Siyasət
"İkili standartlara görə BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri yerinə yetirilmir"
A
09:57 13.05.2015
İkili standartlara əsaslanan yanaşma nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən qətnamələri hələ də icra edilməyib.

"AZƏRFAX" xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxışında deyib.

E.Məmmədyarov ölkənin müstəqilliyini əldə etdikdən sonra bir çox problemlərlə üzləşdiyi barəsində danışaraq, xüsusilə 23 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar da daxil olmaqla, 20 faizdən çox ərazisinin işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün durumuna düşməsini qeyd edib.

Nazir çıxışında Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsi və iki ölkə arasında münasibətlər barəsində danışıb. O, Azərbaycanın ISAF əməliyyatında sonadək əzmlə iştirak etdiyini, əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə yardımı şəklində töhfə verdiyini və bu töhfələrin 2015-ci ilin yanvar ayından başlayan Qətiyyətli Dəstək missiyası kontekstində də davam etdiyini vurğulayıb.

Bütün çətinliklərə, təcavüz və işğal faktına baxmayaraq, Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu barəsində danışan nazir E.Məmmədyarov son on il ərzində ölkədə yoxsulluq səviyyəsinin 49 faizdən 4%-ə qədər aşağı həddə düşdüyünü, ümumdaxili məhsulun 3.5 dəfə artdığını və regionun aparıcı dövlətinə çevrildiyini bildirib. O, bütün bunların düzgün siyasi-iqtisadi strategiya və resurslardan səmərəli istifadə nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov Əfqanıstan rəsmiləri ilə görüşlərdə bu məsələlər, o cümlədən Azərbaycanın inkişaf modeli və təcrübəsi ətrafında fikir mübadilələrinin aparıldığını qeyd edərək, ölkənin təlim, təhsil, iqtisadiyyat və fövqəladə hallarda yardım kimi məsələlər üzrə Əfqanıstana dəstək göstərdiyini nəzərə çatdırıb. Bu xüsusda o, ordu quruculuğu, ADA Universitetinin xətti ilə keçirilən kurslar, ANAMA-nın əfqan mütəxəssislər üçün təşkil etdiyi minalardan təmizləmə üzrə təlim proqramları, yerli əhali arasında mina təhlükəsizliyi üzrə məlumatlandırmanı artırmaq üçün dərsliklərin nəşr etdirilməsi barəsində məlumat verib. Bu kimi yardımların davamlı xarakter daşıdığını deyən E.Məmmədyarov əfqan mütəxəssislərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ödənişsiz təhsil almaları məsələsinin də nəzərdən keçirildiyini qeyd edib.

Nazir regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu vurğulayıb.

Görüş əsnasında E.Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geo-strateji əhəmiyyəti və regiondakı rolu barəsində çoxsaylı suallarını cavablandırıb.
Baxılıb: 2020