İdman
Üzgüçülərimiz Xaçmazda keçirilən beynəlxalq turnirdə birinci olublar
A
Üzgüçülərimiz Xaçmazda keçirilən beynəlxalq turnirdə birinci olublar
08:46 07.05.2015
Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkədən 80-dən çox idmançının qatıldığı su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnir mayın 6-da yekunlaşıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən turnirdə Azərbaycan üzgüçüləri uğurlu çıxışları ilə yadda qalıblar. Üzgüçülüyün müxtəlif növlərində 27 qızıl, 15 gümüş və 6 bürünc medal qazanan idmançılarımız Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstan üzgüçülərini geridə qoyaraq, komanda hesabında birinci olublar.

Qalib gələn idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə təşkil etdiyi yarışda 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışıblar. Azərbaycan komandası yarışlara 38 idmançı ilə qatılıb. Onların 12-si ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək. Turnirdə Gürcüstanın 20, Qazaxıstanın 10, Qırğızıstanın 10, Rusiyanın isə 4 üzgüçüsü medallar uğrunda mübarizə aparıb.

Bu yarış həm də birinci Avropa Oyunlarına qatılacaq Azərbaycan üzgüçüləri üçün növbəti sınaq xarakteri daşıyırdı.

Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov AZƏRTAC-a bildirib ki, idmançılarımız birinci Avropa Oyunlarına hazırlığı Şirvan Olimpiya İdman Kompleksində davam etdirəcəklər. Mayın 16-dan isə komandamızın yeni istifadəyə verilmiş Bakı Su İdmanı Mərkəzində təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub.
Baxılıb: 3522