Mövqe
Jalə Əliyeva: "Azərbaycana qarşı qarayaxma kampaniyası fiaskoya uğrayacaq"
A
Jalə Əliyeva:
16:43 21.04.2015
“İlk Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar əmin olsunlar ki, onların bu cəhdləri də baş tutmayacaq, fiaskoya uğrayacaq. Necə ki, bu cür cəhdlər 2012-ci ildə də baş tutmadı”. 

"AzerFax" xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Azərbaycanın bugünkü inkişafından narahat olan qüvvələr hər dəfə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən bir fürsət kimi istifadə edərək öz məkirli planlarını həyata keçirməyə çalışırlar: “Eurovision-2012” mahnı müsabiqəsi zamanı da bu cür qüvvələr Azərbaycanı ləkələməyə çalışdılar, ancaq onların bütün cəhdlərinə baxmayaraq, həmin müsabiqə, musiqi yarışması baş tutdu və “Eurovision” mahnı yarışması tarixində özünəməxsus yer tutdu. Ona görə, hesab edirəm və tam əminəm ki, budəfəki kampaniya da baş tutmayacaq, özü də nəinki baş tutmayacaq, həm də bunu başladanlar özləri rüsvay olacaqlar. İlk Avropa Oyunları da baş tutacaq və Azərbaycan bu nəhəng yarışa uğurlu ev sahibliyi edəcək”.

Millət vəkili Azərbaycanda olan bəzi antimilli qüvvələrin də bu çirkli kampaniyada yer almasından təəssüfləndiyini bildirib: “Çox təəssüflər olsun ki, antiazərbaycan qüvvələrin əlində oyuncağa çevrilən bu insanlar nə yolla olursa-olsun öz çirkin əməllərindən əl çəkmək istəmir, hər fürsətdə Azərbaycanı gözdən salmaq üçün əllərindən gələni etməyə cəhd göstərirlər. Amma yenə təkrar edirəm, onların bu arzuları ürəklərində qalacaq”.

O, əlavə edib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimiz, xalqımız üçün böyük tarixi hadisədir: “Bu, Azərbaycanın beynəlxalq aləmdə, inteqrasiya etdiyimiz Avropada necə böyük önəm daşıdığının göstəricisidir. Vətənini, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlı da təbii ki, belə bir nəhəng idman yarışının məhz Azərbaycanda keçirilməsindən fərəh, qürur hissi duymalıdır”.
Baxılıb: 6638
Mövqe bölməsinin digər xəbərləri: