Mövqe
Zemfira Meftəhəddinova: “Bu, bizə qarşı qərəzli münasibətdir" – Özəl
A
Zemfira Meftəhəddinova: “Bu, bizə qarşı qərəzli münasibətdir
17:45 06.05.2015
“Azərbaycanda keçiriləcək I Avropa Oyunları böyük bir idman bayramı olacaq. Bu, Avropanın idman tarixində ilk hadisədir və deməli, bizim bu yarışlara maksimum hazırlıq səviyyəmiz olmalıdır”.

Bunu “AZERFAX”a(AFA) açıqlamasında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri, polis polkovnik-leytenantı, Olimpiya çempionu Zemfira Meftəhəddinova I Avropa Oyunları barədə danışarkən deyib.  
O qeyd edib ki, bu oyunlar Azərbaycanın nüfuzunu artıracaq və son illər ərzində əldə etdiyi üstünlüklərini bütün dünyaya nümayiş etdirəcək: “Bizə elə bir şans yaranıb ki, bununla Azərbaycanın idman ölkəsi olduğunu sübut etməklə bərabər, iqtisadi potensialımızı, adət-ənənələrimzi, zəngin mədəniyyətimizi bütün dünyaya göstərə bilərik. Biz hər kəsi inandıra bilərik ki, Azərbaycan bundan da böyük yarışları təşkil etmək iqtidarındadır. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın gözəlliyini görəcək, tariximizlə daha yaxından tanış olacaq, turizm sahəsindəki vəziyyətlə tanış olacaq, əyləncə komplekslərinə baş çəkəcək və nəticədə istirahət etmək qərarı verəndə Azərbaycanı nəzərdən qaçırmayacaqlar. Bu baxımdan, I Avropa Oyunları ölkəmiz üçün çox əhəmiyyətli tədbirdir”.

Z.Meftəhəddinova bəzi xarici dairələrin I Avropa Oyunlarına qarşı apardığı qarayaxma kampaniyasına da münasibət bildirib. Olimpiya çempionu hesab edir ki, bu kampaniyalar Azərbaycana qarşı qərəzli münasibətin göstəricisidir: “Hesab edirəm ki, biz bu kimi qərəzli münasibətlərə, heç bir əsası olmayan yazılara əhəmiyyət vermədən öz yolumuzu davam etdirməliyik. Hər halda balaca bir ölkənin qısa zaman ərzində ciddi nailiyyətlər əldə etməsi və özünün müstəqil siyasətini yürüdərək həm diplomatiya müstəvisində, həm də iqtisadi sferada böyük uğurlar əldə etməsi bəzi dairələri narahat edir. Lakin həmişə olduğu kimi bu sınaqdan da alnıaçıq çıxacağımıza şübhə etmirəm. Mən bir idmançı kimi prezidentimiz cənab İlham Əliyevə, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm ki, belə bir idman bayramının ən yüksək səviyyədə keçiriməsinə çalışır və bunula da hər birimizə böyük fərəh hissi yaşadırlar. İnanıram ki, Azərbaycanı təmsil edəcək idmançılarımız bu oyunlarda yüksək nəticələr göstərib xalqımızı sevindirəcəklər”.

Aytac Salahova
"Azerfax"

Baxılıb: 5712
Mövqe bölməsinin digər xəbərləri: