Hadisə
Türkiyə xüsusi xidmət orqanları ölkədə silsilə terror aktlarının qarşısını alıb
A
Türkiyə xüsusi xidmət orqanları ölkədə silsilə terror aktlarının qarşısını alıb
08:42 17.04.2015
Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları əvvəl saxladıqları DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatının iki üzvünün evində keçirilən baxış zamanı onların ölkə ərazisində silsilə terror aktlarının hazırlandığını təsdiqləyən dəlillər aşkarlayıb.
 
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  Türkiyə Təhlükəsizlik İdarəsinin məlumatına əsasən, terrorçuların evində keçirilən baxış zamanı və onlara məxsus kompüterlərdə üzvü olduqları təşkilatın parlament deputatlarına, Milli Kəşfiyyat Xidmətinin zabitlərinə, polis əməkdaşlarına, sahibkarlara və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlarını təsdiqləyən sənədli dəlillər aşkarlayıb.     
 
Məlumata görə, terrorçular, polis forması geyinərək, polis idarələrinə daxil olaraq partlayışlar törətmək niyyətində olublar. Bundan başqa, onlar Bosfor və Dardanel boğazlarından keçən ABŞ gəmilərinə və iri sahibkarlara məxsus gəmilərə qarşı diversiya hazırlamaq məqsədi ilə dayvinq (dalğıc) təlimi keçiblər. Terrorçular sui-qəsdlərin törədilməsində, həmçinin, zəhərli maddələrdən istifadə etməyi planlaşdırıb.  
 
Qeyd edək ki, martın sonunda DHKP-C-in iki üzvü İstanbulda məhkəmənin binasına vəkil qismində daxil olaraq prokuror Səlim Kirazı girov götürüb, sonra isə qətlə yetiriblər. Keçirilmiş əməliyyat zamanı hər iki terrorçu məhv edilib. Bundan bir gün sonra DHKP-C üzvü Elif Sultan Kalsen İstanbulda polis məntəqəsinə silahlı hücum edib. Terrorçu qadın atışma zamanı məhv edilib, iki polis əməkdaşı yaralanıb.  Bu hadisələrdən sonra polis ölkə miqyasında antiterror əməliyyat keçirib, nəticədə DHKP-C ilə əlaqədə şübhəli bilinən 60-dan çox şəxs saxlanılıb.  
 
DHKP-C, həmçinin 2013-cü ilin fevralında  ABŞ-ın Ankaradakı  səfirliyinə bir mühafizəçinin ölümü ilə nəticələnən silahlı basqının təşkilində, 2013-cü ilin iyulunda Suriya sərhədi yaxınlığındakı Reyhanlı şəhərində 53 nəfərin ölümü, 155 nəfərin isə yaralanması ilə nəticələnən iki partlayışın törədilməsində ittiham olunur.   
Baxılıb: 3977