Mövqe
“Biz Azərbaycanda Ukrayna idmançılarına dəstək verəcəyik" – Diaspor sədri
A
“Biz Azərbaycanda Ukrayna idmançılarına dəstək verəcəyik
13:00 26.05.2015
“Mən əminliklə deyə bilərəm ki, Ukraynada Azərbaycan diasporu çox güclüdür. Ümumiyyətlə ukraynalılar Azərbaycanı və azərbaycanılarlı çox sevirlər. Xüsusən də son dövrdə onlar bizim ağrı-acımızı daha yaxından hiss etməyə başlayıblar. Çünki özləri də separatçılıqdan əziyyət çəkirlər”. 

"AZƏRFAKS" AZADİNFORM-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov İctimai Televiziyada efirə gedən “Avropa Oyunları Bakı 2015”ə Avropada yaşayan Azərbaycan diasporunun necə hazırlaşması ilə bağlı verilişdə virtual müsahibəsi zamanı bildirib. 

H.Cavadovun sözlərinə görə, Ukrayna ictimaiyyəti Azərbaycanda Avropa Oyunları ilə bağlı gedən hazırlıq proseslərini çox böyük diqqətlə izləyir: “Bizim bir çox görüşlərimiz olub. Həm burada Ukraynanın milli komandasında çalışan, həm də Avropa Oyunlarında çıxış edəcək idmançılarla görüşmüş, Azərbaycan haqqında lazımi informasiyaları vermişik. Onlar səbirsizliklə Azərbaycana gəlmək istəyirlər. Çünki bəziləri Azərbaycanda olmayıblar, amma onlarda olan məlumatlar Azərbaycan haqqında böyük maraq yaradır. Biz Ukraynadan Azərbaycana gələcək idmançıları dəstəkləmək üçün qrup da yaratmışıq, 1000 ədəd Ukrayna bayrağı sifariş etmişik. Bununla da Azərbaycanda Ukrayna idmançılarına dəstək verəcəyik”.

UABD sədri qeyd edib ki, Ukraynada müxtəlif siyasət aparan təşkilatlar mövcuddur: “Onların burada gedən proseslərə baxışları müxtəlifdir. Ancaq Azərbaycan haqda istənilən dezinformasiya çıxarkən biz və burada fəaliyyət göstərən “Diaspora” TV dərhal reaksiya göstərir. Çalışırıq ki, burada Azərbaycan haqda gedən dezinformasiyaların qarşısını alaq. Virtual məkanda hər hansı bir saytı qeydiyyatdan keçirərək orda materialların yerləşdirilməsi problem deyil və bunun qarşısını almaq da çətindir. Bundan istifadə edən mənfur qonşularımız Azərbaycanın uğurlarını bəyənməyən, buna sevinməyən qüvvələr var. Əlbəttə ki, Azərbaycanda gedən bu məsələlərlə bağlı Azərbaycana qara yaxmaq istəyirlər. Amma biz buna heç bir zaman imkan vermirik”.

H.Cavadov qeyd edib ki, Ukraynada 4 çap orqanları var: “Bunlardan ən böyüyü “Azərbaycanın sözü” qəzetidir. Bundan başqa, “Diaspora” TV fəaliyyət göstərir. Hər hansı bir hadisəni və hücumu gözləmədən biz burda Azərbaycan gerçəkliklərini Ukrayna ictimaiyyətinə çatdırmaq gücünə malikik. Çəkiliş qruplarımız var, müxtəlif tədbirlər keçirik. Tədbirlərimiz sırf Azərbaycanla bağlı deyil, Ukrayna tarixində baş verən proseslərə münasibət bildiririk. Ukraynada vəziyyət gərginləşəndə Azərbaycan diasporu Ukrayna xalqının yanında oldu. Hətta Maydan hadisələri başlayarkən Ukrayna KİV-i onu da qeyd etdi ki, ilk diaspor təşkilatı olaraq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu xalq hərəkatına dəstək verdi. Bundan sonra biz Ukraynanın ərazi bütövlüyünü dəstək verməyimizlə, sonra bu problemdə ukraynalılara yardım etmək üçün bir çox layihələri həyata keçirməklə müsbət imic yarada bildik. Təbii ki, ən əsası da rəsmi Bakının və xüsusən də Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü tanımasını elan etməsindən sonra bizə qarşı münasibət daha da istiləşdi. Sizi əmin edirəm ki, Azərbaycan diasporu burada daha böyük nüfuza malik olacaq. Müxtəlif yollardan istifadə edərək Ukraynada Azərbaycanın maraqlarını qoruyacağıq”. 

Baxılıb: 5342
Mövqe bölməsinin digər xəbərləri: