Mövqe
"Adam tanınmış yazardı, amma cümləsindən cin hürkür..." - AzNews.az-ın baş redaktoru
A
10:42 14.10.2015
Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu Teleqraf.com-a müsahibə verib. Kifayət qədər maraqlı fikirlərin yer aldığı müsahibəni "AZƏRFAKS" oxucularına təqdim edirik:

"İlk yazımı son şansım kimi yazmışam" 

- Elçin bəy, yaxşı bir sayt işlətmək üçün yaxşı da maliyyə imkanı olmalıdır, eləmi?  

- Düzü, maliyyəsi olmayan saytda, hansısa bir qurumda baş redaktor, rəhbər vəzifəsini ciddi iş hesab etmirəm. 

- Sizcə, baş redaktorun özəlliyi, digər jurnalistlərdən üstün cəhətləri nədən ibarət olmalıdır? Görəsən, sıravi bir jurnalisti də yüngülvari təlimat versən, ona yaxşı maliyyə şəraiti yaratsan, baş redaktor kimi, verilən tapşırıqların öhdəsindən layiqincə gələ bilməzmi?

 - Bilirsiniz, məncə, yazı yaza bilən adamı, tutaq ki, yaxşı reportyoru, araşdırmaçını baş redaktor qoymaq, əslində, onu bədbəxt eləməkdir.  

- Niyə? 

 - Çünki baş redaktorluq, rəhbərlik yaradıcılığın düşmənidir. Baş redaktorun yalnız kənardan görünən işlərinə nəzər salsaq, bunu əsaslandırmaq olar: planlaşma, saytın texniki problemlərinə vaxt xərcləmək, əməkdaşlarla söhbətlər, yazıları oxumaq, digər saytları izləmək, mövzu fikirləşmək, ona  çatan informasiyaları yazıya çevirmək, iş görüşlərinə getmək və arada da müsahibə, açıqlama vermək. Tədbirlərə, ziyafətlərə qatılmaq kimi işlərlə məşğul olan adam yaradıcılığa son verməlidir. Ona görə də sərbəst qrafiklə işləyən, sırf yazı-pozuyla məşğul olan və maraqlı yazılarla çıxış edən jurnalistlərə bəzən həsəd aparıram. 

 - Yəqin yazmaq istəyib, amma vaxt darlığı ücbatından yaza bilmədiyiniz yazılar çoxdur. 

 - Bəli, beynimdə xeyli araşdırma mövzuları, reportajlar var ki, onları yazmağa vaxt tapa bilmirəm. Baş redaktorluq, redaktorluq kənardan cazibədar görünsə də, böyümək, müdrikləşmək kimi təsir bağışlasa da, əslində, fəhləlikdir. Bu baxımdan həmişə redaktorlara yazığım gəlib.  

- Məncə, bizim mətbuatda bəzi sıravi jurnalistlər, bir çox baş redaktorlardan daha peşəkardır. Siz necə düşünürsünüz? 

- Razı deyiləm. Bu məsələdə ilk dəfə bilirsiniz nə vaxt şoka düşmüşəm?  

- Nə vaxt? 

- Tanıdığım parıltılı imzaların yazılarını redaktəsiz görəndə. Adam tanınmış yazardı, özümün də pərəstiş etdiyim qələm sahibidir, amma cümləsindən cin hürkür. Adamlar var, az qala, ömrünün çoxunu hansısa ciddi agentlikdə işləyib, işə götürəndə məlum olur ki, beyni quruyub, eşitdiklərini min dəfə qısaldıb, eyni qəlibə salmaqdan başqa bir şey bilmir... 40 ildir mədəniyyətdən yazan jurnalist var, rejissor sözünün yazılış qaydasını bilmir. Bizdə xeyli tanınmış imzalar, hər gün, hər yerdə görünən jurnalistlər sahələrində körpə uşaq kimidirlər: yazılarına əl gəzdirməsən, cümlələrini təmizləməsən obrazlı desək, iydən-qoxudan adamın başı çatlayar, oxucu pinti fikirlərlə qarşılaşıb, müəllifi də, onun dərc olunduğu mətbu orqanı da dəftərdən silər. Kiminsə imzasının tanınması onun peşəkar olmasını deməyə əsas vermir.  

- Hər gün yazırsınız? 

- Mən şəxsən hər gün yazıram, ən azından informasiya yazıram. “Aznews.az”ın əsas informasiyalarını demək olar ki, özüm yazıram. İnformasiya yazmaq, adamı  tənbəlləşdirir. Xəbər dəqiqliyi sevir. Baş redaktor xəbəri özü yazanda həm də məsuliyyətindən irəli gələrək, hadisəyə daha geniş prizmadan yanaşır. Belə vəziyyətdə işləməyə stadionda tək futbol oynamaqla müqayisə edərdim. İnformasiya saytı işlətmək, qəzet çıxarmaq da futbol kimi kollektiv işin məhsuludur. Vacib sənin oynamağın deyil, oyunun baş tutması, komandanın qalib gəlməsidir. Bu mənada çətinliklərimiz var. 80-cı ilin jurnalistləri demək olar, artıq meydanda yoxdular. 90-lar da baş redakor və mətbuat xidməti rəhbərlərinə çevriliblər. Yeni gələnlər müxtəlif səbəblərdən yönünü jurnalistikadan salmaq istəmir. Belə durumda bəzən oyunu təkbaşına idarə etməyə məhkumsan və məntiqlə yorulmalı, təngənəfəs olmalısan. Bu gün əksər mətbu orqanların simasından təngənəfəslik tökülür.  

- İşçiləriniz yoxdur ki, informasiyanı özünüz yazırsınız?  

- Bu yaxınlarda vacib bir tədbirdə təsadüfən, Mir Şahinlə yanaşı oturmuşduq. Adam tədbirdə iştirak, oradakı müzakirələrə qulaq asmaqla yanaşı, xeyli işlər gördü. Gözlərini bir nöqtəyə zillə, iki saat heykəlləşən, baş redaktorlardan fərqli olaraq Mir Şahin bir dəqiqədə bekar durmadı. Kiməsə suallar hazırlayırdı, deyəsən, Samir Şərifova. Onu bitirib, 5-6 adamla telefonla danışdı, kimisə bağçaya düzəldirdi, onu həll etdi. Tədbirdəki operatoru çağırıb təlimatlar verdi... Yeni istedad təkcə nəyisə bacarmaq deyil, bacarığını idarə etmək, düzgün istiqamətləndirməkdir. “Aznews.az” saytında lazımi qədər jurnalist yoxdur, amma olanlar bacarıqlarından normal istifadə etməyi bacarır. Onlara kömək etməyi, müxbir kimi işləməyi özümə borc bilirəm.  

- Yaşca xeyli gənc olsanız da, yəqin, oxucular üçün ilk addımlarınız maraqlı olar. Mətbuatda ilk yazı, ilk müsahibə, ilk araşdırmanız yadınızda qalıbmı? Təəssüratlarınız maraqlıdır.  

- Düzü, ilk yazını çarəsizlikdən, son şansım kimi yazmışam. 

- Necə yəni? 

- Birinci kursun ilk imtahanında əla qiymət alacağıma əmin olduğum fəndən kəsildim. Müəllimin fikri məndən öncə bilet çəkən, yaraşıqlı, əndamlı bir qızdaydı və mənə ümumiyyətlə, qulaq asmırdı.  Bu münasibətdən əvvəlcə pərt oldum, sonra əsəbiləşdim, sonra da uşaqlara göz eləyib, ağzıma nə gəldi danışmağa başladım. Birdən sanki yuxudan ayılmış kimi, müəllim fikrindən ayılıb, “nə nağıl danışırsan deyib”, mənə iki yazdı. Kəsildiyimi heç kimə deyə bilmirdim, qovulmaq qorxusu vardı. Həyacandan gecələr yata bilmirdim. Hadisəyə yazı həsr edəndən sonra sanki rahatlandım. Həmin yazını  universitetin qəzetində birtəhər çap etdirdim. Adı da “Birinci yazı” idi.  

- Hansı universitetdə oxuyurdunuz? 

- Bakı Slavyan Universitetində. O yazı məni problemdən xilas etdi. İndiyə qədər fikirləşirəm ki, niyə çıxış yolunu yazıda görmüşəm? Bunu mənə heç kim deməmişdi. Niyə hesab etmişəm ki, bir yazı ədaləti bərpa edəcək? O yazını rektor oxuyacaq və tapşırıq verəcək ki, məsələni araşdırın... Bəlkə bu, bir yazıçı və ya tanınmış jurnalistlə yaxın qohumluğumdan gələn bir xətt, intuisiya... nə bilim, hansısa vəhy idi... 

- Onda jurnalist olmaq fikriniz yox idi ki? 

- Yox, heç fikirləşmirdim ki, jurnalist olacam.  

- Bəs niyə yazınızın adını “Birinci yazı” qoymuşdunuz? 

- Bilmirəm. Bəlkə, o hadisədən sonra Vətəndaş Həmrəyliyi Partiyasının dəhlizində “Vətəndaş Həmrəyliyi” qəzetinə təzəcə şöbə müdiri təyin edilmiş jurnalist Anar Niftəliyevlə rastlaşmasaydım, məndən nəylə məşğul olduğumu soruşmasaydı, yarızarafat-yarıciddi, “oxumaqla və avaraçılıqla” cavabını verməsəydim, o da “gəl səni göndərim Bayıla, orda camaatı danışdır, yazı hazırla” deməsəydi, mən də bekarçılıqdan “yaxşı” cavabını verməsəydim, indi tamam başqa işlə məşğul idim. Getdim, adamları danışdırdım, yazdım...  

- Elçin bəy, indiki halda tamamilə peşə əxlaqında uyğun davranmaqla məşhur bir sayt işlətmək mümkündürmü?  

- Peşə əxlaqı ilə bəzən bizim başqa əxlaqlar tərs mütənasiblik təşkil edir. Ümumiyyətlə, əxlaqlı, tərbiyəli adam üçün jurnalistika asan ram olunan sahə deyil. Öz üzərində işləməlisən, soyuqqanlı olmağa çalışmalısan... Hamının bir-birini tanıdığı, adət-ənənə, böyük-kiçik məsələlərinə ciddi riayət olunduğu, ailə institutunun yaxşı işlədiyi ölkələrdə mətbuatın oxucuyla münasibət qurması çətindir və xeyli incə məqamlar var ki, jurnalistika onları nəzərdən qaçırmamalıdır. Ümumiyyətlə, jurnalistika bütün dünyada başıbəlalı sənətdir. Özünü demokratiyanın beşiyi, yayıcısı sayan ölkələr var ki, onların jurnalistləri dəfələrlə acılarla baş-başa qalıblar. Jurnalist peşəsinə, jurnalist həyatına həsr olunan neçə-neçə məşhur əsərlər, filmlər var.  

- Məsələn... 

- Nobel mükafatçılarından Kamyunun "Yad", Markesin "Qaçırılma", Knut Hamsunun "Aclıq" romanlarında jurnalist həyatı o qədər əsrarəngiz şəkildə təsvir olunur ki... 

- Hə, elə bu əsərlər jurnalistlərə həsr olunub... 

- Adam o əsərlərin sehrindən qurtula bilmir. Jurnalistika olduqca cazibədar peşədir. Nə vaxta qədər ki, onun cazibəsində qalırsan, sıxılırsan. Çalışmaq lazımdır jurnalistikanı özünün, düşüncənin, qələminin, istedadının, bacarığının cazibəsinə salasan. 

- Heç olubmu saytınızda dərc olunan hər hansı bir yazı sizin yaxınlarınıza problem yaradıb?  

- Desəm, belə hadisələr çox baş verib, şişirtmiş olaram. Ancaq bir dəfə icra hakimiyyətiylə bağlı gedən yazıya cavab olaraq, həmin rayon ərazisində kiçik müəssisəsi olan yaxın qohumuma iki yol göstərilmişdi: Ya bağlamalısan, ya da yazını sildirməlisən. Mən qohumuma etiraz edəndə o, şoka düşdü... Ağlıma gəlməzdi ki onu böyük təhlükəylə üz-üzə qoya, köməksiz buraxa bilərəm. Həmin müəssisə onun ailəsinin yeganə dolanışıq yeri, kreditlərini ödəyə bildiyi son imkanı idi... 

- Necə düşünürsünüz, düz eləmisiniz, yoxsa səhv? 

- Peşə əxlaqına görə düz eləmişəm, amma insani münasibətlər, qohumluq əlaqələri müstəvisindən baxanda, çox axmaq mövqe kimi dəyərləndirilə bilər. 

- Bizdə kağız mətbuatının nəzəriyyəsi var, necə ki, universitetlərdə tədris olunur, ancaq bilmirəm elektron mətbuatımızın da nəzəriyyəsi yazılıbmı, öyrədilirmi? Məsələn, bizim elektron media hansı nəzəri əsaslarla fəaliyyət göstərir? Belə bir kitab varmı, yoxsa kimin kefi necə istədi, şifahi məlumat əsasında fəaliyyət göstərir? 

 - Kağız və ya elektron, mahiyyət eynidir, sadəcə, istifadə-çatdırılma forması fərqlidir. Biz fəaliyyətimizi prinsiplər üzərində davam etdiririk. Problem məsələnin texniki tərəfidir. Saytın texniki imkanlar, server, İT məsələləri... Bax, bunu öyrənmək lazımdır.  

- Hadisə çoxdan olub: bir məktəb direktorunun oğlu səhv eləmirəmsə, saunada qızla intim münasibətdə olarkən, kameraya düşüb, sonra həmin videonu hansısa yolla bizim saytların birinə göndəriblər. Sayt həmin materialı yerləşdirəndən sonra direktor ata baş redaktora zəng eləyib, görüşüblər, pul təklif olunub, puldan sonra video saytdan silinib. Deyirlər, Azərbaycanda belə şeylər çox olur. Bilmək istəyirəm, sizcə, saytçılıqda, jurnalistikada bu cür işlərin adına nə deyirlər? 

- Saytın sahibi düz edib. Əxlaqsızlığı təbliğ edən yazı kimə lazım idi ki? Silinməli idi. (gülür)  

- Yəqin, zarafat eləyirsiniz...  

- Bilirsiniz, mətbuat güclü silahdır, cəmiyyət üçün çox lazımlı vasitədir. Mətbuatın açdığı qapını ən zirehli texnikalar, böyük güclər belə bəzən aça bilmir. Amma neqativlər də çoxdur. Elə mətbuat rəhbərləri var ki, rəhbəri olduqları qurumla öz şəxsi davalarını aparılar, özlərinin hansısa ambisiyalarına görə mübarizəyə qatılırlar. Onlarla razılaşmayan məmurlara, nə bilim, iş adamlarına qarşı kampaniyalara başlayırlar. Bəzən bu açıq şəkildə görünür.  "Məni tanı, mənə yardım elə yoxsa, səni şərləyərəm, dəxli oldu-olmadı, adını pisə hallandıraram" tipli şantaj ifadələrində istifadə edənlər də var. Reket düşüncə jurnalistika məhsulu ola bilməz. Ciddi mətbuat orqanlarının rəhbərləri, yaxud jurnalistləri belə üsul-idarə seçəndə reket kimi tanınan "mətbu orqanlar"la həmrəylik nümayiş etdirmiş olurlar.  

- Niyə?  

- Çünki hər iki tərəf eyni xislətlidir. Birinin hədəfi MİS müdiri, məktəb direktoru, uzaqbaşı icra bacısı, o birininkisə nazirlər, şirkət direktorları, iş adamlarıdır. Qəsd, şəxsi maraq olan yerdə jurnalistika bitir və reketlik başlayır. 

- Başqa bir məsələdən danışaq. Cavan yazarlardan kimləri oxuyursunuz, kimlərin yazıları sizə maraqlı gəlir? 

- Gənc yazarların çoxu ilə şəxsi münasibətlərim də var... Ona görə onlar barədə çox danışmaq istəmirəm. Durumları kədərlidir. Onlar yazmaqdan başqa hər şeylə məşğuldurlar. Dedi-qodu, başqalarını inkar etməklə özünü göstərmək... Bəlkə də, biz yeganə nəsilik ki, öz varlığımızı kimlərinsə yoxluğu fonunda göstərməyə çalışırıq. Özündən əvvəlkiləri təkzib etmək kimi, şakərə yoluxmuşuq. Yazmaqdan çox danışanlar ordusu yaranıb. Onlar yazsaydılar, ədəbiyyata zərrə də olsun xeyir verərdilər. Danışıb bitəndən, tükənəndən sonra yazmaq olmur. Belə deyilsə, məşhur yazıçılar niyə yazanda yalnızlığa çəkilirlər? Yaxud onlar yazı kabinetlərində, masa başında danışa-danışa yazmırlar ki, susurlar və düşünə-düşünə yazırlar.  - Sizcə, yazarlarımızın başqa nə problemi var?  - Məncə, həm də onlar şanssızdır. “Qanun” nəşriyyatı, Şahbaz Xuduoğlu onların evini yıxdı.  

- Niyə? 

- Dünya ədəbiyyatının təbliği bizim yazarların bazarını öldürdü. 5-10 manata əsərləri öz dilimizdə satılan Kafkanı, Den Braunu qoyub Qan Turalını heç vaxt oxumaram. Markes qala-qala Kəramət Böyükçölün kitabına tərəf baxmaram... Mən bunu oxucu kimi deyirəm, jurnalistika ilə məşğul olduğumdan çalışıram ki, hamını oxuyum, hamının yaradıcılığından informasiyam olsun. Amma oxucunun indi kitab problemi yoxdur, kitabın oxucu problemi var. Gənc yazarlarımızın belə kiçik bazarda rəqabət aparacağı real deyil. Və görəndə ki, gənc yazarlarımız bu bazarın şərtlərini, tələblərini nəzərə almır, onda indiki Azərbaycan nəsrinin gələcəyinə inam qalmır. Baxmayaraq ki, çox yaxşı nümunələr də ortaya çıxır.  

 - Məsələn... 

- Məsələn, Şərifin “Şəkil” hekayəsini oxudum, xoşuma gəldi. 

 - Bəs şeirimizdə vəziyyət necədir?  

- Məncə, ümid elə şeirə qalıb. Şeir yazanlar qalacaq ədəbiyyatda. Yenə deyirəm, nəsr tərcümələrin kölgəsində itir.  

- Elçin bəy, yorulanda ruhunuzu hansı şairlərlə, hansı şeirlərlə qidalandırırsız? Yoxsa sizdə şeirə ehtiyac olmur... 

- Arada mənə elə gəlir ki, sayta rəhbərlik etdiyim gündən ruhumu qəfəsə salmışam, dincə qoymuşam. Düzdü, bəzən bir də görürsən işçilər prinsiplərimə zidd yazılar qoyub, xəbərim olanda da gec olub. Onda içimi kötükləyən hansısa qüvvəni hiss edirəm, düşünürəm ki, ruhumdur. Bizim iş saatımız bitmir, iş vaxtı da özündən başqa hər şey barədə düşünürsən. Mən hissiyyatdan, uzaq, robort kimi işləməyi özümə tərbiyə etmişəm. Başqa cür alınmır. Jurnalist, xüsusən də baş redaktor gərək heç nədən həyacanlanmasın. Hətta hansısa xəbərdən şoka düşsə belə, o xəbərin başlığına  qırmızı hərflərlə “ŞOK”  yazmaqla həyacanını yatırsın. Sayt ruh işi deyil. Amma çox çəkməz, ruhumla ciddi şəkildə məşğul olaram və yəqin ki, onda mən özümü daha yaxşı ifadə edərəm. Bu xoşbəxtliyə yalnız və yalnız baş redaktor olmayandan sonra qovuşacam.  

Baxılıb: 7369
Mövqe bölməsinin digər xəbərləri: