Gündəm
"Azərbaycana qarşı açıq həqarət cəhdi duyuruq" - Əflatun Amaşov
A
23:14 22.01.2015
Ötən ilin iyununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı toplantı yerinə buraxılmış (buraxdırılmış) şəxslər ağızlarını bağlamışdılar. Heç də demək istəmirəm ki, dünən dövlət başçısının Almaniya kansleri Angela Merkellə görüşündən sonrakı mətbuat konfransında səs-küy qaldıranlar mahiyyətcə 6 ay öncə ağızlarını bağlayanlarla eynidirlər.

Zənnimcə, bunu xüsusi vurğulamağa zərurət yoxdur. Nə də bu sayaq aksiyaların Avropa ictimai rəyində hansısa reaksiya doğura biləcəyinə qətiyyən inanmıram. Onsuz da Azərbaycan dünyaya müstəqil dövlət kimi varlığını isbatlayıb. Bu varlığın davamiyyət sığortası fundamental əsaslara malik siyasi kursdur.
Mütərəqqi ictimaiyyət, elə müəyyən anti-azərbaycançı məqsədlərə köklənmiş dairələrin özləri belə ölkəmizdə qərarlaşmış sistemin dövlət strukturu kimi effektivliyini və çevikliyini görürlər. Onlar istər yaxın, istərsə də uzaq perspektivi mövcud reallığa dayanaraq düşünürlər.
Əslində nə düşündükləri, nəyə nail olduqları və ya olmaq istədikləri məni bir vətəndaş olaraq qətiyyən maraqlandırmır. Əvvəlcədən planlaşdırıldığı şübhə doğurmayan ssenarilərin mahiyyətindən ətraflı danışmağa da lüzum görmürəm. Hesab edirəm ki, həmin xoşagəlməz mahiyyəti heçə endirən tədbirlər görülüb, görülür və görüləcəkdir.
Məni daha çox narahat edən görüntüdür. O görüntüdə birinci şəxsinin timsalında Azərbaycana qarşı açıq həqarət cəhdi duyuruq. Kimsə sosial şəbəkələrdə, özlərinə məxsus informasiya kanallarında bu həqarəti tirajlamaqla öyünürsə, yanılır. Ölkədə baş verənlərlə razılaşmayanların, etirazlarını bildirənlərin mövcudluğu təbiidir. Ancaq istər 6 ay öncə, istərsə də indi məsələnin hansısa formada siyasi mübarizə kontektsinə daşınılaraq dəyərləndirilməsini qəbul etmirəm. Çünki Azərbaycan adlı dövlətimiz, Vətənimiz var. Bu ölkəni, bu dövləti təmsil edən ali şəxs - PREZİDENT var! Bu, son dərəcə böyük dəyərdir. Dəyərlərimizi qoruyaq!

Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri
https://www.facebook.com/aflatun.amashov?fref=ts
Baxılıb: 1028