danışıb. Sahib Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi xarakter daşıdığını və hər bir vətəndaşa inancına müvafiq olaraq azad şəkildə ibadət etmə imkanı yaradıldığını bildirib.

Toplantıda geniş məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ruslan Rəhimli Mahatma Qandinin "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür" prinsipinin hazırda da aktual olduğunu vurğulayıb. Ruslan Rəhimli dinlər arasında dialoqun gücləndirilməsinin müasir dövrdə dünyada və o cümlədən də ölkəmizdə təhlükəsizliyin qorunub saxlanılması üçün mühüm şərtlərdən olduğunu deyib.
Baxılıb: 10689