Siyasət
Xələf Xələfov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
A
Xələf Xələfov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
13:43 19.05.2015
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda keçirilən III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni ilə görüşüb.
 
"AZƏRFAKS" xəbər verir ki, XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, X. Xələfov İslam dünyası və mədəniyyətinin bir hissəsi olan Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə böyük önəm verdiyini bildirib və İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənməsinin və Azərbaycanın ədalətli mövqeyinin davamlı şəkildə dəstəklənməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
 
X. Xələfov geniş və həssas coğrafiyanı əhatə edən İslam dünyasında baş verən proseslər, çağırış və problemlərin müzakirəsi və həllində İƏT-in çox vacib platforma rolunu oynadığını vurğulayıb.
 
Baş katib İ.A.Mədəni Azərbaycana hər səfəri zamanı müşahidə edilən inkişafın xoş təəssüratlar oyatdığını deyərək, inkişaf edən Azərbaycanın ümumilikdə İslam dünyasının tərəqqisinə töhfə verdiyini söyləyib. İƏT-ə üzv dövlətlərin əhatə etdiyi coğrafiya boyunca hazırkı problemli proseslərdən bəhs edən baş katib Küveytdə keçiriləcək İƏT xarici işlər nazirlərinin toplantısında bu məsələlərin əsas müzakirə mövzusu olacağını qeyd edib. Bas katib bu xüsusda Yəməndə cari vəziyyətin narahatlıq doğurduğunu və bu məsələnin İƏT Nazirlər Toplantısının növbədənkənar iclasında müzakirə ediləcəyini bildirib. Bu xüsusda X. Xələfov Yəmənə sülh gətirəcək fəaliyyətin, ümumilikdə İƏT çərçivəsində sülhə və əməkdaşlığa xidmət edən səylərin Azərbaycan tərəfindən dəstəkləndiyini bəyan edib.  
 
Terrordan əziyyət çəkən bir dövlət kimi Azərbaycanın terrorçuluqla mübarizə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini deyən X. Xələfov bu mübarizədə milli təşəbbüslərin beynəlxalq təşəbbüslərlə üst-üstə düşməsi və beynəlxalq həmrəyliyin nümayiş etdirilməsinin zəruri olduğunu deyib.
 
Görüşdə həmçinin İƏT-in son fəaliyyət istiqamətləri və Küveytdə keçiriləcək Nazirlər Toplantısının gündəliyi barədə fikir mübadiləsi aparılıb.
Baxılıb: 2293