Mövqe
“Belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb” - MÜSAHİBƏ
A
“Belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb” - MÜSAHİBƏ
12:47 28.04.2015
"AZERFAX" xəbər verir ki,  milli məsələlər üzrə ekspert, “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri, Niyaz Niftiyev Azərbaycanda milli məsələlər və multikulturalizm mövzusunda MODERN.AZ-a müsahibə verib.

- Multikulturalizm nədir və Azərbaycan cəmiyyətinə bu termini daha sadə necə izah edə bilərik?

- “Multikulturalizm” “çoxlu mədəniyyətlər” deməkdir. Termini siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilib. Amma Avstraliyadan da əvvəl Kanadada multikultural cəmiyyətin formalaşması prosessi 1960-cı illərə təsadüf edir.

Azərbaycanda isə multikulturalizmin tarixi çox qədimdir. Yəni Avropadan da çox-çox əvvəl. Termin olaraq multikulturalizm Azərbaycanın ictimai-siyasi fikir tarixinə yeni daxil olsa da, ona qədər biz bu anlayışa mədəni müxtəliflik kimi yanaşmışıq. Prezident İlham Əliyev də bu məsələ ilə bağlı multikulturalizm ənənələrinin Azərbaycanda əsrlər boyu həmişə mövcud olduğunu bəyan edib.

- Bəziləri iddia edir ki, multikulturalizm daha çox inkişaf etmiş demokratik ölkələr üçün xarakterikdir…

- Təhrif olunmuş və ümumiyyətlə qəbul edilməyən fikirdir. Təcrübə göstərir ki, əksinə, belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb. Almaniya, Fransa və Böyük Britaniya kimi demokratik ölkələrin liderləri dəfələrlə bəyan ediblər ki, onların ölkələrində multikulturalizm tənəzzülə uğrayıb və bu ideya milli identikliyin zəifləməsinə gətirib çıxarır. İspaniyada milli azlıqlar məsələsi qonşularına nisbətən daha da ağır formadadır. Əgər Fransa və ya İtaliyada milli azlıq özünün həm italyan, həm də kataloniyalı olduğunu qəbul edirsə, İspaniyada katalon yalnız ölüm hədə-qorxusu ilə ispanca danışa bilər. Bizi demokratik ölkə kimi həzm etmək istəməyənlər, buyursunlar, Azərbaycanda küçədə, ictimai nəqliyyatda, ali məktəblərdə talış, ləzgi, kürd, gürcü, ingiloy, avar başqa azlıqlar çox rahat və mən deyərdim ki, nümayişkaranə şəkildə öz dillərində danışırlar.

- Keçmiş postsovet ölkələrində bu sahədə vəziyyət necədir?

- İlk əvvəl ondan başlayaq ki, Ermənistan öz monoetnik strukturu və irqçi dövlət siyasəti ilə ciddi təhlükə mənbəyinə çevrilməkdə davam edir. Öz ərazisində yaşayan bütün millətləri demək olar ki, sıxışdırıb çıxaran Ermənistan, işğal etdiyi Azərbaycan torpaqlarında da geniş miqyaslı etnik təmizləmə siyasəti aparır. Eyni zamanda gürcülərlə bağlı tez-tez problemlər yaşayırlar. 

Gürcüstanın özündə də vəziyyət ürəkaçan deyil. Gürcüstan 1999-cu ildə Avropa Şurasına qəbul olunarkən öhdəliklərdən ən əsası Axısxa türklərinin Gürcüstana dönməsi idi. Öhdəliyə görə, Gürcüstan iki il ərzində Reabilitasiya və Repatriasiya barədə Qanun qəbul etməli, 10 il ərzində isə problem həllini tapmalı idi. Axısxa türklərinin geri qaytarılması ilə bağlı dəfələrlə komissiya yaradılsa və dövlət proqramları təsdiq olunsa da, bu məsələnin həlli istiqamətində də önəmli addımlar atılmadı.

Qazaxıstanın istər milli, istərsə də beynəlxalq səviyyədə mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması sahəsindəki fəaliyyəti təqdirəlayiqdir, amma yetərli deyil. 

Ukrayna son günlər ölkədə baş verən məlum hadisələrə qədər monomilli dövlət kimi tanınırdı. Karpatda kompakt şəkildə macar milli azlığı, Çernovits əyalətində isə rumın və moldav milli azlıqları yaşayır. 90-cı illərin əvvəllərində Ukraynada spesifik problemlərdən biri – ölkənin rusdilli əhalisi arasında separatçı əhval-ruhiyyənin yaranmasıdır. Krım - tatar icması arasında milli-ərazi muxtariyyəti ideyası da çox populyar idi. Bu gün Ukraynada vəziyyət daha acınacaqlıdır. Krım və ölkənin Şərqində yaşayan ruslar qiyam edərək mərkəzdən (Kiyevdən) ayrılmaq kimi tələblərlə çıxış edirlər. Belə olan halda etnomühitin sabitliyindən danışmaq mümkün deyil.

- Amma Ukraynanın bu gün yaşadıqlarını biz də zamanında yaşamışıq...

- Düzdür, Azər­bay­canda da müstəqilliyin ilk illərində mil­li mə­sə­lə­lər­lə bağ­lı du­rum na­ra­hat­çı­lıq do­ğu­rurdu. Res­pub­li­ka­da ya­şa­yan xalqlar­la bağ­lı ye­ni uy­du­ru­lan bəzi neqativ mə­sə­lələrə mil­li don ge­yin­dir­mək cəh­di ağır nə­ti­cə­lər verdi. Amma Ümummilli lider Heydər Əliyevin çevikliyi proseslərin qarşısını aldı. Heydər  Əliyev ölkə daxilində milli münaqişələrin olmaması üçün azərbaycançılıq ideologiyası ilə çıxış etdi. 

Prezident İlham Əliyev də azərbaycançılıq ideologiyasını gücləndirməklə yanaşı, millətlərarası, mədəniyyətlərarası münasibətlərin inkişafı üçün maraqlı tezislərlə çıxış etdi. Bunun da ən bariz nümunəsi “Bakı prosesi” və onun ardınca keçirilən Beynəlxalq Humanitar Forumlardır. Bu yanaşma isə artıq Azərbaycan prezidentinin dinindən, irqindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəsə bir mesajı idi və birgəyaşayışın həlledici sütunlarından birinə çevrildi. 

- Azərbaycanın multikulturalizm və tolerantlığın ünvanına çevrilməsində “Bakı prosesi”nin rolu nədən ibarət oldu?

- “Bakı prosesi”nin məqsədi Azərbaycanın həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlət kimi Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü rolunu oynamaq və fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət etmək olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirildi. Konfransda Prezident İlham Əliyevin çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı. Beləliklə, Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyuldu və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb oldu.  2009-cu ildə isə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı keçirildi. Yenə də dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası dialoqa dəstək siyasəti öz sözünü dedi. Azərbaycanın timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti, əslində, böyük dövlətlərə multikulturalizm dərsi keçir. “Bakı prosesi”nin davamı olaraq 2011-ci ilin aprelində Bakıda “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu”nun keçirilməsi təşəbbüsü irəli sürüldü və uğurla davam edir. 

- Bunun ardınca Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postu, sonra isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.

- Azər­bay­can­da əvvəllər, xüsusən də müstəqilliyin ilk illərində oxşar qurumlar yaradılmışdı. Hətta 1992-ci ildə Prezidentin milli məsələlər üzrə müşaviri yanında Məsləhət Şurası var idi, bunun ardınca AMEA-da Milli Münasibətlər İnstitutu yaradıldı. Müstəqilliyin ilk illərində ölkədə baş verən siyasi hadisələrdən dolayı, dövlət strukturları milli azlıqların problemləri ilə faktiki olaraq məşğul ola bilmədi. Lakin 1993-cü ildən sonra Azərbaycanın bütün ictimai və siyasi həyatında olduğu kimi, milli azlıqlara münasibətdə də vəziyyət tamamilə yaxşılığa doğru dəyişdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də qısa zamanda xeyli iş görüb. Təkcə xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə nail olmaq balaca iş deyil. Respublikamızda fəaliyyət göstərən ali məktəblərlə yanaşı, 10-a yaxın və həm də çox məşhur xarici universitetlərdə Azərbaycanın multikulturalizm modeli tədris olunacaq.

- Amma bir az əvvəl mətbuatda geniş bir yazı ilə çıxışınız zamanı Multikulturalizm Mərkəzinə qarşı tənqidi fikirləriniz də oldu.

- Bu təbiidir, heç kim tənqiddən sığortalanmayıb. On ilə yaxındır bu sahə ilə məşğul olduğum üçün sadəcə gördüyüm problemləri dilə gətirdim. Mərkəz də bu tənqidi çox tolerant qarşıladı və həmin yazını rəsmi facebook səhifələrində yerləşdirdilər. Bu gün baş verənləri təhlil etsək, görərik ki, istər millətlərarası münasibətlərin inkişafında, istər dini tolerantlıq sahəsində ciddi araşdırmalara, elmi yanaşma ortaya qoymağa ehtiyac yaranıb.  

- Mərkəzdə multikulturalizm mövzusunda yazan jurnalistlər və tədqiqatçı alimlərlə görüşdə sizin də bu sahədə maraqlı monoqrafiya hazırladığınızı bildirdilər. Monoqrafiyada nələrdən bəhs olunur və kitab halında nə zaman işıq üzü görəcək?   

- Təxminən on ilə yaxın üzərində çalışdığım “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı monoqrafiya artıq tamamlanıb. Araşdırmanın məqsədi milli azlıqların tədqiq edilməyən və yaxud da araşdırmaya az cəlb olunan tərəflərinin öyrənilməsi olub. Tədqiqatda ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısı öyrənilib. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gördüyü mühüm işlər diqqətə çatdırılıb. Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısının alınması, ölkədə birgəyaşayış naminə həyata keçirilən milli siyasət, beynəlxalq Konvensiyalar və onların milli qanunvericilikdə təsbiti, bey­nəl­xalq qu­rum­la­rın respublikada mil­li az­lıq­lar­la bağ­lı si­ya­sə­tə mü­na­si­bət­i, milli azlıqların hüquqlarının təmin edilməsində Ombudsmanın rolu, təhsil siyasəti, mədəni müxtəliflik, milli azlıqlar və media, dini etiqad azadlığının təmin edilməsi də araşdırmamızın başlıca istiqamətlərindən olub. Yəqin ki, may ayında kitabı oxucuların ixtiyarına verəcəyik. 

- Bəzi məsələlərdə Azərbaycana qarşı ikili siyasət yeridən bey­nəl­xalq qu­rum­la­rın mil­li məsələlərlə bağlı si­ya­sə­tə mü­na­si­bətlər­i necədir?

- Bir ara bəzi beynəlxalq təşkilatlar və dövlətlər milli azlıqlara mü­na­si­bət­də döv­lə­tin si­ya­sə­tin­də kor­rek­tə­lər edil­mə­si­nə cəhd gös­tər­di­lər. Əs­lin­də, on­la­rın bu cəh­di tə­ləb de­yil, sa­də­cə, is­tək sə­viy­yə­sin­dən o ya­na keç­mir­di və yer­siz səs­lə­nir­di. Nə­dən ki, Azər­bay­can döv­lə­ti müs­tə­qil­li­yin ilk il­lə­rin­dən baş­la­ya­raq bu tip xalqla­rın so­si­al-mə­də­ni in­ki­şa­fı üçün bey­nəl­xalq təc­rü­bə­də nə var­sa, ha­mı­sın­dan is­ti­fa­də edir. Hələ 2002-ci ilin oktyabr ayın­da Stras­burqda Av­ro­pa Şu­ra­sında Azər­bay­can­da  mil­li  az­lıq­lar­la bağ­lı döv­lət si­ya­sə­ti mə­sə­lə­si­nə həsr olun­muş ay­rı­ca mü­za­ki­rə­lər apa­rıl­mış­dı. Hə­min mü­za­ki­rə­lə­rin nə­ti­cə­sin­də Azər­bay­ca­nın mil­li si­ya­sə­ti­ni bə­yə­nən və müs­bət qiy­mət­lən­di­rən Av­ro­pa Şu­ra­sı növ­bə­ti il­dən bu səp­ki­də mü­za­ki­rə­lə­rin di­gər döv­lət­lə­rin də iş­ti­ra­kı ilə apa­rıl­ma­sı qə­ra­rı­na gəlmiş­di. Təsəvvür edin, keçirilən bu tədbir ərəfəsində bə­zi “hü­quq mü­da­fi­ə­çi­lə­ri”­nin Avropa Şurasına qey­ri-ob­yek­tiv mə­lu­mat­lar ötür­mə­si­nə bax­ma­ya­raq, qu­rum­da Azər­bay­ca­na qar­şı çox iş­gü­zar, nor­mal, düz­gün mü­na­si­bət olmuşdur.

Maraqlısı ondan ibarətdir ki, Av­ro­pa  Şu­ra­sının Na­zir­lər  Ko­mi­tə­si 2003-cü ilin yan­va­rın 21-də Er­mə­nis­tan­da et­nik az­lıq­la­rın hüquqlarının qo­run­ma­sı ilə bağ­lı bu öl­kə­nin rəh­bər­liyinə xü­su­si töv­si­yə­lər ve­rən sə­nəd qə­bul etmişdir. Mə­ru­zə­də Er­mə­nis­tan­da haq­la­rı qo­run­ma­lı olan xalqla­rdan yezidi kürdlərin və as­su­ri­ya­lı­ların adları çəkilir­di. Təəssüflər olsun ki, Er­mə­nis­tanda ya­şa­yan azər­bay­can­lı­la­rın öl­kə­dən qovul­ma­la­rı ba­rə­də faktlar sə­nəd­də yer al­mamışdı. Bu da sizə növbəti ikili standart. 
Baxılıb: 3401
Mövqe bölməsinin digər xəbərləri: