Siyasət
Millət vəkili Tailand səfiri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsindən danışıb
A
Millət vəkili Tailand səfiri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsindən danışıb
15:17 17.09.2015
Millət vəkili Q.Paşayeva Tailand səfiri Tarit Çarunqvat ilə görüşdə “dünyada beynəlxalq hüquq və ədalətin yanında olan hər bir ölkə  və xalq Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səsini daha çox ucaltmalıdır” deyib.

20150915_102119_resizedTailandın Azərbaycandakı (iqamətgahı Ankara olmaqla) səfiri Tarit Çarunqvat millət vəkili Q.Paşayeva ilə görüşüb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva görüş zamanı səfirə Azərbaycanla bağlı, Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı, Ermənistanın işğal etdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı geniş  məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin  öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.  Millət vəkili Qənirə Paşayeva Taliandin səfiri Tarit Çarunqvata  Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə  və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, Azərbaycan xalqı Tailandın bu məsələlərdə Azərbaycana daha çox dəstək verəcəyini gözləyir.  Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm veririk deyən Tailand səfiri Tarit Çarunqvat Tailand və Azərbaycanın ticarət əlaqələrini genişləndirmək üçün böyük potensial olduğunu deyib. Ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək deyən səfir bildirib ki, toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal xanımlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəriləcək. T.Çarunqvat Azərbaycana səfəri zamanı Bakıdan Banqkoka aviareyslərin açılması imkanını müzakirə etdiyini də deyib və bildirib ki, bu, əməkdaşlığın möhkəmləndirilməsində çox önəmli bir addım ola bilər. Millət vəkilinin Azərbaycanı, onun tarixini, zəngin mədəniyyətini, musiqisini, turizm imkanlarını, Qarabağ həqiqətlərini Tailand cəmiyyətinə daha çox çatdırılmasına böyük ehtiyac olması fikri və bu istiqamətdə təklifləri ilə razılaşan səfir T.Çarunqvat deyib ki, ikitərəfli əlaqələrin bundan sonra dərinləşdirilməsi, eləcə də ölkələr arasında turist axınının artırılması, iki ölkənin insanlarının bir-birilərini yaxşı tanımaları ilə bağlı layihələrə xüsusi diqqət ayrılacaq. Azərbaycan zəngin mədəniyyəti olan gözəl ölkədir, istəyirəm ki, Tailandda Azərbaycan barədə daha çox bilsinlər deyən səfirlə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva konkret layihələr ətrafında geniş fikir mübadiləsi də aparıblar. Yaxın gələcəkdə Tailand Bakıda daimi diplomatik nümayəndəliyini açmaq üzərində də düşünəcək deyən səfir millət vəkili Q.Paşayevanı ölkəsinə dəvət edib. Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Qənirə Paşayeva müzakirə olunan mövzular ətrafında bir millət vəkili və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri olaraq əlindən gələni etməyə hazır olduğunu bildirib və səfirə Azərbaycan tarixi,  mədəniyyəti, musiqisi, Qarabağ həqiqətləri ilə bağlı kitablar, materiallar və “Azərbaycan həqiqətləri” adlı sənədli filmlər toplusunu hədiyyə edib.
Baxılıb: 8232