Mövqe
“Hafka”nı gözləyən təyyarə... - Borc, yoxsa beh?
A
“Hafka”nı gözləyən təyyarə... - Borc, yoxsa beh?
11:54 08.03.2015
Hafiz Məmmədovu illərdi tanıyırıq. Diqqət mərkəzində qalmağı xoşlayan və bunu bacaran biridi. Dünənə qədər sərvətinin, səxavətinin hesabına populyar idi, bu gün müflis olması ilə bağlı fərqli xəbərlərlə gündəmdədi.

Adama hərdən elə gəlir ki, "Hafka" ləqəbli iş adamının ölkənin yarısına borcu var. Yerindən duran pulunu istəyir. Xüsusən də, "Bakı" klubunda vaxt ilə çalışanlar, hazırda orda işinə davam edənlər dörd gözlə onu axtarırlar. Düzdü, ara-sıra üç-beş adamı yığıb, toplantı keçirir, vədlər verir. Amma sabahlar bitmir ki, bitmir. Sabahlar bitməz zatən. Borc sahibləri də artıq taleləriylə barışıblar. Müflis Məmmədovdan əməkhaqlarını alacaqlarına ümidləri azdı. Eh, gidi dünya... Dünənə kimi əlini sıxan hər kəsin cibinə pul basan adamın indi özünün tutan ələ ehtiyacı var. Biri qazını, digəri suyunu kəsir, biri maaşını istəyir, biri torpağında stadion tikdiyi üçün təzminat. Biri məhkəməyə verir, biri əmlakına həbs qoydurtdurur, biri...biri...biri... O qədərdilər ki...

Hafiz Məmmədovun son zamanlar verdiyi müsahibələri oxuyanda onun reallığı qəbul etmədiyi təsəvvürü yaranır. Adam müflis olması ilə barışa bilmir. Çətindi təbii. Bir şey deyim: "Land of Fire Azerbaijan" layihəsi "Hafka"nın özündən başqa hər kəsə düşərli oldu. "Atletiko" titullar qazandı, ölkəmiz dünyada gözəl bir şəkildə təbliğ olundu. Amma nə oldusa, elə bundan sonra oldu. Biləcəridən o yana getmək Məmmədovun durumunu 180 dərəcədə dəyişdi. Fransada "Lans"ın ev oyununda 40 min azarkeşin "Hafiz, Hafiz!" qışqırmasından xumarlananda, bu gün həmin fanatların onu heç də xoş olmayan sözlərlə anacaqlarını ağlına gətirməzdi. Nə etmək olar, sabah başına nə gələcəyini kimsə bilmir. Şair də gözəl deyib: "Başdan papaq alıb qaçan dünyadır".

Hafiz Məmmədovu bu durumda görmək həqiqətən ağırdı, az iş görməyib. Amma ataların yaxşı bir sözü var: "Su gələn arxa bir də gələr". Bir də gördün, hər şey yoluna düşdü, döndünüz əski zamanlara. Pul-para gəldi gedərdi. Onu qazanmaq da olar, itirmək də. Əsas odu ki, ad-sanını qoruya biləsən. Duruşunla, davranışınla, dediyin sözlərlə. Müflis olmaq dünyanın sonu deyil. Lakin təəssüf ki, pulu tükənən Hafiz bəy son zamanlar imicini, öz kimliyini xərcləməklə məşğuldu. Reallıqdan uzaq sözlər danışır, tuta bilməyəcəyi vədlər verir. "Hafka" AFFA-nın dünən keçirilən hesabat konfransından sonra verdiyi müsahibəsində də adına yaraşmayan ifadələr işlədib. Məsələn, "Palmali" Şirkətlər Qrupunun ona uzun müddəti böyük məbləğdə borcu olduğunu, həmin pulla "Bakı" və "Lans"ın problemlərini yoluna qoya biləcəyini söyləyib. "Onlar bizdən böyük məbləğdə pul götürüblər, indi də qaytarılmasını istəyirik" deyir Məmmədov. Əslində, beh olub, amma borc kimi qələmə verdiyiniz məsələni ictimailəşdirmək nə qədər düzgündü? İki iş adamı aralarındakı münasibəti, alış-verişi bu şəkildə gündəmə daşımamalıdı bizcə. Mübariz Mənsimovdan alacağını aləmə bəyan etmək bizim tanıdığımız Hafiz Məmmədova yaraşmır. 
Özünüz də tacir adamsız, Nafiz Məmmədov, behin nə demək olduğunu gözəl bilirsiz. Borc - ağız açılaraq alınan, beh - nəyisə almaq üçün öncədən ödənilən puldu. Yəni sizin işlətdiyiniz "pul götürüblər" kəlməsi mövcud məsələ üçün uyğun ifadə deyil. Behini verib, gerisini ödəyə bilmədiyiniz təyyarə sizi gözləyir... 

Komanda.az
Baxılıb: 1308
Mövqe bölməsinin digər xəbərləri: