Gündəm
JEM qərəzli avroparlamentarilərə təklif ünvanladı - Azərbaycana gəlin
A
JEM qərəzli avroparlamentarilərə təklif ünvanladı - Azərbaycana gəlin
11:51 12.09.2015
Sentyabrın 10-u Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə qəbul olunub. 365 nəfər Azərbaycanın əleyhinə olan qətnaməyə səs verib.

Jurnalist Ekspert Mərkəzi məlum qətnamənin qəbuluna səs verən avroparlamentarilərə yanlış mövqedə olduqlarını, qərəzli, birtərəfli informasiyaların basqısı altına düşdüklərini sübut etmək və onları qeyri-obyektiv düşüncə tərzindən uzaqlaşdırmaq, bununla da əsl həqiqətin aşkara çıxmasına şərait yaratmaq məqsədi ilə maraqlı təklif irəli sürüb. 

Bəyanatın müəllifi, JEM-in sədri Ceyhun Musaoğlu belə qətnamələrin Azərbaycan ictimaiyyətində təəccüb yaratmadığını deyir. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək seçki dövründə, yaxud Ermənistan tərəfindən işğal olunan torpaqların azadlığı uğrunda ordumuzun nailiyyətlər əldə etdiyi məqamlarda Avropa və Qərbin başqa xalqların uğurlarından qıcıqlanan təşkilatları narahat olmağa başlayırlar: "Aydın olmayan heç nə yoxdur.  Dünyanın qana çalxalandığı vaxtda Azərbaycanın bütün sahələrdə uğurlar qazanması Əfqanıstan, İraq, Suriya, Misir, Yəmən, Tunis, Liviya kimi ölkələrdə açıq müharibələr yaradaraq xalqların bütün hüquqlarını işğalçılıqla pozan Avropa və Qərbin məlum dövlətlərinin planlarına ziddir. Atalarımızın sözü var: "Kor gördüyünü çağırar". Təbii ki, söhbət mənəvi cəhətdən kor olanlardan gedir. Fiziki görməyənlər, mənəvi korlardan fərqli olaraq bəsirət gözləri ilə hər şeyi aydınlıqla görür və dərk edirlər. Mənəvi korlar, Azərbaycanla İraqı, Əfqanıstanı səhv sala bilərlər. Mənəvi korluqdan əziyyət çəkərək qərarları ilə biabırçı duruma düşən belə qrupların, təşkilatların, fraksiyaların gözünü açmaq, bizim ölkənin Fransa, Almaniya, Böyük Britaniya, bir sözlə, Avropanın bütün ölkələri ilə eyni hüquqa malik olduğunu, kəndimizin kəndlərindən, şəhərimizin şəhərlərindən, xalqımızın tolerant düşüncəsinin, xalqalarının "bizdən başqa biz yoxdur" düşüncəsindən  nə qədər gözəl olduğunu detalları ilə göstərmək bizim borcumuzdur". 
JEM sədri bunun üçün konkret təkliflə çıxış edib: "Qətnamənin qəbul olunmasına imza atan 365 parlamentari, Azərbaycana dəvət olunsun. Dəvəti layihə şəklində həyata keçirmək daha məqsədəuyğundur. Məsələn, 6 aylıq layihə boyunca həmin 365 parlamentari mərhələli şəkildə Azərbaycanda qonaq olsunlar. Onlara ölkənin içi aydınlığı ilə göstərilsin. Həbsxanalardakı şəraiti görsünlər, jurnalistlərin fəaliyyətini izləsinlər, hər gün on-on artan saytların yazılarını oxusunlar, görsünlər ki, bu saytlarda məmurlar necə tənqid və təftiş olunur, dövlət idarələrində, biznes strukturlarında olsunlar, sahibkarlarla görüşsünlər, teatra getsinlər, filmlərə baxsınlar, fantastik səviyyədə inkişaf edən infrastruktur layihələri ilə tanış olsunlar, müxtəlif xalqların vahid vətəndə necə rahat yaşadıqlarını öz dillərindən eşitsinlər. Onlar bizi tanımır. Özümüzü onlara tanıtmaq borcumuzdur". 

C. Musaoğlu bəyanatda nümunə də göstərib. JEM sdəri Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə yay məktəbinin təşkil olunmasını və bu məktəbdə 7 xarici ölkənin tələbələrinin iştirakını xatırladıb: "50 xarici tələbə 10 gün Azərbaycanda oldu. Onlar ölkəmizi o qədər sevdilər ki, qayıdandan sonra Azərbaycanın lobbiçilər oldular. Bu gün həmin tələbələr öz ölkələrində Azərbaycanı təbliğ etmək missiyasını şərəflə icra edirlər. Yanlış informasiyaların cənginə düşüb Azərbaycan barədə yanlış təsəvvürə malik olan hər kəs ölkəmizi əyani şəkildə tanıyandan sonra, yüzdə yüz fikirlərindən dönür və bizim xaricdəki dostlarımıza çevrilirlər". 
 

Baxılıb: 17934