Mövqe
"Bu oyunlar möhtəşəm idman bayramı kimi tarixə düşəcək"
A
23:53 19.03.2015
Fərid Şahbazlı: "Azərbaycanın hər ötən gün dünyada nüfuzunun yüksəlməsi və cərəyan edən proseslərə təsir gücünün artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir"

"Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək və bu oyunlar möhtəşəm idman bayramı kimi tarixə düşəcək. Avropa Oyunları öncəsi ölkəmizdə düşmən mövqedə olan xarici dairələrin və onların yerli havadarlarının Azərbaycana təzyiq cəhdləri, boykot çağırışları heç bir nəticə verməyəcək. Azərbaycana düşmən mövqedə olan xarici QHT-lərin təxribatçı əməllərinə dəstək verən ölkəmizdəki bəzi kiçik qruplar anlamalıdırlar ki, onların bu fəaliyyəti birbaşa dövlətimizə və xalqımıza qarşı yönəlib"

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı bəzi beynəlxalq təşkilatların bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində tutduqları qərəzli mövqeyə münasibət bildirərkən deyib. 

Fərid Şahbazlı bildirib ki, Azərbaycanın hər ötən gün dünyada nüfuzunun yüksəlməsi və cərəyan edən proseslərə təsir gücünün artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir: “Bu qüvvələr ölkəmizin müstəqil xarici siyasət yürütməsini həzm edə bilmir və belə subyektiv mülahizələrə əsaslanan qətnamələrlə Azərbaycana təzyiq etmək istəyirlər.  Ölkəmizdə qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Belə uydurma hesabatlarla Azərbaycana təzyiq etmək, onun müstəqil siyasət həyata keçirməkdən çəkindirmək cəhdləri yenilik deyil. Ancaq, bu qurumlar anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız Avropa olacaq. Çünki bütün dünya, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda sürətlə reallaşdırılan siyasi-iqtisadi islahatları görür və təqdir edirlər".
Baxılıb: 18467
Mövqe bölməsinin digər xəbərləri: