İdman
Bakı Su İdmanı Mərkəzində ilk beynəlxalq turnir keçirilir - Fotosessiya
A
Bakı Su İdmanı Mərkəzində ilk beynəlxalq turnir keçirilir - Fotosessiya
17:13 07.05.2015
Bu gün Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnirin rəsmi açılış mərasimi keçirilib. 

"AZERFAX"(AFA) xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, Millət vəkili Xanlar Fətiyev yarış iştirakçılarını və qonaqları salamlayıb.  Fətiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində federasiya müxtəlif yarışlar və beynəlxalq turnirlər təşkil edir. Su polosu üzrə bu turnir də Beynəlxalq Su Polosu Federasiyasının təqvim planına uyğun keçirilir.  Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti bu vacib turnirin I Avropa Oyunları üçün yeni inşa olunan, bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Mərkəzində təşkil olunmasının qürurverici olduğunu qeyd edib:
“Biz Azərbaycana belə gözəl və hər şəraitlə təmin olunmuş idman qurğularını bəxş etdiyi üçün dövlət başçısı möhtərəm İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Bu gün ölkəmizin rəhbərinin diqqət və qayğısı sayəsində idmanın bütün sahələri durmadan inkişaf edir. Yeni komplekslər və idman qurğuları tikilərək istifadəyə verir. Azərbaycanda böyük idman yarışları və beynəlxalq turnirlər keçirilir. Bu bizi sevindirir. Biz də öz növbəmizdə söz veririk ki, bütün var gücümüzlə ehtimadı doğrultmağa çalışacağıq” deyə millət vəkili Xanlar Fətiyev əlavə edib.

Sonra çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı. Nazir müavini vurğulayıb ki, Azərbaycan beynəlxalq turnir və mötəbər yarışlara ev sahibliyi edir. Artıq bütün dünyada ölkəmizi inkişaf etmiş bir dövlət kimi tanınmasında cənab prezident İlham Əliyevin müstəsna əməyi olduğunu vurğulayan İ. İsmayılov Azərbaycanın yaxın vaxtlarda çox vacib bir idman bayramını, I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəyini xüsusi vurğuladı. 

Millət vəkili Rauf Əliyev turnir iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin ölkəmizdə keçirilməsinin Azərbaycanın inkişafının göstəricisi olduğunu qeyd etdi. Deputat idmançılara uğurlar arzuladı.
Açılış mərasiminin sonunda Beynəlxalq Su Polosu Federasiyasının Prezidenti Paollo Barellinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnirin iştirakçılarına vətəşkilatçılarına unvanlanan təbrik məktubu oxundu. 

Məlumat üçün bildirək ki, Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnir may ayının 6-da start götürüb və 9-na kimi davam edəcək. 

Dünən başlanan qarşılaşmalar aşağıdakı kimi nəticələniblər:

Azərbaycan – Gürcüstan (10 – 6 )
Macarıstan – Rusiya  (12 – 10 )
Yunanıstan – Türkiyə (16 - 10)
İtaliya – Qazaxıstan (33 - 3)
Bu gün keçirilən oyunların nəticələri:
Macarıstan – Türkiyə (24 - 9)
Yunanıstan – Rusiya (12 - 14)
Azərbaycan – Qazaxıstan (7-7)

Baxılıb: 5418