Mövqe
Əyləncə verilişlərinin əyləci kimin əlindədir?
A
Əyləncə verilişlərinin əyləci kimin əlindədir?
09:45 11.03.2015
Milli Məclisdə yenə də bəzi yerli televiziya kanalları həddən artıq çal-çağır və şou-biznes verilişləri yaymaqda ittiham edilərək bu cür proqramların bağlanılması və ya minimuma endirilməsi tələbi ilə çıxış edildi.

Televiziya kanallarında ifrat bayağılığın baş alıb getməsi və əyləncə verilişlərinin dominantlıq etməsi təkcə deputatları deyil, ümumilikdə bütün cəmiyyəti narahat edir. Təbii ki, istənilən xarici ölkədə bu cür verilişlər var və belə formatlı proqramların auditoriyası həmişə geniş olub. Lakin bizim telekanallarda tamaşaçılara təqdim edilən əyləncə forması çox primitivliyi ilə seçilir.

Məsələ burasındadır ki, belə verilişlərin mövzusu və iştirakçıları eyni olduğuna görə, bu, ekran qarşısında oturanlarda ikrah hissi doğurur. Aparıcı mövzunu təqdim edir, çoxfunksiyalı müğənni isə geniş “biliyi”ni işə salaraq hamıya ağıl öyrədir, veriliş sırasında bir neçə mahnı oxuyur və bununla da proqram missiyasını başa çatdırmış olur.

Mövzular müğənnilər arasında qalmaqallar, onlar barəsində söylənilən şayiələr, kişi-qadın münasibətləri, sevgi, xəyanət, iştirakçılar isə əsasən bir gün ərzində, hətta bəzən eyni vaxtda (!) bir neçə telekanalda qarşımıza çıxan müğənnilərdir. Şübhəsiz ki, belə verilişlər əhalinin maarifləndirilməsinə xidmət etmir.

Yuxarıda sadaladıqlarımız ekranın bu üzündə olanların arqumentidir. Bəs ekranın içində olanların arqumentləri nədir? Onların ittihamlar qarşısında cavabları eynidir: tamaşaçılar yalnız bu cür verilişlərə baxdıqlarına görə onların reytinqi yüksək olur və belə proqramlara reklam verənlər üstünlük təşkil edirlər.

Məsələ, demək olar, dalana dirənib. Hər iki tərəf arqumentlərində haqlı görünür. Lakin tərəzinin bir gözündə telekanalların rifahı, digər gözündə isə cəmiyyətin maarifləndirilməsi var. Tərəzinin ikinci tərəfi ağır gəlir. Seçim ikinci variant üzərində edilməlidir.

Dövlətin telekanallara birbaşa təsir etmək imkanı olmadığına görə, bu məsələni telekanallar öz aralarında müzakirə edib həll etməlidirlər. Onlar razılığa gələrək əyləncə verilişlərinə limit qoymalıdırlar. Bu, sinxron şəkildə edilməlidir ki, bir tərəf qazanclı, digər tərəf isə zərərli çıxmasın.

Üstəlik, bu tip verilişlərin formatına əl gəzdirilməli və keyfiyyəti artırılmalıdır. Verilişlərin aparıcıları cəmiyyətdə az-çox tanınmış adamlar deyil, bu işin peşəkarları olmalıdırlar.

Bəs telekanallar əyləncə proqramlarını nə ilə əvəz edə bilərlər? Bundan sonra əyləncə verilişlərinin fanatlarını hansı proqramlarla cəlb etmək telekanallar üçün problem doğura bilər. Bunun ən effektiv yolu sosial problemlərin işıqlandırılmasıdır. Cəmiyyətdə bu tip proqramlara tələbat böyükdür. Təəssüf ki, bu işdə dövlət qurumları telekanallara yardımçı olmaqda az aktivlik nümayiş etdirirlər. Məsələyə təkcə mətbuat xidmətləri səviyyəsində deyil, ən yüksək səviyyədə münasibət bildirilməlidir.

Digər alternativ verilişlər sırasında vətənpərvərlik, tarix, sahibkarlıq, kənd təsərrüfatını da göstərmək olar. Məsələ düşünüldüyündən də ciddi görünür. Televiziya ekranları qarşısında yeni nəsil böyüyür. Bu, danılmaz faktdır. O nəslin necə böyüməsinə təsir imkanı olanı hər kəs bunu dövlətin inkişafı və parlaq gələcək naminə etməldir.

Trend
Baxılıb: 2151
Mövqe bölməsinin digər xəbərləri: