Gündəm
Baytarlıq Xidmətinin rəsisi Bakıda itlərin yadırılması iddiasına reksiya verdi
A
Baytarlıq Xidmətinin rəsisi Bakıda itlərin yadırılması iddiasına reksiya verdi
18:33 12.03.2015
Martın 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində sosial şəbəkələrdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirmək məqsədilə brifinq keçirilib.
 
"AzerFax" APA-ya istinadən xəbər verir ki, xidmət rəisi Sialə Rüstəmova qeyd edib ki, sosial şəbəkələrdə yayılmış məlumatın heç bir əsası yoxdur: “Mən şəxsən bu görüntüləri ölkəmizə, Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə, I Avropa Oyunlarına qarşı təxribat cəhdi hesab edirəm. Belə görüntülərin heç bir əsası yoxdur. Bu, ancaq ictimaiyyət arasında narahatlıq yaratmağa xidmət edir”.
 
Xidmət rəisi bildirib ki, Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə “Heyvanların mühafizəsi haqqında” qanun qəbul olunub. Bundan əlavə, 2011-ci ildə Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib.
 
S.Rüstəmova 2014-cü ildə DBNX-nin 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıldığını bildirib. Qeyd edib ki, cari ildə bu işləri davam etdirməklə yanaşı, kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən Azərbaycanda ilk dəfə oral üsulla vəhşi təbiətdə immunizasiya aparılacaq. Bununla əlaqədar DBNX-də çevik dəstələr yaradılaraq xəritələr hazırlandığını vurğulayan xidmət rəisi əlavə edib ki, həmin xəritələrə uyğun olaraq Abşeron yarımadası, Balakən, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı rayonlarının meşə zonalarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində, şəhərətrafı ərazilərdə, küçələrdə sahibsiz və vəhşi təbiətdə olan heyvanlarda oral immunizasiya aparılacaq.
Baxılıb: 6217