Mövqe
Türkiyə gözləməliydi ki, "Suleyman Şah" hansısa mərmiyə hədəf olsun? - Aydın Quliyev
A
Türkiyə gözləməliydi ki,
11:30 25.02.2015
Bir neçə gün əvvəl qardaş Türkiyənin "Süleyman şah" türbəsini xilas etmək üçün Suriyada keçirdiyi xüsusi əməliyyat dünyanın ABŞ kimi böyük gücləri və Türkiyənin öz içindəki əsas qüvvələr tərəfindən anlayışla qarşılandığı halda, bəziləri onu pisləyir, hətta Bəşər Əsəd kimi "suverenliyimiz pozuldu" deyərək yersiz hay-küy salanlara qoşulurlar.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Türkiyənin keçirdiyi əməliyyatı bütün türk dünyasının, siyasi türkçülüyün, mədəni türkçülüyün, humanitar türkçülüyün maraqlarına tam uyğun sayır: "2011-ci ilin martından Əsədin "Suriya suverenliyindən" danışması sadəcə gülməlidir. Özünü qanuni prezident sayırsa, Suriyanın hər bir qarış torpağı üstündə şərtsiz hökmdar olmalı idi. Əslində Suriyada nə baş verir? Əsəd və yaxın klanı Dəməşqin bir hissəsinə nəzarət edir, ölkənin sərhəd rejimi tam pozulub, İsraillə Colan təpələrindəki sərhədlərdən başqa heç bir yer qorunmur, ölkənin bir hissəsi İŞİD-in əlindədir, 25 milyonluq xalqın 10 milyonu qaçqın düşüb, bunun elə 1,5 milyonu bu gün Əsədin nadancasına ittiham etdiyi Türkiyənin ocağına sığınıb. Əsəd Suriyanın nəinki suverenliyini və bütövlüyünü, hətta dövlətçilik şərəfini uduzub. O ya prezident kimi ölkənin bütövlüyünü, suverenliyini, şərəfini nəyin bahasına olsa da qorumalı idi, ya da bunları itirdiyi gün "prezidentlik səlahiyyətini yerinə yetirə bilmirəm" deyərək şərəfli formada istefa verməli idi. Daha nağıllar danışmamalı idi ki, bunu Qərb etdi, ya ABŞ etdi və sair. Şərəfi olan prezident əvvəldən işini elə qurmalı idi ki, ölkəsi düz min ildən sonra "Xaçlıların" yeni yürüş-tapdaq meydanı olmasın. Suriyaya hərbi müdaxilə edənlərə haqq qazandırmıram. İstənilən bir ölkədə daxili siyasi proseslərin yadelli ssenarilər əsasında getməsi ziyanlıdır. Bunu Əfqanıstan, İraq, Suriya, Ukrayna hadisələri tam təsdiqlədi.
Suriya tam xaosun altındadırsa, Türkiyə nə etməli idi? Gözləməli idi ki, orta əsr ümumtürk tarixinin böyük yadigarlarından biri hansısa mərmiyə hədəf olsun?! Türkiyə "Süleyman şah"ı xilas etmək üçün formaca hərbi, mahiyyətcə humanitar əməliyyat keçirib. Suriyaya torpaq işğal etməyə, dinc əhalini qırmağa, Əsədin əsgərlərini öldürməyə yox, BMT-nin dünya mənəvi-maddi irs siyahısına düşmüş bir qiymətli abidəni xilas etməyə getmişdi. Bu addım beynəlxalq humanitar hüququn bütün prinsiplərinə tam uyğundur. 
Qardaş ölkənin bəzi iç qüvvələrini də başa düşmək olmur ki, "kimin əmisi uşaqlarıdırlar". "Fırat əməliyyatı"na qarşı çıxanlar dolayı olaraq Əsədlə bir sırada dayanırlar.
Lozanna beynəlxalq müqaviləsi ilə "Süleyman şah" türbəsinin yerləşdiyi məkan Türkiyənin ərazisidir. Orada Türkiyənin nəinki köçürmə əməliyyatı aparmaq, hətta Türbəni köçürmədən indiki Suriyadakı xaos vəziyyətinə görə oraya əlavə qoruyucu ordu birləşmələri göndərmək hüququ da var idi. Türkiyə həmin əməliyyatla bütün türk dünyası üçün qiymətli sayılan abidəni xilas etdi və Hadisə tarixdə elə bu cür də qalacaq".

Baki-xeber.com
Baxılıb: 986
Mövqe bölməsinin digər xəbərləri: