Mövqe
“Əli Kərimli mənəvi terrorun xaç atasıdı” - "Yeni Müsavat"da sərt cavab
A
“Əli Kərimli mənəvi terrorun xaç atasıdı” -
09:00 22.01.2016
“Yeni Müsavat” qəzetindən AXCP sədrinə sərt cavab: “Onun haqqında kim yazsa, dərhal söyüş fabrikini işə salır”

Əli Kərimli AXCP-sinin zombi qrupunun “Yeni Müsavat”a təhqir və hədyan dolu hücumu davam edir. Ötən gün musavat.com saytında yayımlanan və Milli Şuranın Şəhidlər Xiyabanına ziyarətinin fotolarını əks etdirən “Əli Kərimli hərbiçiləri də ”axe-ce-pe"-çi etdi" adlı yazıdan sonra bir qrup AXCP üzvü sosial şəbəkələrdə “Yeni Müsavat”ı, onun baş redaktorunu təhqir etməyə başlayıb. 

Özünü demokrat adlandıran bir siyasi təşkilatın rəhbərinin çevrəsinin mətbuata qarşı bu cür qeyri-etik davranışı ictimaiyyətdə də birmənalı qarşılanmayıb.

“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan açıqlama verərək, mətbuata bu cür hücumu arzuolunmaz tendensiya kimi qiymətləndirib: “Milli Şuranın 20 yanvar günü Şəhidlər Xiyabanında ziyarəti ilə bağlı musavat.com-da çıxan məlum yazıya Əli Kərimlinin çevrəsi çox kəskin və tərbiyəsiz reaksiya verdi. Facebook sosial şəbəkəsində açıq şəkildə ”Yeni Müsavat" qəzetinin, o cümlədən qəzet rəhbərinin ünvanına küçə uşaqları tərzində söyüşlər yazıldı. Şəhidlər Xiyabanında olan əməkdaşımız foto göndərərək, MŞ-nin ziyarət səhnəsinin fotoşop olması ilə bağlı iddia irəli sürüb və o şəkil kiçik bir yazının müşayiət ilə yayımlanıb. Bundan sonra Əli Kərimlinin söyüş fabriki işə düşüb. Mətbuatla, jurnalistlərlə bu cür davranış mənəvi terrorizmdir. Bunun başqa adı yoxdur. Əli Kərimli Azərbaycanda mənəvi terrorizmin xaç atasıdır. Bu terrorbaşı xoşu gəlmədiyi adamları öz zombilərinə söydürür. Özü zamanında o qədər söyülüb, o qədər təhqir olunub, bu cür mənəvi terroru artıqlaması ilə dadıb deyə, görünür, içində bir kompleks yaranıb - özünü insanları söyməklə, söydürməklə sakitləşdirir. Bu adam görün nə qədər xəstə təfəkkürə sahibdir ki, tənqidə, təftişə söyüşlə, təhqirlə qarşılıq verir. Elə bir mühit yaradıb ki, kimsə bunun haqqında nəsə yazsa, desə, dərhal həmin adamı zombilərinin dili ilə söydürür".  
  
A.Ayxan bildirib ki, mətbuat doğrusu ilə, yanlışı ilə cəmiyyətə lazımdı. O deyib ki, azad mətbuatın mövqeyinin zəiflədilməsi, müstəqil qəzetlərin sayının kəskin şəkildə azaldılması özünü siyasi müxalifət kimi təqdim edən qüvvələrin də fəaliyyətinə problem yaradır: “Bir yandan da özünü demokrat sayanlar - müxalifət partiyalarının rəhbərliyinə daxil olan şəxslər bizi vurur, söyür, hər addımda mətbuatın işinə çomaq soxur. Fikirləşmirlər ki, hökumətdən qalan canımızı da bunlar alsalar, sabah fəaliyyətləri mümkün olmayacaq. Biz jurnalistlər olmasaq, cəmiyyət müxalifətin nə ölüsündən xəbər tutacaq, nə dirisindən. Bu elementar həqiqəti bunlara illərdir ki, izah edə bilmirik”.  

Baş redaktor müavini bildirib ki, “Yeni Müsavat” Əli Kərimlinin ən ağır günlərində ona dəstək olub: “TV-lərdən onun ailəsini söyənlərə biz cavab vermişik. Cinsi azlığın nümayəndələri ilə şantaj olunanda, parlamentdə barəsində olmazın söyüşlər səsləndiriləndə bunun siyasi mübarizədə yolverilməz olduğu haqda ilk yazıları biz yazmışıq, onu açıq və israrlı formada müdafiə etmişik. Əli Kərimli 2005-ci ildə Qələbə meydanında döyüləndə, bu səhnənin foto-faktını ölkə və dünya ictimaiyyətinə ilk çatdıran KİV-lərdən biri də ”Yeni Müsavat" idi. İndi bu adam bizim valideynlərimizi söydürür. Nə var ki, yazmışıq filan şəkil fotoşopdu. Milli Şura və ya AXCP bizi söydüyünə, redaksiyaya bir təkzib məktubu yollayaydı, çap edəydik, bununla da mübahisə öz həllini tapardı. Demək, bunlara normal polemika sərf etmir. Belə çıxır ki, özlərini yalnız söyüşlə, təhqirlə ifadə edə bilirlər". 

Azər Ayxan qeyd edib ki, bu davranış Azərbaycanı ciddi şəkildə izləyən beynəlxalq qüvvələrin də diqqətini çəkir: “Həm də Azərbaycan cəmiyyətinin ağıllı, normal düşünən kəsimi bu prosesə baxıb çox ciddi nəticələr çıxarırlar ki, Əli Kərimli və onun dəstəsi iqtidara gəlsə, onların əleyhinə yazan jurnalistlərin və qəzetlərin başına hansı oyunlar açarlar. O hirs, o qəzəb, o nifrət, o söyüşlər - hamısı onun əlamətləridir. Sadəcə olaraq, bu gün əllərində bir qəzet və facebook var, onun vasitəsilə bizi mənəvi terrora məruz qoyurlar. Ünvanımıza çox ağır söyüşlər deyirlər, yazırlar. Əllərində iqtidar olsa, inzibati resurslara sahiblənsələr, heç şübhəsiz ki, jurnalistləri küçədə döyərlər, öldürərlər, redaksiyalara basqın təşkil edərlər. Əmisi oğlu İnqilab Kərimov bunun anonsunu bir neçə dəfə verib zatən. Adlarını demokrat qoyan bu adamların demokratiyaya, söz azadlığına, fikir müxtəlifliyinə nə qədər təhlükə yaratdığı istər-istəməz nəzərə çarpır”.

A.Ayxanın sözlərinə görə, Azərbaycanda mətbuatın yazdıqlarına söyüşlə cavab vermək ənənəsinin əsasını Əli Kərimli qoyub: “Müxalifətdə satqınlıq, separatçılıq, liderinə xəyanət ənənəsini bu adam yaratdığı kimi, mətbuatın yazdıqlarına söyüşlə cavab vermək ənənəsinin də fundamentini AXCP sədri qoyub. Atalar gözəl deyib, özgəsinə qazdığın quyuya özün düşərsən. Əli Kərimli ən pis ənənələr üçün qazdığı quyuya, fundamentə çoxdan düşüb zatən. Adamın böyür-başında bir adekvat adam yoxdu, varsa da o adamlara irəli çıxmağa imkan vermir. İnanıram ki, zaman bu əxlaq və mənəviyyat yoxsulunun düşdüyü quyunun üstünü örtəcək. Bununla da Əli Kərimlinin ictimai-siyasi mühitə yaydığı üfunətin qoxusu kəsiləcək”.   

Musavat.com
Baxılıb: 12921
Mövqe bölməsinin digər xəbərləri: