Siyasət
“Ermənistan heç nökər adına da layiq deyil” - Prezident İlham Əliyev
A
“Ermənistan heç nökər adına da layiq deyil” - Prezident İlham Əliyev
10:02 28.01.2015
“İqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq”.

Bu sözləri prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib. 

Dövlət başçısı iqtisadi gücün yaratdığı imkanlardan söz açarkən, 5 il əvvəl söylədiyi bir sözü xatırlayıb: “2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq”.

“İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik” – deyə prezident İlham Əliyev sözlərinə əlavə edib.
Baxılıb: 1104