Gündəm
I Avropa Oyunları zamanı bu avtomabillər Bakıya buraxılmayacaq - Açıqlama
A
I Avropa Oyunları zamanı bu avtomabillər Bakıya buraxılmayacaq - Açıqlama
10:44 01.05.2015
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) I Avropa Oyunları ilə əlaqədar Bakı şəhərində yerləşən idarə, müəssisə və təşkilat rəhbərlərinə bəzi avtomobillərin paytaxta buraxılmayacağı ilə bağlı xəbərdarlıq edib.

BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş edir ki, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar cari il iyun ayının 1-dən 30-dək müddətdə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkililə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar.

"AZERFAX" xəbər verir ki, bununla bağlı Trend-in sorğusunu cavablandıran BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, istər gecə, istərsə də gündüz saatlarında yük avtomobillərinin şəhərə girişinə ümumiyyətlə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışa malik bəzi avtomobillərə axşam və gecə saatlarında paytaxtda hərəkət etməsinə icazə veriləcək: “Bunlar ilk növbədə kommunal təsərrüfat avtomobilləri, ərzaq, dərman ləvazimatları, yanacaq daşıyan, ümumiyyətlə həyati vacib məhsulları daşıyan avtomobillərdir. Bu daşımaları həyata keçirən təşkilatlar mayın 15-dək mütləq şəkildə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməlidirlər. Yük avtomobillərinə buraxılış vərəqələri şəhər meriyası ilə BDYPİ-nin birgə razılaşması əsasında veriləcək”.

K.Əliyev qeyd edib ki, müraciət edənlər də elə düşünməməlidirlər ki, onlara bütün avtomobillər üzrə icazə veriləcək: “Müraciətdən sonra həmin avtomobillər texniki baxışdan keçiriləcək və bundan sonra yalnız texniki cəhətdən tam saz, zahiri görünüşü tam normalara cavab verən, səliqəli olan avtomobillərə axşam və gecə saatlarında şəhərdə daşımaları həyata keçirmək üçün buraxılış vərəqələri veriləcək. Lakin yanacaq və digər təhlükəli yüklər daşıyan avtmobillər oyunların keçirildiyi yollara buraxılmayacaqlar. Ona görə də alternativ marşrutun seçilməsi üçün onlar indidən BŞİH-ə müraciət etməlidirlər. Digər yük avtomobillərinin isə ümumiyyətlə iyunun 1-dən 30-dək paytaxta girişinə icazə verilməyəcək. Xahiş edirik, tikinti materialları və digər yükdaşımaları ilə məşğul olan idarə, təşkilat və şəxslər indidən bunu iş planlarına daxil etsinlər. Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək, ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə hörmətlə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcək”.

Qeyd edək ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar daxili işlər orqanlarının texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbat müəyyən edilib, xüsusi komissiya yaradılıb, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrə dair tədbirlər planı təsdiqlənərək icraya yönəldilib. Oyunlar zamanı ictimai qaydanın, ictimai təhlükəsizliyin etibarlı təmini, yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib. Nazirliyin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, hüquq qaydasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq əmrlə Əməliyyat Qərargahı və əlavə köməkçi qərargahlar yaradılıb.
Baxılıb: 7156