Şou
Nanə reytinqləri qırdı: Xoşqədəm uduzdu, ATV yenə birincidir(Foto)
A
Nanə reytinqləri qırdı: Xoşqədəm uduzdu, ATV yenə birincidir(Foto)
17:40 05.05.2015
Hər bir işin başlanğıcı olduğu kimi sonu da olur. Lakin təəssüf ki, bəzi adamlar bunu dərk eləmir və ya sadacə, həzm edə bilmirlər.

Bu tip insanların həzm edə bilmədiyi bir anlam var – o da HƏQİQƏTDİR, onlar üçün acı, amma qaçılmaz olan reallıq. Bu gün belə bir reallıq ortaya çıxıb bir insanı mənəvi nokaut vəziyyətinə saldı. Halbuki cəmi bir həftə bundan öncə bu şəxs hamıya yenə də meydan oxuduğunu və özünün az qala inqilabi vərəqələr kimi hər yerdə paylaşdığı reytinq cədvəlini bayraq tutaraq ağız dolusu “müqəddəs verilişi"nin digərləri üçün əlçatmaz olduğundan dəm vururdu.

İndi isə deyəsən dəmin “kayfı” artıq uçub getdi, “müqəddəs veriliş” isə ATV telekanalı üçün sadə bir layihə olan verilişin reytinqi önündə aciz vəziyyətə düşdü. Bəli, bütün ötən ay boyunca Xoşqədəm Hidayətqızının bostanına bir dənə belə daş atmayan, lakin öz bostanı onun tərəfindən dəfələrlə atəşə tutulan Nanə Ağamalıyevanın apardığı “Mənə bir az ondan danış”  verilişi ötən günün televiziya reytinqini öndə başa vurdu. Və “Axtarıram səni”yə elə bir "baş vurdu" ki, onun aparıcısı indi bilmir “müqəddəsliy”inimi qorusun, yoxsa yeni rəhbərliyin qabağında yeni üsullarla yeni bəraətlər axtarsın.

Axı bu reytinq ATV rəhbərliyinin necə də uğurlu telesiyasət apardığının bariz nümunəsi oldu! Bu reytinqin nəticələri bir daha sübut etdi ki, kanalın “axtarış lahiyəsi”ndən imtina etməsi tamamilə düzgün  tapıntı və atılmış addım idi. Və “Səni axtarıram”ın “Axtarıram səni"yə çevrilməsi də, onun keçmiş aparıcısının yeni iş yerində “kart-blanş” alması da, teleauditoriyanı aldada bilmədi və millət “düymə hüququ”ndan istifadə edib yenə də sevimli kanalı seçdi, “sevimli” aparıcını yox. Axı heç kəsə sirr deyildi ki, kanal Xoşqədəmi insanlara  sevdirirdi, aparıcı kanalı yox!

Və ən maraqlısı odur ki, bu məsələdə ATV kanalı faktiki olaraq öz-özü ilə mübarizə aparmalı oldu. Axı “Səni axtarıram” bu telekanalda yayımlananda digər telekanaların HEÇ BİRİ ona rəqib tapa bilmirdilər və tapmadıqları üçün ATV-nin bu layihəsi yayımlanan zaman digər kanalların heç birində hansısa bir veriliş getmirdi. Axı hamı bilirdi ki, həmin efir vaxtı yenə də knopka hüququndan istifadə edən tamaşaçı yenə ən baxımlı kanala baxacaq.

İndi isə kanal həmin vaxtda, yəni, “Səni axtarıram” verilişinin vaxtında digər bir verilişlə tamaşaçıların qarşısına çıxdı və  tamaşaçı yenə də aparıcını yox, kanalı axtardı. Bu onu göstərir ki, Xoşqədəmin tələsərək özünü “əlçatmaz” adlandırması onunla, ruslar demiş, “pis zarafat” etdi. Və ATV kanalı tam ciddi şəkildə nümayiş etdirdi ki, kanalda edilən hər bir keçmiş dəyişiklik hər hansısa  gələcək uğurun naminə atılmış bir addımdır. Bəli, Bakı “Küləklər şəhəridir”, lakin “küləkli” insanlar Bakıya qədəmlərini xoş gətirə bilməzlər. Külək kimi hər tərəfə əsməkdənsə qala kimi möhkəm olmaq bizlərə daha çox yaraşar! Və  yerlərində addımlayan aparıcılar tələsərək mövqelərini nə qədər çox dəyişirlərsə, ATV kanalı bir o qədər də   mövqelərini çox möhkəmləndirir. Tələsənlər isə adətən təndirə düşürlər. Lətifəsi səndən uzaq, ay Xoşqədəm...

Vüqar VÜQARLI
atv.az
Baxılıb: 7043