Diqqət mərkəzi
"Təxribatçı qruplar ölkədəki sabitliyi poza bilməyəcəklər" - Ramin Əhmədov
A
14:36 29.10.2019
“Azərbaycandakı sabitliyə və sosial rifaha qənim kəsilən qüvvələr öz çirkin niyyətlərindən dönmək istəmirlər. Sosial bazası olmayan təxribatçıların qara planları ard-arda fiaskoya uğradığından indi daha da aqressivləşiblər. Xalqı ixtişaşlara, polisə itaətsizliyə çağırırlar. Əminliklə deyə bilərik ki, onların niyyət bu dəfə də iflasa uğrayacaq”.

AZƏRFAKS  xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov təxribatçı qrupların Azərbaycanda sabitliyi pozmaq və qarşıdurmalar yaratmağa yönəlik çağırışlarına münasibət bildirərkən deyib.

YAP rəsmisi Azərbaycan xalqının “qrant müxalifəti”nə inanmadığını deyib: “Özünü Milli Şura adlandıran təşkilat demək olar ki, hər həftə mitinq elan edir. Hər dəfə də yüzminlərlə insanın küçələrə çıxacağını bildirirlər. Amma mitinq günü məyus olurlar. Oktyabrın 19-da hamı gördü ki, xalqı mitinq və piket tərəfdarı deyil. Xalq çürümüş siyasi baxışları olan, yalan və pafoslu cümlələrdən istifadə edərək cəmiyyəti çaxnaşmalara, oda-alova sürükləmək istəyənlərin səsinə səs vermir. Əli Kərimli bütün günü Youtube kanallarından insanlara çağırış edir. Az qala yalvarır ki, küçələrə çıxın. Nəticədə, öz ətrafındakı 150-200 nəfərin ortalıqda süni gərginlik yaratmaq cəhdindən başqa heç nə görmür. Elə bu da Əli Kərimli və onun başının dəstəsinə xalqın münasibətinin real göstəricisidir”.

Azərbaycan xalqının radikal müxalifətin məkirli planlarına bundan sonra da dəstək verməyəcəyini deyən Ramin Əhmədov hesab edir ki, ölkəmizdəki sabitliyə xələl gətirmək istəyən, siyasi sabitliyi pozmağa çalışan təxribatçılar heç nəyə nail ola bilməyəcəklər: “Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Dövlət başçısının gücü də xalqın dəstəyindən, sarsılmaz etimadından qaynaqlanır. Təxribatçı qruplar öz niyyətlərini həyata keçirmək üçün hansı çirkin yollara əl atırlarsa atsınlar, xalq onlara dəstək verməyəcək. Hər həftə mitinq təyin edib şəhərin mərkəzində qarışıqlıq yaratmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Səhv edirlər! Xalqımız mitinq və piket tərəfdarı deyil. Vətəndaşlarımız öz problemlərini ölkə rəhbərliyinə, dövlət qurumlarına müraciət etməklə həll edirlər”.

YAP rəsmisi Azərbaycanda xaos mühiti formalaşdırmağa cəhd edən bütün xəyanətkar şəbəkələrin ifşa olunaraq cəzalandırılmasının vacibliyini vurğulayıb: “Heç bir xarici və daxili qüvvə Azərbaycan xalqının iradəsinə zidd davranış nümayiş etdirə bilməz. Əli Kərimli kimi dəstə başçıları anlamalıdırlar ki, radikal çağırışlarla xalqın nifrətini qazanırlar. Azərbaycanımızı hədəf alan bütün qruplar əmin olsunlar ki, dövlətimiz sabitliyə və inkişafımıza təhlükə yarada biləcək istənilən planın qarşısını almağa qadirdir. Qanunsuz hərəkətlərin, ixtişaşlar törətməyə meyilli davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Xarici dairələrdən sifariş alanlar bilsinlər ki, xalq onlara heç vaxt dəsətək verməyəcək”.
Baxılıb: 593
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: