Gündəm
Erməni Qaponun dedikləri, Emiraslan kişinin gəlişi və zurna-qavallı səhər...
A
Erməni Qaponun dedikləri, Emiraslan kişinin gəlişi və zurna-qavallı səhər...
13:01 31.03.2015
Soyqırım haqda babamın anasının dediklərindən:

"Gecənin bir yarısı darvaza bərk səslə döyülməyə başladı. Düşündük ki, yenə qaçaqlardır, evə basqın edəcəklər. Ancaq gözlədik, həyətə girən olmadı. Darvaza isə döyülməkdə davam edirdi. Qurbanəli aynalısı ilə pusquda durdu, mən darvazaya tərəf gedib, qapını açdım.

- Əmiraslan dayı?- çox təəccübləndim, Kəndə Yurdundan qonşumuz Əmiraslan dayı idi, son vaxtlar Alaqapıya köçmüşdülər. 
Əmiraslan kişi tənginəfəs halda dilləndi: 
- Mən sizi xəbərdar etməyə gəlmişəm. Mingəçevir kəndi artıq dörd bir tərəfdən mühasirədədir. Sabah açılar açılmaz, bu kənddə doğmamış uşaqdan qocasınadək heç kəs sağ qalmayacaq. Döşverən anaları belə öldürüb, Kürə tökəcəklər, ancaq onların körpələrini öldürməyəcəklər ki, qoy onlar da aclıqdan, acı çəkərək, ölsünlər. Çox dəhşətli şeylər olacaq, qadınları hamama, qocaları, xəstələri kənd məscidinə yığıb, yandıracaqlar. Heç kəsə aman verilməyəcək, heç kəsə...
Təəccüb içində donub, qalmışdım. O isə danışmağa davam edirdi:
- Mən bu söhbətləri qonşum Qapondan eşitmişəm. Onlar günlərdir, buna hazırlaşırlar. İstəyirəm sizə kömək edəm, məni başa düşün, bundan qaçış yoxdur. Onlar deyir ki, bu torpaqlar artıq ermənilərindi. Mən də gəldim ki, sizə deyəm ki, qızıldan, gümüşdən nəyiniz varsa özünüzlə götürün, xəlvəti qayıqla Kürü keçin, torpaqlarınızı, mal- qaranızı, ev- eşiyinizi unudun, canınızı düşünün... 
Onun təklifini rədd edib, qapıdan yola saldım.
- Bəlkə də artıq eviniz və əraziniz hər yandan nəzarətdədir, xəbəriniz olsun. Ermənilərin böyük düşmənlərindən olan Topçu Hüseynin qardaşı oğluna qarşı nələr olacağını təsəvvür belə etmək istəmirəm - deyib, çıxıb getdi Əmiraslan kişi.
Səhərə qədər Qurbanəli ilə evdə tətikdə dayandıq. O, aynalısı ilə ətrafı gözətləyirdi, məndə isə adi tüfəng idi. Balaca İsmayıl səhərə qədər ağladı o gün. Səhər böyük səs küylə açıldı, mat qalmışdıq bu səs- küyə. Bayırdan gələn zurna, qaval səsi, qoyun- quzu mələşməsi, at kişnəmələri hər tərəfə yayılmışdı. İnsanların səs küyü bir başqa idi. Tez yola çıxdıq. Gələn Osmanlı əsgərləri idi, gecə ikən ermənilərin məkrli planlarını pozmuşdular, kəndimiz xilas olmuşdu. Camaat uzaq yoldan gələn bu fədailər üçün mal- qarasının ən yaraşıqlısını, ən gözəlini onların ayaqları altında kəsirdi. Küçənin ortasında qazanlar asılmışdı, kəndin zəngin qadınları öz qızıl və gümüşlərini onlara hədiyyə edirdilər. Doğrudan da o gün başqa bir gün idi, insanlar öz xilaskarlarına necə təşəkkür edəcəklərini unutmuşdular sevincdən..." 

Qurbanəli Ömər
Baxılıb: 6548