Gündəm
"Bu, təxribatdır, müəllimləri qıcıqlandırmaq cəhdidir" - Hadı Rəcəbli
A
09:59 13.03.2015
Hadı Rəcəbli: “Müəllimi mənim qədər istəyən varmı?”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin “Trend”ə müsahibəsi ciddi rezonans doğurub. Deputatın xüsusən də “əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?” sözləri cəmiyyətin tanınmış nümayəndələri, xüsusən də müəllimlərin etirazına səbəb olub. 

H.Rəcəbli “Yeni Müsavat”a müsahibəsində fikirlərinin yanlış anlaşıldığını və kontekstdən çıxarıldığını bildirdi. Müsahibimiz öncə Azərbaycan müəllimləri barədə fikirlərini açıqladı. 

- Mənim anam Firuzə Bəylərova əməkdar müəllimə olub. Səhər məktəbdə dərs deyərdi. Günorta dərzilik edərdi, uşaqlarına əlavə pul qazanardı. Özü də mən bütün müəllimlərə deməmişəm ki... Bir misal gətirmişəm cəmi. Qeyd etmişəm ki, bir müəllim var və o, qazandığı pulla ailəsini necə saxlayır. 

4 qardaşıq, dördümüzün də arvadı müəllimədir. Yoldaşım, iki bacım, qızlarımın ikisi, gəlinlərimin ikisi müəllimədir. Özüm də professoram, dərs deyirəm İdarəçilik Akademiyasında. Bu nə söhbətdir? Müəllim, müəllim... Müəllimi mənim qədər istəyən var? Gör Milli Məclisdə müəllim haqda məndən çox danışan varmı? 

Müəllimlərin maaşlarının artırılması üçün gör nə qədər söz demişəm? Bu, Allahsızlıqdır. Axı mənim müsahibəm qətiyyən müəllimlərə həsr olunmayıb. Sizin bəzi həmkarlarınız bilərəkdən mənim dediklərimi kontekstdən çıxarıblar və məni müəllimlərə qarşı qoyublar. O müsahibədə mən cəmi bir cümlə ilə demişəm ki, tanıdığım bir müəllim ustalıqla məşğul olub. Mən bu fikirlərlə demək istəmişəm ki, insanlar əməkdən utanmalı deyillər, çalışmağa daha da həvəsli olmalıdırlar. Burda pis nə var axı? İndi nə istəyirsiz yazın, amma reallıq mən deyənlərdən ibarətdir. 

- Bunun sizə qarşı bir təxribat olduğunu düşünürsüz? 

- Bəli, martın 15-də olacaq yalançı mitinqlə bağlı edilmiş bir təxribatdır. Müəllimləri qıcıqlandırmaqdır. Mən bunu çox pis qiymətləndirirəm. Hadı müəllimi müəllimlərə qarşı qoymaq olmaz. Hadı müəllim təpədən-dırnağa müəllimdir. Özü də mən 15 yaşından çörək qazanıram. 15 yaşından fəhlə işləmişəm. Mən göydən düşən məmur deyiləm. 

- Maraqlıdır ki, hər dəfə bu cür qalmaqallı açıqlamalarla bağlı sizin adınız hallanır. Bunun xüsusi bir səbəbi varmı?   

- Mən neynim? Çünki mən bu sahə ilə məşğul olan adamam. Dövlətçiliyin mövqeyində dayanan adamam. Mən neynim axı? Niyə belə edirlər mənə qarşı? Bəlkə pis adamam? Sən denən mənə... Milli Məclisdə ən çox adam qəbul edən deputat mənəm. 70 nəfər qəbul edirəm. Milli Məclisə gələn şikayətlərin 50 faizi mənə gəlir. Mən bu kontingentlə işləyən adamam. Ola bilər ki, burda qıcıq elementləri olsun. Adamların başqa qayğıları mənim üstümə yönəlsin. Bunlar da ola bilər, mən qınamıram, neynim? Bu da mənim missiyamdır. 

- Belə baxanda siz müəllimlərin daha yaxşı yaşaması üçün işdən sonra çalışmasını təklif etmisiz və... 

- Sən də elə yaz da. Axı pis bir şey deməmişəm. Bir nəfəri misal gətirmişəm. Bir nəfərin yaxşı işini demişəm ki, sağ olsun, onun işdən sonra əməklə məşğul olmasını pis
 qiymətləndirmirəm. Onu götürüb belə təqdim edirlər ki, guya Hadı müəllim deyir ki, işdən sonra get fəhlə işlə. Belə şeyi yazarlar? Belə deməmişəm axı... 

- Bunu ilk olaraq yayan media orqanına təkzib məktubu yollamaq və ya məhkəməyə müraciət etməyi düşünürsüzmü? 

- Hər şeyi dedim də. Nə təkzib? Oxuyanlar biləcəklər gerçəyi. Bu gün cəmiyyəti qıcıqlandırmaq üçün mənim adımdan istifadə ediblər. 

- “Yuxarı”lardan, Prezident Administrasiyasından bu açıqlamaya görə irad bildirmədilər? 

- Yox, mənim qızım, “yuxarılar” məni tanıyırlar. Özü də “yuxarı”lar oxuyurlar axı nə yazılıb. Amma camaat oxumur axı. Bir başlığı oxuyur və bitdi. Amma “yuxarı”lar bu məlumatın içini də oxuyur. Mənə deyiləsi heç nə yoxdur axı bu vəziyyətdə. Onlar məni tanıyırlar, illərdir mən bu dövlətə xidmət edirəm. Başımı salmışam aşağı, işimlə məşğulam. Milli Məclisə şikayət ərizəsinin 70 faizi bizə gəlir. Gələnlərin 65 faizini mən qəbul edirəm. 11 komitə var, elə deyilmi? Camaatla üzbəüzdə qalan mənəm. İndi bu şeylər də mənə yönəlir də, mən neynim? 
Baxılıb: 16854