Mövqe
Dəstək olarsa Tatarıstanda kiçik Azərbaycan salına bilər - MÜSAHİBƏ
A
Dəstək olarsa Tatarıstanda kiçik Azərbaycan salına bilər - MÜSAHİBƏ
17:17 15.05.2015
Sərraf Kərimov: "Bizə 30 hektar yer təklif elədilər"

Müsahibimiz Dünya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyinin sədri Sərraf Kərimovdur. S. Kərimovla Kazanda görüşüb söhbətləşdik. O, bizimlə söhbətində keçdiyi həyat yolundan, rəhbərlik etdiyi nümayəndəliyin fəaliyyətindən söz açdı. 

- Sərraf müəllim ilk olaraq bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Başlayaq sizin bu ölkəyə gəlişinizdən. Necə oldu tale yolları sizi Tatarıstana gətirib çıxardı?

- Mən sizə təşəkkür edirəm. 1984-cü ildə orta məktəbi bitirdikdən ali təhsil almaq arzusunda idim. O zaman üz tutdum Kazan şəhərinə. Niyə məhz Kazan şəhərini seçdim? Çünki o vaxt məktəbdə oxuyanda müəllimlərimizdən eşitmişdim ki, Kazanda Leninin oxuduğu məktəb var. Elə o vaxtdan Kazan tələbələr şəhəri sayılır. Düşündüm ki, nəyə görə mən də ali təhsilimi Kazanda almayım? Təəssüflər olsun ki, 1984-cü ildə ali məktəbə qəbul ola bilmədim. O zaman rus dili ilə bağlı çətinliyim var idi. Düşündüm ki, hərbi xidmətimi başa vurduqdan sonra ali təhsil alaram. Elə də oldu. 1986-cı ildə Kazana qayıtdıq. Bir il hazırlaşdım və həmin ildə burada işə düzəldim. Kazanda Material İnşaatı deyilən bir zavod var ki, orada qırıcı təyyarələrin mühərriklərini hazırlayırlar. Və həmin zavodda əmək fəaliyyətinə başladım. Bir ildən sonra Kazanda Kimya Texnologiya Universitetinə qəbul oldum. 1987-ci ildə ailə həyatı qurdum. Universiteti bitirdikdən sonra o vaxtki Milis məktəbində də oxumağa qərar verdim. Beləcə həmin məktəbin Hüquqşünaslıq ixtisasını bitirdim. O vaxtdan tale məni Kazan şəhəri ilə bağladı.

-Ali təhsil aldınız, Milis məktəbini də bitirdiniz. İş tapmaqla bağlı çətinliyiniz yox idi?

-1991-ci ildə hüquq-mühafizə orqanlarında işə düzəldim. 8 il Xüsusi Təyinatlı Milis Dəstəsində işlədim. Demək olar ki, 14 il Daxili işlər orqanlarında işləmişəm. Xalqıma, millətimə xidmət etmək uşaqlıqdan mənim içimdə var. Tələbəlik illərindən həmyerlilərimə əlindən gələn köməkliyi əsirgəmirdim. İdmana meylim yarandı və daha çox məşğul olmağa başladım. Sovet İttifaqı dağılandan sonra elə bir zaman gəldi ki, ya sən bu şəhərdə yaşamalısan, ya da çıxıb getməliydin.

-Deyirsiniz ki, Sovet ittifaqı dağılandan sonra Rusiyada millətçilik meylləri baş qaldırdı. Azərbaycanlılara qarşı münasibət necə idi?

-Sovet İttifaqı dağılandan sonra biz azərbaycanlı olaraq burada o qədər nüfuza malik olmadıq. Rusiyanın hər yerində olduğu kimi burada da bizlərə barmaqarası baxırdılar. Milli zəmində söhbətlər var idi. Utanmadan üzümüzə deyirdilər ki, siz burada niyə yaşayırsınız, gedin öz ölkənizdə yaşayın. Ona görə də idmanla məşğul olduq. Həm özümüzə, həm xalqımıza haradasa dayaq ola bilək. İdmançı dostlarımız çox idi. Ətrafımıza tatarlar, ruslar yığıldılar. Yaxşı bir dostluq mühiti yaratdıq. O zamandan indiyədək xalqım, millətim üçün əlimdən gələni əsirgəməmişəm.

-Hazırda vəziyyəti necə qiymətləndirisiniz? Yerlilər qeyri-millətlərə qarşı necə davranırlar?

-Sonradan Azərbaycan, eləcə də Rusiya dövlətinin rəhbər şəxslərinin sayəsində bizə qarşı olan münasibət yaxşılığa doğru dəyişdi. Praktiki olaraq milli zəmində olan söhbətlər yığışdırıldı. Xalqın bizə münasibəti normallaşdı. Çünki 90-cı illərin ortalarında olan neqativ hallar aradan qaldırılmağa başladı. Tatarlar və azərbaycanlılar arasında dostluq münasibətləri gündən-günə yaxşılaşdı. Hökumət səviyyəsində münasibətlər inkişaf etdikcə bu irəliləyişi çox gözəl hiss etməyə başladıq. Bu günkü gündə bizi tatarlar qardaş millət kimi qarşılayırlar.

-Hətta, səhv etmirəmsə böyük qardaş da deyirlər...

-Elə də qəbul edirlər və hörmətimizi də saxlayırlar. Bir məsələni də qeyd edim ki, 90-cı illərdə bizə qarşı inamsızlıq var idi. Bizi böyük vəzifələrə təyin etməyə çəkinirdilər. Buna görə müəyyən mərhələlərdən və senzuradan keçməliydin. Düzdür, çətinliklər oldu. Sonra Heydər Əliyev hakimiyyətə gələndən sonra bu şeylər aradan götürüldü. Tatarlarla, ruslarla çiyin-çiyinə çalışdıq. İstər bağ evlərində, istərsə də binalarda bir yerdə yaşayırıq. Bir millət kimi qaynayıb-qarışmışıq.

- Dünya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyinin rəhbərisiniz. Belə deyək ki, Azərbaycanını burada simasınız. Ölkəmizi burada necə təbliğ edə bilirsiniz? Nümayəndəlik bunun üçün hansı işləri həyata keçirir?

-Ötən il Tatarıstanda Konqresimizin nümayəndəıliyinin açılması ilə bağlı qərar verildi və noyabrın 21-də mən rəhbər təyin olundum. Ötən il DAK-ın rəhbəri Sabir Rüstəmxanlı bura gəlmişdi. Nümayəndəlik heç bir il deyil fəaliyyət göstərir. Amma buna kimi bizim burda Milli Mədəni Muxtariyyatımız var. Ona dəstək oluram, oranını fəxri üzvüyəm. Həmçinin Biznes Klub var burada, onun fəxri qonaqlarından biriyəm. Buna kimi 1987-ci ildə biz tələbələrlə birlikdə burada cəmiyyət yaratdıq. O vaxtdan tədbirlər həyata keçiririk. Respublika gününü, Bayraq günümüzü qeyd edirik. Bununla yanaşı mərhum Heydər Əliyevin ildönümümnü keçiririk. Qarşıdan 28 may Respublika günü gəlir və biz bu bayrama xüsusilə hazırlaşırıq. Böyük bir tədbir keçirəcəyik. Kazanda Nəriman Nəırimanovun büstü qoyulmuş bir küçəmiz var. Nümayəndəlik yaranandan sonra poeziya gecələri də keçirmişik. Böyük şairimiz Bəxtiyar Vahabzadənin, eləcə də Sabir Rüstəmxanlının gecəsini keçirtdik. Ötən ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə möhtəşəm bir tədbir olub. Qeyd edim ki, burada bizim musiqi ansamblımız da var. Bu ansamblımız bütün tədbirlərdə musiqimizi nümayiş etdirir. Burada balaca bir azərbaycanlı uşaq var və musiqi məktəbində təhsil alır. Rus dilində Müslüm Maqomayevin mahnısı oxudu. Bütün zal onu ayaqüstə alqışlarla qarşıladı. Sonra mənim kiçik qızım Azərbaycan haqqında şeirlər deyir.

-Yerli milləti necə tədbirlərə dəvət edirsinizmi, yoxsa elə bu tədbirlərdə həmyerlilərimiz iştirak edir? Ümumiyyətlə yerli millətlə Azərbaycanın tanıdılması istiqamətində hansı işləri görürsünüz?

-İstər tatarlarla, istər ruslarla , istərsə də öz millətimizlə iş aparmağa başladıq. Biz yerli millətə başa salmağa çalışdıq ki, hər şey siz dediyiniz kimi deyil. Biz pis millət deyilik. Siz əgər azərbaycanlını tanımırsınızsa, Azərbaycan millətinin kim olmağını da bilməyəcəksiniz. Uşaqdan tutmuş böyüyə kimi onları dəvət etməyə başladıq. Aralarında vəzifə sahibi olanları, siyasi qurumlarda çalışanlar və deputaları da var ki, onları da öz tədbirimizə dəvət edirik. Ziyalı qismi də tədbirlərdə iştirak etməyə başladı. Yerlilər bizim mədəniyyətimizi, musiqimizi, incəsənətimiz duymağa başladılar. İnsanlarımızın səhnə mədəniyyətinə özünü necə aparmağına tamaşa edəndə gördülər ki, biz dahi və mədəni insanlarıq.

Hər kəsin qarşısında bir missiya var. Gərək o missiyadan istifadə edib xalq, millət üçün iş görəsən. Bu işləri Azərbaycanda deyil, diaspora olaraq ölkəmizdən kənarda görməliyik. Onsuz da Azərbaycana gedən və əgər onun gözündə eynək yoxdursa artıq hava limanından hiss edir ki, gözəl bir məkana, gözəl bir dövlətə gəlib. Burada bu işləri aparmaq həm mənim, həm də mənim kimi insanların öhdəsinə düşdüyü üçün gecə-gündüz öz millətimiz içində söhbətlər aparmağa başladıq ki, burada qonaq deyilik. Bizim burada sahibkarlarla yanaşı, prokurorluq orqanlarında, məhkəmlələrdə çalışan insanlarımız, eləcə də həkimlərimiz, alimlərimiz var. Əgər biz bu dövlətdə bunu yarada biliriksə çox böyük millətik. Bir millət olaraq yaxşı cəhətlərimizi burada göstərməliyik. Yerli millətin bizə münasibəti dəyişsin. Bizə bazar adamı kimi baxmasınlar.

Bütün tədbirlərdə dilimizi, dinimizi, mədəniyyətimizi layiqincə təmsil etməyə çalışırıq. Azərbaycandan kənarda ölkəmizi biz təmsil edirik. Uşaqlar burada dünyaya göz açsa da bütün evlərdə Azərbaycan dilində danışırlar. Rus, tatar, türk dilini də mükəmməl bilirlər. Amma ən əsası biz burada Azərbaycan dilini qoruyub saxlamalıyıq və əsas məqsədimiz də budur. 31 ildir burada yaşamağa baxmayaraq mən sizinlə öz dilimizdə danışıram. Bu belə də olmalıdır. Tatar dilini də, rus dilini də mükəmməl bilirəm. Amma öz dilimiz mənim canımdadır, qanımdadır. Tədbirlərdə övladlarımız şeir deyir. Məclisə toplananlara deyirik ki, uşaqlarınızı öyrədin. Azərbaycanı, dövlətimizi sevməyi öyrədin. Hər kəs balaca da olsa iş aparsın ki, biz azərbaycanlı olaraq varlığımızı hər yerdə hiss etdirək. Bizi gözləyən hər zaman bir yerimiz, vətənimiz var. O da Azərbaycandır. Bu yaxınlarda Azərbaycandan Milli Məclisin deputatları Aydın Mirzəzadə və Arif Alışanov bura gəlmişdilər. Mən olan oteldə yəni bir tərəfdə otel, digər tərəfdə isə biznes mərkəzidir. Həmin an işıq sönür. Aydın müəllim otel əvəzinə ticarət mərkəzinə qalxır. Mənim orada ofisim var. İşçilərimiz Aydın müəllimin yaxasındakıl nişandan onun azərbaycanlı olmağını bilirlər. Və yaxınlaşıb soruşurlar ki siz azərbaycanlısınız? Deyir bəli. Aydın müəllim soruşur ki, haradan bildiniz azərbaycanlı olmağımı? Deyirlər ki, sizin yaxanızdakı Azərbaycan bayrağıdır. Aydın müəllim də sual verir ki, bəs sən Azərbaycan bayrağını haradan tanıyırsan? Deyir ki, mənim rəhbərimin kabinetində Azərbaycan bayrağı var və bu bayrağı çox gözəl tanıyırıq. Demək istəyirəm ki, biz təkcə öz millətimizə deyil, yerli millətə də bayrağımızı, mətbəximizi, dilimizi, dinimizi, mədəniyyətimizi çatdırırıq. Və belə olduğu təqdirdə yerli millətdə bizim haqqımızda geniş təsəvvür yaranır. Biz dünyada özünə sivil deyən millətlərdən geri qalmırıq, əksinə çoxlarından üstünük. Çünki mən Azərbaycan milləti kimi, tarixi kimi, mədəniyyəti olan bir millət tanımıram.

- Azərbaycanı görən tatarlar ölkəmiz haqqında hansı fikirlər söyləyirlər?

- Tatarların bu gün bizə verdiyi qiməti 5+ kimi qiymətləndirmək olar. Nəyə görə? Artıq şükürlər olsun ki, tatarlarla azərbaycanlılar arasında bu günkü münasibət çox gözəldir. İstər adi insanlar, istərsə dövlət arasında, istərsə də prezidentlərimiz arasında çox gözəl dostluq əlaqələri var. Bu yaxınlarda Tatarıstan prezidenti Minnixanov Bakıda oldu. Demək istəyirənm ki, bu günkü gündə münasibət yüksəkdir. Bəlkə də tatarların ən çox sevdiyi millətlərdən biri bizik. Böyük qardaş millət bizik. İstər adi insanlar, istərsə də dövlət adamları, baş nazir, prezident və incəsənət adamları gedib Azərbaycanda şəraiti, qonaqpərvərliy, inkişafı görəndən sonra gəlib ağızdolusu danışırlar. Deyirlər ki, siz necə də gözəl millətsiniz. Siz necə də Azərbaycanı gözəlləşdirmisiniz. Bu günkü gündə Bakı şəhəri dünyada ən gözəl şəhərlərdən biridir. Bizim mətbəxi görüb gələndən sonra bəlkə də aylarla, illərlə mətbəximiz haqqında danışırlar. Bəlkə də həmin dad hələ də onların damağındadır. İnsanlarımızın ünsiyyətini görəndən sonra burada bizə qarşı həm münasibət dəyişir, həm də bizimlə söhbət edəndə görürsən ki bu insan sənə həftələrlə doğma Azərbaycanından danışmaq istəyir. Bu da bizi sevindirir. Biz də qürur hissi keçirir ki, bu mənim millətimdən, xalqımdan, Azərbaycanımdan söhbət edir. Görən gəlir deyir ki, şəhərin hansı tərəfiindən baxırsansa bax Azərbaycan bayrağı görsənir. Dəniz ətrafında aparılan işləri, o əzəmətli gözəl binaları görəndə istər tatar, istər rus, istərsə də çuvaş, cuhud milləti bizə bu haqda saatlarla danışırlar.

-Tatarlarla azərbaycanlılar arasında oxşar cəhətlər varmı?

-Oxşar cəhətlər deyəndə ki, birinci dilimiz oxşardır. Bir-birimiz başa düşürük. Ən azı onlar danışanda mən çox gözəl başa düşürəm. Mən danışanda isə onlar məni başa düşürlər. Dinimiz birdir, kökümüz türklükdən gəlir. Biz bir millətin nümayəndələriyik. Adət-ənənələrdə də oxşarlıq var. Mən onların muzeyində oldum. Bizdə olan keçmişdən qalan qazanlar, oxlovlar, saxsı qablar, nehrələr, cəhrələr onlarda da var. Tatarlar da azərbaycanlılar kimi bir millətdir. Bir türk millətidir. Mətbəximiz arasında isə böyük fərq var. Bunlar hələ çox şeyi bizdən öyrənməlidirlər. Tatarlarda 3-4 əsas yemək var ki, bizim yeməklərə oxşamır.

Yeməklərimiz üçün elə də darıxmıram. Ona görə ki, həyat yoldaşım azərbaycanlıdır. Ən azı həmin yeməklərini burada bişiririk. Düzdür oranın dadını da verməsə də yeyirik.

Pomidordan tutmuş ətinə kimi, soğandan tutmuş kartofa kimi burada olan məhsulla Azərbaycanda olan məhsul arasında çox fərq var. Bizdə olan məhsulun dadını burdakı məhsullar vermir. Düzdür oranın balığını burada tapa bilmərik. Burada Kalmık və Volqa çayları var. Çoxlu balıqlar olur. Burada olan restoranlarda da azərbaycanlı aşbazlardır. Qaldı ki, Azərbaycanda bişən yeməklərə. Dadını dünyanın heç bir yerində tapmaq olmaz. O dadı dadmaq istəyirsənsə gərək Azərbaycana gedəsən.

- Azərbaycanlılar burada daha çox hansı sahələrdə çalışırlar?

- Tatarıstanda tikinti sektorunda çalışan azərbaycanlıların sayı 40 faiz təşkil edir. Əsasən inşaat işində çalışan mütəxəssislərdir. Mənim də inşaat şirkətim var. Bizim yaratdığımız, tikdiyimizi binaları yerli millət də bəyənir. Hətta dəfələrlə üzümüzə də deyiblər ki, sizin yaratdığınızı başqa dövlət yarada bilmir. Çünki səliqə, bacarıq, zövq söhbəti var. İnsanlarımız da, çörək dalınca gələn adamlar çalışırlar ki, işi keyfiyyətli görsünlər. Sözün düzü tatarlar da tikintidə işin çoxusunu elə bizlərə tapşırırlar. Bilirlər ki, öhdəmizə götürdüyümüz işi yüksək səviyyədə başa çatdırıb təhvil verəcəyik. Restoranlarımız, kafelərimiz çoxdur. Dövlət işində işləyən insanlarımız da var. İstərdik ki, böyük tikinti işlərində də iştirak edək. Təəssüflər olsun ki, hər dövlətdə olduğu kimi burada da istəyirlər ki, çox şeyləri özləri tiksinlər. Bizim payımıza nəsə düşürsə böyük məmnuniyyətlə yerinə yetirirk.

- Sizcə, əlaqələri daha da genişləndirmək üçün hansı addımlar atılmalıdır?

- İstərdim ki, tatarlarla azərbaycanlıların dostluğu daha da möhkəmlənsin. Yalnız prezidentlərimizin, diplomatlarımızın görüşləri olmasın. Buradan Azərbaycana getsinlər, Azərbaycandan gəlib buranı izləsinlər, baxsınlar. Fikrimiz var ki, böyük məclislər, tədbirlər həyata keçirək. O tədbirlərə millət vəkillərimizi, şairlərimizi, incəsənət adamlarımızı çağıraq. Və yerli millətin də nümayəndələrini yığaq, insanlar arasında inteqrasiya olsun, dostluq əlaqələri daha da genişlənsin. Yuxarı səviyyədə dostluq əlaqələri möhkəmləndikcə sıravi insanlar üçün yaşayış yaxşılaşır. Ən azından internet yazır, mətbuat yazır, televiziyalar göstərir və insanlar görürlər ki bu millətlər arasında sıx dotsluq, birlik var. Dostluq olan yerdə də münasibət yaxşı istiqamətə doğru dəyişir. Gediş-gəliş çox olsun. Biz onları öyrəndiyimiz kimi, onlar da gedib bizi öyrənsinlər. Görsünlər ki, Azərbaycan milləti gözəl və dahi millətdir. Onsuz da çoxları gedib Azərbaycanda gördükləri şeyləri gəlib burada yaratmaq istəyir. Azərbaycanda olan körpülərə, binalara baxıb gəlib burada tikirlər. Yollara baxıb, gəlib burada da həmin yollardan çəkmək istəyirlər. İnsanların davranışlarına baxıb davranışlarını dəyişirlər. Baxıb görürlər ki, sivilizasiya tamam başqa şeydir. Bunu gedib Azərbaycanda görürlər, münasibəti görürlər, mətbəximizi görürlər. Ən azından öyrənib gəlib onu burada etmək istəyirlər.

- Sərraf müəllim gələcək planlar haqqında nə düşünürsünüz? Arzularınız varmı ki, onları burada reallaşdırmaq fikrindəsiniz.

- Ən böyük arzularımdan biri odur ki, burada millətimiz bir-biri ilə dostluq əlaqələrini günü-gündən möhkəmləndirsin. Millətlərimiz arasında narazıçılıq varsa onlar aradan götürülsün. Hər kəs başa düşsün ki, dünyanın harasında yaşamağımıza baxmayaraq biz azərbaycanlı olaraq qalırıq və belə də lazımdır. Allahımız da, peyğəmbərimiz də belə buyurub ki, birlik olan yerdə həmişə bərəkət olar. İstərdim ki,burada Azərbaycan məktəbi, Azərbaycan bağçası olsun. Ən böyük istəylərimdən də biri odur ki, Tatarıstanın bu günkü gündə parlamağında əməyi olan mərhum Heydər Əliyevin adına ən azı bir bağ salınsın, Heydər Əliyevin büstü olsun. Çünki Sovetlər dövründə Kazana girişdə bir körpü salınıb. O körpü Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, o Moskvada işləyəndə bu körpünnü tikintisində onun birbaşa iştirakı olub. Körpünün açılışında da iştirak edib. Çox istərdim ki, yerli dövlət, həm Azərbaycan dövləti bu işdə bizə şərait yaratsın. Burada Heydər Əliyevin adına bir bağ yaradaq. Məlumatlara görə Rusiya vətəndaşı olan və həmişə burada yaşayan 35000 azərbaycanlı var. Rus dilini, tatar dilini mükəmməl öyrənilər. Yaxşı olardı ki, məktəblərimizdə bizim dərsliklərdən dərs alsınlar. Ən azı tariximizi, ədəbiyyatımızı bilsinlər. Azərbaycanımızın incəsənətini, mədəniyyətini öyrənsinlər. Bir də ki, uşaq bağçası olmasının istərdim ki, körpə uşaqlarımızı Azərbaycan haqqında kiçik yaşlarından ziyalı vaxtına kimi öyrənə-öyrənə getsinlər.

- Gözəl təklifləriniz var. Bu təklifləriniz reallaşsa millətlərimiz arasında olan münasibətlər daha da dinamik inkişaf edər. Ümumiyyətlə bu düşüncələrinizi kimlərləsə bölüşmüsünüzmü?

- Bu təklifimlə bağlı azərbaycanlılarla söhbət etmişəm. Hamı bunu bəyənir. Nəyə görə? Çünki ulu öndər bizi bir millət, bir dövlət olaraq nəinki Azərbaycanda, dünyada tanıtdı. Burada olan alimlərimiz, insanlarımızla söhbət edəndə ki, burada Heydər Əliyev parkı və məktəb açmaq istəyirik, hamı bu təklifimlə yekdilliklə razılaşdı. Dövlət dəstək olarsa niyə də olmasın? Yaxşı olardı ki, Heydər Əliyevin adını daşıyan bir parkımız olardı. İnsan nə qədər qürur hissi keçirərdi. Tatarıstanın paytaxtı olan türk dünyasının üçüncü böyük şəhəri olan Kazanda Heydər Əliyev parkının olması çox qürurverici bir hadisə olar. Tək bizim üçün yox, bütün türk dünyası üçün ən azı sevincdir, fərəhdir, uğurdur.

-Yerlilər bu təklifiniz necə qarşıladı? Onlarla bu barədə söhbət etmisinizmi?

- Yerli dövlət məmurları ilə söhbət etmişəm. Hətta mənə bir yer də təklif etdilər ki, istəyirsiniz burada bağ salın. Mənə layihəni də verdilər. Mənə dedilər ki, Əgər Azərbaycan dövləti şərait yaratsa, maliyyə dəstəyi olsa burada kiçik Azərbaycan, kiçik Bakı tikə bilərsiniz.

Deməli bir sahə göstərdilər. Ora 30 hektardan çoxdur. Bu günkü gündə həmin yer durur. O yerin sahibi dövlət idarələrinin birində çalışan şəxslərdən birinin qohumudur. O mənə dedi ki, burada inşaat işləri də apara bilərsiniz, binalar da inşa etmək olar. Mən dedim ki, biz burada kiçik Azərbaycan modeli, şəhərcik yaratsaq necə baxarlar? O mənə dedi ki, mənə elə gəlir ki, dövlət başında duran insanlar sizi dəstəkləyərlər. Üstündən 2 həftə keçdi biz bununla yenidən görüşdük. O mənə dedi ki, yuxarıda olan dövlət məmurları ilə görüşdüm, bu söhbəti qaldırdım. Onlar maraqlandılar ki, bu insan kimdirsə, çox gözəl fikirdədir. Çünki, azərbaycanlıların Azərbaycanda yaratdığı şəraiti onlar burada yaratsa şəhərimizə gözəllik gətirər. Gətirdilər layiihəni də qoydular ortalığa və dedilər ki, buna uyğun olaraq tikə bilərsiniz. Mən ona sual verdim ki, bu layihədə biz dəyişiklik edə bilərikmi? Dedi dəyişiklik nədən ibarətdir? Dedim ki, Azərbaycan üslubunda burada evlər tikmək istəyərdik. Mən istəyərdim ki, o evlərin arasında bizim Azərbaycan məktəbimiz olsun. Orada bir yer var istərdim ki, Heydər Əliyevin adına park salaq. Azərbaycan binaları, Azərbaycan məktəbi, Azərbaycan bağçası və yanında da Azərbaycanını ümummilli lideri Heydər Əliyevin parkı olarsa buna dövlət necə baxar? Dedilər ki, biz yalnız hə deyə bilərik. Dedim ki, bizim orqanlarda işləyən azərbaycanlılar çoxdur. Orada bir polis bölməsi də tikərdik və bizim polislər orada olardı. Mən təklif etdikcə onlar sevindilər. Bu təkliflərimizi çox ürəklə qarşıladılar. Mən də getdim Bakıya. Bir-iki dəfə mənə zəng vurdular ki, bəs layihə haqqında nə fikirləşirsiniz? Azərbaycanda bu fikri bəzi adamlara dedim, onlar da bəyəndilər. Əgər alınarsa, hesab ediirəm ki bütün Azərbaycan sevənlər üçün böyük bir sensasiya olar.

Söhbətləşdi

Kamal Almuradlı, Elnur Ağayev

Tatarıstan, Kazan
Baxılıb: 9321
Mövqe bölməsinin digər xəbərləri: