İqtisadiyyat
“İlin sonunda inflyasiya kəskin artmayacaq” - Ekspert rəyi
A
 “İlin sonunda inflyasiya kəskin artmayacaq” - Ekspert rəyi
22:44 23.11.2016
2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb. 

2016-cı ilin oktyabr ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri sentyabr ayına nisbətən 1,3 faiz artıb. Ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb. 

Ekspertlər musavat.com-a ilin sonuna gözlənilən inflyasiyanı da açıqlayıblar.

Ekspert Qubad İbadoğlu bildirib ki, ilin sonuna inflyasiyanın səviyyəsində dəyişiklik olacaq: “Amma təbii ki, ilin sonuna iki ay qaldığını nəzərə alsaq, ciddi dəyişikliklərdən söhbət gedə bilməz. Çox güman ki, rəsmi statistik məlumatlarda ilin sonuna elə 12-14 faiz arası inflyasiya elan olunacaq. 12 faiz ən yaxşı ssenaridir. Xüsusi olaraq tariflərin artırılması baş verməzsə, qazın, işığın, suyun qiymətlərində dəyişiklik baş verməzsə, iflyasiya bu səviyyədə olacaq. Baş verərsə, 15 faizi də keçə bilər”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, inflyasiya səviyyəsi ilin sonunda kəskin artmayacaq: “İlin sonuna çox az qalıb. Düşünmürəm ki, rəqəmlərdə kəskin dəyişiklik ola bilsin. Ola bilər ki, 12 faiz civarında rəsmi inflyasiyanı ilin sonunda da görək. Daha artıq inflyasiyanın olmasını da gözləmirəm. Çünki hökumət bunda da maraqlı deyil. Əslində statistikanın siyasiləşdirilməsində və reallığı xeyli dərəcədə əks etdirməməsində də hökumətin marağı var. Çünki ölkə qanunvericiliyinə görə, rəsmi inflyasiya rəqəmi qədər o biri ilin əvvəlində təqaüdçülərin və büdcədən maaş alanların məvacibləri və təqaüdləri indeksləşməlidir, yəni artırılmalıdır. Hökumətin büdcədə problemlərin olduğu bir vaxtda rəsmi inflyasiyanın çox kəskin şəkildə yuxarı göstərilməsində marağı yoxdur. Ona görə də bizdə statistika əslində siyasiləşib. Çünki bir ölkədə əgər keçən il ərzində iki dəfə devalvasiya olubsa və milli valyuta bu il ərzində də artıq on faizə yaxın yenidən dəyər itiribsə, burada idxaldan ciddi asılılıq mövcuddursa, 12 faiz inflyasiyanın olması mümkün deyil, iqtisadi məntiqə və iqtisadi qaydalara qanunlara ziddir. Yəni daha çox olmalıdır. Ona görə də düşünürəm ki, əsasən də ərzaq inflyasiyası kifayət qədər yüksək səviyyədədir. Ən azından, gündəlik evə ərzaq alarkən qiymətin necə artdığını gözümüzlə görürük. Ona görə bu statistik rəqəm təbii ki, reallığı əks etdirmir. Amma təəssüf ki, alternativ hesablama apara bilən mərkəzlər yoxdur. Başqa ölkələrdə bunu biz görürük. Bütün ölkələrdə alternativ statistika aparan mərkəzlər var. Bizdə bu, yoxdur. Məcburuq hökumətin elan etdiyi dövlətin rəsmi statistikasına müracət və istinad edək. Düşünürəm ki, ilin sonunda elə 12 faiz civarında da inflyasiya rəqəmi açıqlanacaq. Bəlkə də 12 faizdən bir az aşağı açıqlandı ki, gələn ildən kompensasiyalar ödənilərkən daha çox maaş və təqaüd artımına gedilməsin”./Musavat.com/
Baxılıb: 10823