İdman
Məşəl Qəbələdə
A
Məşəl Qəbələdə
09:36 27.05.2015
Mayın 26-da Qəbələ rayonunda əsl bayram əhval-ruhiyyəsi yaşandı. 

Əllərində Azərbaycanın üçrəngli bayrağı, Avropa Oyunlarına aid şüarlar yazılmış plakatlar və gül dəstələri tutan on minlərlə rayon sakini küçələrə çıxaraq “Bakı-2015”-in məşəl estafeti iştirakçılarını böyük sevinclə qarşıladılar.

"AZƏRFAKS" AZƏRTAC-a istinadən  xəbər verir ki, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul etdi.

Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirdi. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəldilər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırdı. Birinci Avropa Oyunlarının çırağını isə meydana toplaşanların sürəkli alqışları altında 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olundu.

Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin müəllimi Səbinə Cahangirova ilk Avropa Oyunları məşəlinin Qəbələ şəhərinə gətirilməsindən duyduğu sevinci AZƏRTAC–ın müxbiri ilə bölüşərək dedi: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi, məni də qürurlandırır. Oyunların məşəlinin bu gün Qəbələ şəhərində yandırılması bizi hədsiz sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Artıq idman ölkəsinə çevrilən Azərbaycan son illər bu sahədə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından bəhrələnən idmançılarımız ildən-ilə daha böyük uğurlar əldə edirlər. Bu uğurlarda Qəbələ idmançılarının da xüsusi payı var. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi bizim yeniyetmə və gənclərdə idmana böyük maraq yaradıb. Bu tədbirin rayonumuzda keçirilməsi tarixi bir hadisədir. Arzu edirəm ki, bu gün qədim və müasir Qəbələdə yandırılan alov, tezliklə Qarabağda şölə saçsın”.

Möhtəşəm Alov festivalı, respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı Qəbələ sakinlərinin sevincini daha da artırdı. Sonda atəşfəşanlıq oldu.
Baxılıb: 3010