Azərbaycanlı oliqarxlar pulları ölkəyə qaytarmalıdır - Böhranın ayaq səsləri
A
Azərbaycanlı oliqarxlar pulları ölkəyə qaytarmalıdır - Böhranın ayaq səsləri
17:10 06.12.2016
Azərbaycanın iqtisadi sistemininin bugünkü görünüşündə əslində qeyri-adi və təəccüb doğuracaq heç nə müşahidə olunmur.  Şübhəsiz ki, neft ixraçatçısı olan ölkənin iqtisadiyyatı “qara qızılın” dünya bazarındakı qiymətində baş vermiş arzulanmaz dəyişikliyin təsirindən uzaq dayana bilməzdi...

Azərbaycan yeganə nümunə deyil. Neftin qiymətinin ucuzlaşmasından dolayı gəlir itkisinə məruz qalan ölkələrin sırası kifayət qədər genişdir. Bütün hasilat ölkələri, o cümlədən nümunəvi neft ölkəsi kimi tanınan Norveç də bu gün ciddi iqtisadi çətinliklərlə üz-üzə qalıb. Təsadüfi deyil ki, Norveç hökuməti büdcə xərclərini qarşılamaq üçün son 20 ildə ilk dəfə olaraq bu il neft fondunun (Pensiya Fondu) vəsaitlərindən istifadə etmək məcburiyyətində qaldı. Vəziyyətin mürəkkəbliyini təsəvvür etmək çətin deyil. Norveçin “The Nordic Page” qəzetinin (http://www.tnp.no/) yaydığı məlumata görə, ölkədə işsizliyin səviyyəsi son 11 illə müqayisədə rekord həddə çatıb (4.3%).  Təkcə 2016-cı ildə Norveçdə 100 minə yaxın insan işsiz qalıb. Təbii ki, burada da qeyr-adi heç nə yoxdur. Neft sektoru Norveç iqtisadiyyatının əsasını təşkil edir və təbii ki, bu məhsulun satış qiymətində baş verən dəyişikliklər ölkənin sosial-siyasi həyatında özünü göstərməli idi.

***

Bu gün dünya növbəti böhran dalğasını yaşamaqdadır. Fəsadlar analoji olsa da xüsusiyyətdəki fərqi nəzərdən qaçırmaq olmaz. Əgər dünyada bundan əvvəl yaşanmış böhranları xatırlasaq, görərik ki, onların hamısının iqtisadi əsasları var. Bu, 1929-cu ilə yaşanmış və başlanğıcını ABŞ-dan götürən ilk böyük böhranda da belə olub, 2007-ci ilin ortalarında özünü hiss etdirən, 2008-2009-cu illərdə şiddətlənən və yenə də başlanğıcını ABŞ-dan götürən böhranda da. Budəfəki böhranın da başlanğıc nöqtəsi və səbəbkarı eynidir. Fərq yalnız ondadır ki, hazırda müşahidə olunanan böhranın hər hansı iqtisadi əsasə yoxdur. Bu dəfə proses siyasi maraqlara söykənir. Yaxın şərqdə cərəyan edən olaylar, dünya güclərinin bir-birinə əzələ nümayiş etdirməsi və milli iqtisadiyyatlara (Xüsusən Rusiyanın) zərbə vurmaq kimi maraqlardan qidalanan böhran mahiyyət etibarı ilə də sünidir, düşünülmüşdür, məqsədlidir.  

***

Norveçlə müqayisədə bu gün Azərbaycanda da aşağı-yuxarı eyni proseslər baş verir. Ölkənin gəlirlərində müşahidə olunan azalmalar bütün sahələrə mənfi təsirlərini göstərir və yaranmış vəziyyət alternativ gəlir mənbələrinin araşdırılmalası işini ciddi zərurətə çevirir. Son iki ildə Azərbaycan hökuməti dünyada yaşanan böhranın Azərbaycana təsirlərini minimuma endirmək üçün çoxsaylı tədbirlər həyata keçirib və bu istiqamətdə ciddi addımların atılması davam edir. Əslində hazırkı vəziyyət heç də bəzilərinin iddia etdiyi kimi faciəvi deyil. Yaranmış duruma görə birbaşa olaraq Azərbaycan hökumətini ittiham etmək də düzgün olmaz. İsterik reaksiyalardan uzaq durub soyuqbaşla hadisələri analiz etdikdə cərəyan edən hadisələrin kökünü və səbəbini müəyyən etmək o qədər də çətin deyil. Hər halda biz yuxarıda Norveçin hazırkı vəziyyətini təsadüfən misal göstərmədik. Bu günə qədər neft fondundan qəpik də xərcləməyən dövlət indi məhz həmin vəsaitlərə əl atmaq məcburiyyətində qalıb və buna görə hansısa norveçlinin ağlına da gəmir ki, hökuməti ittiham etsin.  Bəli, Azərbaycan nümunəsində vəsaitlərin idarə olunmasında məsuliyyət daşıyan şəxslərin nöqsanlara yol verdiyindən danışmaq olar. Məsələn, neft gəlirlərinin axını zamanı milli valyutaya müstəqillik verilmədiyini və üzən məzənnə siyasətinə keçidin məhz gəlirlərin çox olduğu dövrdə təmin olunmadığını kimsə irad kimi səsləndirə bilər. Lakin hazırkı situasiyaya görə bütövlükdə hökuməti ittiham etmək məsələyə obyektiv yanaşmanın təzahürü deyil. 


***

Qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti dünyada yaşanan böhranın təsirlərini azaltmaq məqsədilə çoxsaylı tədbirlər həyata keçirir. Dövlət səviyyəsində görülən işlər, həyata keçirilən proqramlarla yanaşı, qeyri-rəsmi tədbirlərə əl atıldığına dair də məlumatlar var. 

AZƏRFAKS-ın əldə etdiyi məlumata görə, ölkədə istehsal sahəsinin genişləndirilməsi, yeni iş yerlərini açılması və biznes mühitinin inkişaf etdirilməsi məqsədilə  xarici ölkələrdə kommersiya fəaliyyətilə məşğul olan, ayrı-ayrı ölkələrdə istehsal müəssisələri yaratmış azərbaycanlı oliqarxlara və iş adamlarına vəsaiti ölkəyə qaytarmaq və burada iş qurmaq göstərişi verilib. Məlumatda deyilir ki, hazırda müxtəlif ölkələrədə azərbaycanlılara məxsus biznes təsisatları var və onların ümumi dövriyyəsi milyardlarla ölçülür.  Göstərişə əsasən azərbaycanlı oliqarxlar və iş admlarının xaricdə müxtəlif kommersiya layihələrinə yatırdıqları vəsaitlər Azərbaycana qaytarılmalı və həmin vəsaitlər ölkədə real sektorun inkişafına yönəldilməlidir. Məlumata görə, Azərbaycana vəsait cəlb edəcək, burada ciddi layihələr həyata keçirəcək şəxslərə nəzərəçarpacaq güzəştlər də veriləcək.  

***

Əslində bu, həm də milli təəsübkeşlik məsələsidir. Bir çox ölkə adı sadalamaq olar ki, onlar çətin durumda məhz başqa ölkələrdə iş qurmuş biznes adamlarının köməyindən yararlanaraq dirçəliblər. Bu gün Azərbaycandan kənarda biznesmen kimi kifayət qədər böyük uğurlar qazanan şəxslər var ki, onlar məhz indiki durumda dövlətin yanında olmalı, milli iqtisadiyyatın əzəli səviyyəsinin qaytarılmasına yardım etməlidirlər. Oliqarxlar pullarını xaricdəki layihələrə deyil, Azərbaycanda istehsal müəssilərinin sırasının genişləndiriıməsinə yönəltməlidirlər...

Elcan
AZƏRFAKS


Baxılıb: 10511