Mövqe
Yengələri səhv salanlar - Ceyhun Musaoğlu yazır
A
Yengələri səhv salanlar - Ceyhun Musaoğlu yazır
14:49 25.05.2015
Ceyhun MUSAOĞLU

Faciəni yaşayıb komediyaya tamaşa etmək ölüm cəzasına məhkumluğa səbəb ola bilər.
Kamyu "Yad" əsərində anasını dəfn edəndən sonra sevgilisi ilə komediyaya tamaşa edən qəhrəmanına ölüm hökmü kəsir. 

Kamyusu olmayan dünyada yaşayıram. Məhz bu fürsətdən istifadə edib, özümü yanan binanın içindən 3 saatlıq da olsa, teatra atdım. Kədəri ömür-gün yoldaşı seçən azərbaycanlını bu dəfə Dram Teatrın kreslolarında lap yumağa dönmüş şəkildə gördüm. Yarım saat keçdi, o yumaq əli-qolu, üzü-gözü, ağzı-burnu olan insana çevrilirdi. Yarım saatdan sonra həm də o insanlardan gülüş səsləri gəlirdi. Hansı sehrli qüvvə qapqara tüstüdən boğulan adamı susuz, dərmansız ağır vəziyyətdən qurtara, hətta ona gülüş bəxş edə bilər? Viktorinada deyilik ki, cavabı sizdən gözləyim. O qüvvənin adı aktyordur. 

Avksentiy Saqarellinin "Tiflisin yengələri" pyesi əsasında rejissor Mikayıl Mikayılovun səhnələşdirdiyi "Xanuma" tamaşasına dəvət alanda bilmirdim ki, həm də görkəmli aktyorumuz Ramiz Novruzun yubiley tədbiridir. Pərdələrin açılmasını, tamaşanın başlanmasını gözləyirdik, səhnəyə Akademik Milli Dram Teatrın direktoru İsrafil İsrafilov, Teatr xadimləri ittifaqının sədri Azərpaşa Nemətov çıxdı. Hər ikisi təmkinli və zarafatlarla bol olan çıxış etdilər. Yubilyar və onun həmkarları da təbriklərə qoşuldular. Bütün fikirlərə hakim bir epitet vardı: "Ramiz Novruzun 60 yaşı ola bilməz".

Aktyor özü də "Knyaz" roluyla gümanları doğrultdu. Dinamik rolun öhdəsindən böyük məharətlə gələn Ramiz Novruz tamaşaçıların gözlərində pərdə kimi asılan qara tüstünün qarşısını kəsib görünməz edə bildi. "Xanuma" obrazının ifaçısı Bəsti Cəfərova isə sanki əsər yazılanda Saqarellinin qarşısında oturubmuş. Dramaturq ona baxıb, yazıb. Əlbəttə tamaşanın insanı riqqətə gətirəcək səviyyədə alınmasında rejissorun böyük əməyi var, ancaq 2 saat səhnədə topal adam kimi yeriyən, pəltək adam kimi danışan, oxuyan, oynayan Mikayıl müəllim deyildi ki... Bəsti Cəfərova sənətin zirvəsində olduğunu necə göstərdisə, tamaşaçı ona aşağıdan yuxarı yox, elə boyu bərabərində rahatlıqla baxa bildi. "Xanuma"nın intonasiyası bu günə qədər eşitmədiyim ahəngdə idi. Gözlərini yum və bu intonasiyanı dinlə. Gözlərini aç və danışmağa başla. Məhz həmin intonasiya ilə danışacaqsan. Sehrə salmaq budur.

Tamaşaya baxa-baxa, Üzeyir Hacıbəyova, Cəfər Cabbarlıya, Hüseyn Cavidə və bu sırada olan dahilərə dəfələrlə rəhmət dilədim. Ani düşündüm, lap buna absurd düşüncə deyin, yenə dəyişməyəcəm. Düşündüm ki, o fərdlər olmasaydı, yanan binalarımızın sayı çoxalardı. Quldurluğun qarşısında yeganə sədd maarifçilikdir. Tariximizin 16 mərtəbəsini tüstü ilə yazan o dəhşətin yaşanmasında əməyi olan şirkət sahibləri bəlkə də ömürlərində iki dəfə teatrda olmayıblar. Bir dəfə ola bilərlər, güman edərlər ki, məmurdan-filandan görüb bizneslərinin çiçəklənməsinə şərait yaradarlar. Gediblər, görüblər ki, onların arzuladığı düşüncə adamları teatrlara gəlmir. "Bu son olsun" deyib, bina üzləməyə yollanıblar. 

Biz əclaflığın da, yaxşılığın da təzahürünü çılpaqlığı ilə ancaq səhnədə görə bilərik. Həyatda qarşılaşanda "həyat bu" deyib keçirik, səhnə isə həyat deyil. Səhnə həyatdan sonrakı mərhələdir. O dünyadı: elədiklərini mələklər birbəbir sənə göstərir. Mələklər-aktyorlar. 

"Xanuma" yengədir. "Kobota" da yengədir. Ortada bir "Knyaz" var. Lütün biridir. Həm də əyyaşdır. Tacirlər adını onunla bağlamaq istəyirlər. Qızından keçir, malından, pulundan keçir, yetər ki, faytonunun görünən yerinə Knyaz gerbi vursun. "Kobata" yengəlikdə "Xanuma"nın yanında uşaqdır. Ona görə, ancaq pulu düşünür, kimi-kimlə caladığının fərqinə varmır. "Xanuma" köhnələrdəndir. Sevginin ən güclü olduğunu peşəsi boyu dəfələrlə dəqiqləşdirib. Rəqiblər arasında sevgini seçən yengə qalib gəlir: hər kəsi öz tayına calayır. 

Bax, tamaşanı bu səviyyədə dərk edən adam sıxılmış qazdan düzəldilən üzlüyü heç vaxt binaya yapışdırmaz. Görüb axı, bəyaz qaraya qalib gəlir. Bu tamaşada Bəsti Cəfərovanın təqdimatında bəyaz olmayan heç nə görmədik. Adamlar Ramiz Novruzu təbrik etməyə gəlmişdi, mən Bəsti Cəfərovanı təbrik etdim. 
Deyəsən, 16 mərtəbəli o binanı tabuta çevirənlər knyaz qohumları idi. Bu qohumluq üçün hər şeylərindən keçdilər. Yengələri "Kabato" olub. Onlar ancaq həyata baxıblar, ancaq həyata. Teatra gedib, tamaşalara baxsaydılar, anlayardılar ki, bütün yengələrin adı "Kabato" deyil, həm də "Xanuma" var - Sevgi yengəsi. 

Cənab rejissorlar, eşidirsiz, Azərbaycanın Bəsti Cəfərovası var. Nə yaxşı ki, var!

Aznews.az
Baxılıb: 3797
Mövqe bölməsinin digər xəbərləri: