Mövqe
Muğam müsabiqəsindəki münsif aqressiyası...
A
Muğam müsabiqəsindəki münsif aqressiyası...
14:06 24.02.2015
Artıq ikinci həftədir ki “Muğam televiziya müsabiqəsi-2015 “ə start verilib. Müsabiqənin canlı yayımlanması, təqdimatların  səhnədəcə qiymətləndirilməsi  hamının ürəyincədir. Ən azı, necə deyərlər, hər şey göz qabağındadır...

Göz qabağında olan mühüm cəhətlərdən biri də(birincisi də yazmaq olardı - J.C) tərkibi (iki nəfərdən başqa) xalq artistlərindən təşkil olnmuş Münsiflər Heyətidir. Düzü,  hər il  diqqətlə izlədiyim və tamaşaçı kimi iştirak etdiyim müsabiqədə münsiflər heyətinin çox zaman gənc istedadlara tutduqları yersiz iradlar və haqsızlıqlar mənim kimi çoxlarının diqqətindən yayınmır. Hamımız bilirik ki, bu müsabiqənin əsas məqsədi yetişməkdə olan nəslin muğama olan sevgisini  artırmaq, həmçinin yeni istedadları üzə çıxarmaqdır. 
Əvvəla, Münsiflər Heyətinin tərkibinin tamamilə dəyişməsi və digər ustad sənətkarların qiymətləndirmədə iştirakı vacib idi. Təəssüf ki, bu, baş vermədi və biz ötən müsabiqəni qiymətləndirənlərin şablon, əksər hallarda bir-birinə oxşar fikirlərini bu dəfə də dinləməli oluruq. Sözümüz bunda deyil. Daha vacib məqam var və bu da bilavasitə gənc ifaçıların qocaman ustadların aqressiv reaksiyası ilə üzləşməsilə bağlıdır.
Ömründə iki nəfərin qarşısında çıxış etməyən bu fidanlar səhnəyə çıxar-çıxmaz, beş-altı dəqiqəlik ifaları bitər-bitməz tənqid gülləboranına tuş gəlirlər. Yeddi münsifin hər biri azı 10-15 dəqiqə bu uşaqları "yıxıb sürüyür"...
Dünən  bu “öyüd–nəsihətin” pik nöqtəsinin hamımız şahıdi olduq. 16 yaşlı gənc qıza  xalq artistinin, "Bir də bura bax,  səhnədə HƏYASIZLIQ ETMƏ” deməsi, heç bir halda qəbul edilən deyil...  Səhnə mədəniyyətinin bütün atributlarını  hamıdan gözəl bilən ağsaqqalın, el sənətkarının belə tənbehi zalda da narazılıqla qarşılandı...  Çox təəssüf edirəm ki, belə arzulanmaz hallarla da qarşılaşırırq. 

Dünən bir daha əmin oldum ki, Münsiflər Heyətində təmsil olunanların çoxu bu uşaqlar yaşda olanda belə ifa edə bilməyib...

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri,
Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova
Baxılıb: 1426
Mövqe bölməsinin digər xəbərləri: