Diqqət mərkəzi
Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
A
Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın
14:40 26.09.2019
“Fransız yazıçısı Jan-Pol Sartrın məşhur fikri var: “Başqaları cəhənnəmdir”.  Biz bir-birimiz üçün başqasına çevrilməyək” 

NəzərMedia.az portalı bu mövsümdən oxuculara təqdim etdiyi "Cəmiyyət və Gənclik" rubrikasının budəfəki qonağı tanınmış jurnalist, Jurnalist Ekspert Mətkəzinin (JEM) sədri Ceyhun Musaoğludur. Söhbət zamanı Ceyhun Musaoğlu JEM-in fəaliyyətindən bəhs edib, eləcə də Azərbaycan mətbuatının hazırkı vəziyyəti ilə bağlı sualları cavablandırıb. 

AZƏRFAKS müsahibəni təqdim edir:

- JEM necə yaşayır, necə yaşadır?

- Sualınızın sonuncu hissəsi qaldı :  JEM niyə yaşayır? İcazə versən, cavabımla yaratdığım sualın sonuncu hissəsindən başlayaq. 

- Əlbəttə, buyurun. Sizin müdaxilələriniz həmişə yerində olur...

- Jurnalist Ekspert Mərkəzi sağlam təməllər üzərində təşəkkül tapan, mətbuatımızın dayaqlarının əsməməsinə çalışan təşkilatlardan biridir. Mərkəz yaşamasa da heç nə dəyişməz. Mətbuat özünü tənzimləyən canlı orqanizmdir, ona kənar təsirlər problem yarada bilər, anacaq bu təsirlər təşəkkülünə hər hansı kömək olmaq gücündə deyil. Əlbəttə, söhbət hər şeyin fövqündə duran mətbuatdan gedir. Cəmiyyət belə mətbuata dəstək verməkdə maraqlı olmaldır. Bu mənada JEMsiz də dünyanın işi keçər. Sadəcə, varıq və bacardığımız qədər vicdanla fəaliyyət göstəririk. 

JEM  2011-ci ildən dövlət qeydiyyatına alınıb. Mərkəz haqqında hər yerdə məlumat var. İstənilən axtarış sistemində barəmizdə olan məlumatları tapa bilərsiniz.  Eyni zamanda, Mərkəzin "Facebook" sosial şəbəkəsində səhifəsi var, sədr olaraq, sosial şəbəkələrdəki şəxsi profil hesablarımda da fəaliyyətimizin təqdimatına səy göstəririk. Təşkilatın üzvləri əsasən tanınmış jurnalistlərdir. Adından da göründüyü kimi, ekspert səviyyəsində yaza bilən jurnalistlərlə işləyirik, yaxud gənc jurnalistləri ekspert səviyyəsində hazırlıqlı olmağa sövq edirik. Bu günə qədər bir çox layihələrimiz olub. Bzim əsas donorumuz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Onlara həmişə minnətdarıq, bizim layihələrə obyektiv yanaşırlar və icrası üçün olduqca səlis sistem yaradıblar. 
- Bu günə qədər hansı layihələri həyata keçirmisiniz?

- Adətən bu suala ümumi cavab verirlər, mənsə məxsusi olaraq sizin üçün layihələrin adlarını sadalayacam. 2012-ci ildə "Beyin mərkəzlərinin bir araya gətirilməsi", 2013-cü ildə "İmtiyazlı təbəqənin problemlərinin mətbuata çıxarılmadan həllinə dəstək", 2014-cü ildə "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" (ingilis dilində kitab hazırlamaq), 2015-ci ildə "DİQQƏT! Düşmən mətbuatıdır", 2016-cı ildə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi", 2017-ci ildə Aprel qəhrəmanlarının şücaətini əks etdirən rəsm əsərlərinin  yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənmsı” layihələrinin icraçısı olmuşuq. 2018-də Mərkəzi dincə qoymuşuq... Təbii, zarafat edirəm. 2018-də layihə həyata keçirməmişik. Hazırda “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsini icra edirik. Layihə çərçivəsində on xalq haqqında yazılar hazırlanıb, “525-ci qəzet”də dərc olunub, hazırda həmin məqalələrin kitabça formasında nəşri üzərində iş gedir və həmin nəşr redaksiyalara hədiyyə ediləcək.
 
-  Metəmadi olaraq Mərkəzin açıqlamalarına, bəyanatlarına da rast gəlirik...

- Bəli, JEM Azərbaycanda baş verən ictimai siyasi proseslərə də biganə qalmır və olaylara mütəmadi münasibət bildiririk. Xüsusilə də jurnalistika ilə bağlı olan hadisələrə. Beynəlxalq təşkilatlar tərəfindən haqqımızda böhtan xarakterli bəyanatlar veriləndə çalışırıq ki, o məsələyə aydınlıq gətirək və həqiqətə nə qədər uyğun olduğunu müəyyənləşdirək. Əksər hallarda beynəlxalq təşkilatların Azərbaycan qarşı, xüsusilə də mətbuatın durumu ilə bağlı vəziyyətə münasibətdə qərəzli olduğunu görürük. Həmin məlumatların birmənalı qarşılanmadığını onların nəzərinə çatdırırıq. Həmin hesabatları hazırlayan zaman onların müxtəlif mənbələrə istinad etmədiyini qeyd edirik. Onlar bir mənbəyə arxalanıb, bir mənbəyə istinad edərək, Azərbaycanda mətbuatın durumunun yaxşı olmadığı qənaətinə gəlirlər. Diqqətlərinə çatdırırıq ki, sizin məlumat aldığınız cəmi bir mənbədir. Digər alternetiv mənbələr var ki, onlar Azərbaycan mətbuatının daimi inkişafda olduğunu deyirlər. Azərbaycan mətbuatında çatışmazlıqlar və nöqsanlar var. Ancaq bu nöqsanlar hesabata salınacaq səviyyədə deyil. Mətbuatı xoşbəxt və rahat yaşayan ölkə yoxdur. Mətbuatın işi çox ağırdır. Jurnalist peşəsi məşəqqətli olur. Azərbaycanda hansısa jurnalist hansısa məmurun "iqnor"u ilə qarşılaşa, yaxud hansısa polisin yumruğuna tuş gələ bilər. Belə anormal münasibətə ən inkişaf etmiş ölkələrdə də rast gəlmək mümkündür. Bir sözlə, fəaliyyətimizi  jurnalistikaya xələl gətirən amillərin olmamasına doğru yönəldirik. 

- Azərbaycan mətbuatının ən böyük problemi reket jurnalistikasıdır. Bu problem barədə çox danışılıb. Ancaq mən fərqli prizmadan sual vermək istəyirəm. Reket jurnalistikasının "inkişaf"ında və ya onların şirniklənməsində məmurların da günahı varmı?

- Əslində sualınızın qoyluşunda cavab var. Mən deyərdim ki, bəli, reket nəşrlərin "inkişafınd”a məmurların da rolu var. Yeri gəlmişkən, qeyd edim ki, mən Azərbaycan Mətbuat Şurasının Reket Nəşirlərlə Mübarizə Komissiyasının üzvüyəm. Bu komissiya ictimai əsaslarla fəaliyyət göstərir. Mətbuat Şurasına daxil olan şikayətlərdən bir qismi bizim komissiyaya yönəldilir. Biz araşdırma aparırıq ki, niyə bu nəşri "qara siyahı"ya salmaq lazımdır. Bu gün "qara siyahı"da 90-dan çox nəşrin, saytın adı var. Araşdırma apararaq bir çox "maraqlı" nüanslarla qarşılaşırıq. Yazılarda şantaj, böhtan elementləri çoxdur, maliyyə əldə etmək məqsədi ilə jurnalistikanın bütün prinspləri pozulur. Belə hallar jurnalistikanı nüfuzdan sala bilir, adam hardasa jurnalist olduğunu deməyə utanır. Təəssüf ki, haqqında yazı dərc olunmuş şəxslər də pis düşüncəli yazı müəlliflərinə münbit şərait yaradırlar. Belə danışaq: hansısa bir jurnalist sənin haqqında yazıb, gətirib qoyur qarşına. Sən məmur diqqət eləməlisən ki, yazı çox bəsitdir, naşı yazılıb, qrammatik səhflər çoxdur, Azərbaycan dilinin elementar qaydaları pozulub, faktlar əsaslandırılmayıb, böhtanlar var... Bütün bunlara baxmayaraq, həmin məmur həmin “müəllifə” beş-on manat verib, başından etmək istəyir. Axı niyə? Nədən qorxursan? Hansı günahların, səhvlərin var ki, o adamı qapıdan qovmursan, yazdığını ciddiyə alırsan? Dilənçi pulunu alan həmin şəxs də, gedib özü kimilərə bu barədə danışır və eyni yazı başqa orqanlarda dərc olunur. Vəssalam, xəstəlik yayılmağa başlayır. Səbəb həmin məmurun qapısına gələn şantajçıya qucaq açmasıdır. Dövlətin əməkhaqqısı ilə dolanan məmur, kimsənin onun barəsində neqativ fikir səsləndirməsindən qorxmaz. Məmurun rüşvətdə gözü olmasa, funksiyasını vicdan və məsuliyyətlə yerinə yetirsə, insan, xalq, dövlət, Vətən sevgisini də fəaliyyətinə əlavə etsə, kim onun barəsində pis danışa, yaza bilər? 

- Siz "qara siyahı"dan bəhs etdiz ? Bəs sizin üzv olduğunuz komissiya fərdi şəxslərə qarşı mübarizə aparırmı? Yəni bir saytı qara siyahıya saldığınız zaman həmin şəxs gedib 40 manata yeni bir domen alacaq, 300 manatdan da aşağı olan bir sayt hazırladacaq...

- İnzibati mübarizə aparmaq bəzən demokratiyanın tələbləri ilə uyğun gəlmir. Artıq dünya XXI əsrin ortasına yaxınlaşır. Dünyada özünü tənzimləmə prosesi formalaşıb, vicdan hər şeydən öndə gedən bir meyara çevrilib. Artıq vicdan bayraqdar rolu oynayır. İnsanlar başa düşür ki, başqasının azadlığını pozmaq olmaz. Mənim azadlığım başqasının azadlığı başlayan yerdə bitir. Belə bir cəmiyyətin formalaşmasına çalışmaq lazımdır. İnsan həm də mənəviyyat qanunlarına əməl etməlidir. Çünki qanunlar insanlardan qabaq yazılmayıb, insanlardan sonra yazılıb. İnsanlar qanunları hadisələrə əsasən yazıblar. Əgər o hadislərdə mənəviyyat pozuntusu olmasaydı, bəlkə qanunlara ehtiyac yaranmazdı, hər kəs öz mənəviyyatı ilə yaşayardı. Elə ölkələr var ki, orda olan inzibati xaraketli qanunlar işləmir. Var o qanun, ancaq işləmir. Çünki o qanuna rast gələn hadisə baş verməyib. O qanunu pozacaq hər hansısa addım atılmayıb cəmiyyətdə. Hamı rahat yaşamaqla məşğuldur. Hamı bilir ki, dünyaya bir dəfə gəlib. Mən bir dəfə bir status yazmışdım. Onu oxuyanlar çox ağır hisslər keçirmişdilər. Düşünəndə ki, 45 yaşım var və xəstələnməsəm, qəfil ölməsəm, müharibəyə tuş gəlməsəm, qəzaya düşməsəm cəmi 30 ilim qalıb. Cəmi 30 ildən sonra yoxam və heç vaxt olmayacam.  45 yaşım var, ömrümün çoxu gedib. Bu gerçəkliyi dərindən düşünəndə adamı vahimə bürüyür. Cəmi 30 ili qalan insan niyə qanunu pozsun? Niyə mənəviyyata zidd olan addımlar atsın?  Niyə başqasını incitsin ? Axı o bir də dünyaya gəlməyəcək. Niyə başqası onu incistsin? Qoy rahat yaşasın. Yəni reket nəşrlə inzibati mübarizə aparmaqla yanaşı, həm də o saytı yaradanın özünün vicdanı olmalıdır. Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayan, mənəviyyatı ilə yaşamayan insan cəmiyyətdə əriyib yoxa çıxsın. Başa düşsün ki, belə bir addım atmaq olmaz, ictimai qınağa tuş gələr. İnsanların mənəviyyatının güclənməsinə və o güclü mənəviyyatlı insanların özgür cəmiyyət qurmasına ehtiyac var.  O cəmiyyət ki, orda rekertlər utandığından gün üzünə çıxa bilməsinlər, gedib hansısa bir sayt yarada bilməsinlər, o sayta heç kim daxil olmasın, yazdığını heç kim oxumasın. Televiziyalardan soruşanda ki, niyə bu qədər kriminal xəbərlər verirsiniz, niyə bu qədər səviyyəsiz seriallar çəkirsiniz, niyə bu qədər bəsit müğənilləri efirə çağırırsınız, cavabları konkret olur: reytinqə görə. Ola bilər tamaşaçılar o verlişləri çox sevir. Ancaq sənin işin tamaşaçının dalınca düşmək deyil,  tamaşaçını arxanca aparmaqdır. Sən KİV-sən. KİV Kütləvi İnformasiya Vasitəsidir. Jurnalistika kütləni idarə etmək bacarığına malik olmalıdır. Yoxsa sən oturub deyirsən ki, xalq məni idarə edir, bu, qorxaqlıq,  səriştəsizlik və hərislikdir. Televiya rəhbəri ağıllı adamdır ki, 10 milyonluq xalqın içərisindən çıxıb nəhəng layihənin müəllifi, idarəedəni olub. Ağıllı adamlar xalqa xidmət edər, daha onu zövqsüzlük və savadsızlıq uçurumuna aparmaz. 

Kütlə sözü küt sözündən alınıb. İnsanlar birləşəndə kütləşir, ayrılanda fərdləşirlər. Bizdə belə bir düşüncə var ki, birinci insan şəxs olur, sonra ən yüksək halda şəxsiyyətə çevrilir. Xeyr! Ən yüksək hal fərd olmaqdır. Şəxsiyyət ikinci mərhələdir. Şəxsiyyətdən fərdə çevirilirsən. Sənin öz düşüncə tərzin, öz yanaşman olur, orjinalsan, fərqli düşünürsən... Kütlədən qopan fərd kütləni arxasınca aparmağa borcludur. O kütlənin düşüncəsini qəbul etmədiyi üçün aralı düşüb, ancaq o fərdin özünə qapılmağa haqı yoxdur, ziyalı olub, yolumuza işıq salmalıdır. Avropada hər kəs özünə görə bir fərddir. Amma dövlət məsələsinə gələndə birləşirlər. Böyük Britaniya nümunəsini göstərə bilərik. Hamı birləşdi ki, Avropa İttifaqından çıxmaq istəyirik. Ayrı-ayrılıqda onların hər biri fərdir. Bütün Avropa İttifaqa daxil olmaq istəyir, onlar çıxırlar, çünki fərdlərin birləşməsindən xalq yaradıblar, artıq bu birlik kütləyə çevrilməyəcək, nüvəsini fərdlər təşkil edir, ona görə.  Demək istədiyim odur ki, kütləyə uymaq olmaz. Reket mətbuat kütləyə arxayın olub o yazıları yazır. Düşünür, kütlə küt olaraq oxuyub deyəcək ki, buna bax, filankəsi biabır etdilər. Bəli kütlə elə düşünəcək. Amma ağıllı adam, fərd, şəxsiyyət heç vaxt o yazıları oxuyub rişğənd etməyəcək. O deyəcək ki, kaş filankəsə kömək edəydik, düzəlsin, bir də lağ obyektinə çevrilməsin.

- Ceyhun müəllim, "Cəmiyyət və Gənclik" rubrikasının əsas auditoriyası gənclərdən ibarət olur. İstərdim gənclərə, xüsusilə də jurnalistika sahəsinə meyilli olan gənclərə öz məsləhətlərinizi verəsiz.

 - “Məsləhət” sözündən heç xoşum gəlmir, baxamayaraq ki, indi danışdıqlarım məsləhətə oxşayır. Məncə hər kəs özü dərketmə səviyyəsinə yüksəlməyi bacarmalıdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan gənclərin iştirakı ilə Gənc Jurnalistlər Klubu yaratmışıq. Xeyli təlimlərə qatıldıq. Son dövrlər gec-gec də olsa görüşürük. Onlarda bir tendensiyanı müşahidə etmişdim: əksəriyyətində “televiziyada işləyəcəyəm” fikri mövcuddur. Mən onlara başa salıram ki, siz yazı yazmağı öyrənmədən, reportaj hazırlamadan, müsahibə almadan televiziya üçün reportaj hazırlamq istəsəz, uğursuzluğa düçar olacaqsız. Bəli, televiziya çəkicidir, orada görünmək, tez tanınmaq olur. Ancaq sən xəbər yaza bilməsən, mənim xəbərimi monitordan oxuyan diktor olacaqsan. Artıq sən jurnalist olmursan, diktor olursan. 

- Belədə bir az da aktyor olmağa məcbursan, eləmi?

- Bu sualınız bir gerçəyi xatırlatdı. Bu gün efirdəki teleseriallarda oyanayan televiziya işçiləri arasında jurnalist yoxdur, amma diktor var. Görünür, diktorluq adama aktyorluq öyrədə bilirmiş. Bu dediklərim jurnalistlərin simasında bütün gənclərimizə ünvanlanıb. Birinci pilləni qoyub, ikinci, üçüncü, dördüncü, səkkizinci pulləyə tullanma. Birincisi, təhlükəlidir, yıxıla bilərsən, ikincisi, adladığın pillələrdə sənə lazım olan qiymətli nələrsə var, sən onları görməzsən, üçüncüsü, zamanı qabaqlamaq istəyindən tora düşərsən. Bu həyat nə tələsməyi, nə də gecikməyi sevir. Mütləq riyazi dəqiqliklə yaşamalısan. Riyazi dəqiqlik isə hər addımı ölçmək, hər addımı biçmək tələb edir. Jurnalistika isə xüsusi olaraq riyazi dəqiqlik tələb edir. Dildə bir nöqtə səhf olarsa aləm dəyər bir-birinə. Riyaziyyatda 2+2=5 yazarsan sənə gülərlər. Bu gün pafoslu danışmaq, hüy-küy salmaq, sənətdə yarımçıq olmaq dəb halını halıb. Qalstuk taxmamağı, kostyum geyinməməyi, saç uzatmağı, saqqal saxlamağı, bir sözlə geyimi - görüntünü azadalığa çatmaq kimi dərk edirlər. Belə deyil, azadlıq düşüncədə olur, həyat tərzində yox. Sən öz sənətində peşəkarsansa, elə azadsan. Görüntüyə işləyən nəsil formalaşır. Mahiyyət nəinki arxa plana keçib, hətta yoxa çıxıb. Bir qəribə tendensiyanı da qeyd edim, bu gün xarici dilləri öyrənməyə meyl güclənib. Əlbəttə yaxşıdır, üstünlükdür, ancaq təkcə dil bilgisi çox azdır və o tək olanda hətta lazımsızdır. Dil bilmək daha çox insanın özünə lazımdır. Biz özümzdən daha çox başqalarına xidmət etməliyik. Bizim ölkə yaralı ölkədir, gül kimi yurdlarımız işğaldadır və hər gün oralarda pis hadisələr baş verir. Azərbaycanlı yalnız və yalnız vətəninə xidmət etməlidir. Sənin dil bilgin Vətən həqiqətlərini dünyaya çıxarmaq üçün lazım ola bilər, ancaq dünya həqiqətləri çoxdan bilir. Əsas sənət bilgisinə malik olmaqdır. Əsas odur ki, müəssisədə sənə tapşırılan işi peşəkarcasına yerinə yetirəsən. Bir dəfə yanıma 4 dil bilən gənc gəlmişdi. Ona cəmiyyət barədə, tanınmış şəxslər barədə suallar verdim, heç nə bilmədi. Ən məşhur şairlərimizin heç birindən bir bənd deməyi bacarmadı. Sonra ona dedim ki, bu müəssisədə çalışan insanları funksiyalarına, şöbələrinə, gördüyü işlərin miqyasına görə təsnifatlandır və faizlərlə göstəricilər hazırlayıb rəngli cədvəl şəklinə sal. Lazım olan bütün sənədləri də verdim, qarşısına kompyuter da qoydum. Bir düyməni belə sıxa bilmədi, eləcə mat-məəttəl üzümə baxdı. O qədər gənc tanıyıram, ingilis dilində danışa bilir, amma kompyuterdə “word-dokument” aça bilmir, internetdən lazım olan materilları toplayıb mətn şəklinə salmağı bacarmır. Əsas yazmağı bacarmaqdır, düşündüyünü səlis ifadə edərək onu qələmə almağı bacaran insan hansısa sahədə peşəkar ola bilər. Yazmaq ən çətin peşədir. Bir nüansı da diqqətinizə çatdırım. İdarəetmədə ən böyük problem rəhbər şəxsin cəmiyyəti, ictimaiyyəti tanımamağıdır, mədəniyyətimizdən xəbərsiz olmasıdır, mütaliə etməməsidir, filmlərə baxmamasıdır, baxdığı filmlərdə belə, verilən mesajları anlamamasıdır. İdarəçi azərbaycanlının düşüncəsini əzbər bilməlidir. Azərbaycanlı alman deyil, alman fransız deyil, fransız ingilis deyil. Fransızla, ingilislə danışdığın kimi danışa bilməzsən. Almanla da amerkalı ilə danışdığın kimi danışmaq olmaz. Hər bir xalqın öz kökü, mədəniyyəti, mənəviyyatı, milli dəyəri var. Azərbaycanda sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşların etirazları ilə qarşılaşırıq. Bu etirazlar lokal xarakterlidir, daha çox şəxsi prizmadan qaynaqlanır. Məsələn, kiminsə evini sökürlər, kimisə qanunsuz işdən çıxarıblar, başqasıından rüşvət alıblar və sairə. Bu problemlər necə ictimailəşir? Cavab sadədir: həmin ərazilərdə icra başçıları, o cümlədən məsul şəxslər öz maraqlarını güdürlər, sakinləri tanımırlar, qayğılarına qalmırlar, kabinetdən çıxmırlar, çıxanda da görüşlər görüntü xarakteri daşıyır, seçilmiş adamları içəri buraxırlar. Belə olmalı deyil axı? İcra başçısı rayonunu nəinki kənd-kənd, ev-ev tanımalıdır. Hər bir kəndin meydanında açıq görüş keçirməli, problemləri bir-bir dinləməli, lazım gələrsə bir görüş 12 saat çəkməlidir. Bir saatlıq görüş keçirib, şəkil çəkdirib, KİV-də yaymaqla kifayətlənəndə sosial şəbəkələr etirazlarla dolacaq da. Şəhid ailələri ilə söhbətlərimiz olub. Deyirlər, övladımızın ad günündə, anım günündə, onun yadigarının hər hansı şad günündə icradan qapımızı döyən olmur. Niyə axı? Şəhidin qapısına icra başçısı olaraq, özüm gedərəm, aldığım məvacibdən 30 faiz  hər ay şəhid ailələrinin ziyarəti üçün ayıraram. Yerdə qalan məbləğ mənə xirtdəyəcən bəsdir, bir qəpik də başqa pulda gözüm olmaz. Məqsəd insanların qayğısına qalıb, onları dövlətçilik ətrafında sıx birləşdirmək, təmsil olunduğun hakimiyyətdən incik salmamaqdır. Buyursunlar, şərait yaratsınlar, ən kiçik rayonda, qəsəbədə söz sahibi olum, nümunəvi mühit yaradım. Bunu etmək çox asandır. Yetər ki, harın, görməmiş olmayasan, insanı, Vətəni, dövləti sevəsən, səni vəzifəyə qoyan hakimiyyətin fəaliyyətinə, rəhbərinin şəxsiyyətinə zərrə qədər də xələl gəlməsinə imkan verməyəsən. 

- Ceyhun müəllim, müsahibədə çox qeyri-adi ümumiləşdirmələr apardınız. Belə maraqlı müsahibənin saytımızın oxucu kontingentinin artmasına səbəb olacağına inanıram. Sizə arzularınıza çatmağı arzulayıram, həm də ona görə ki, həmin arzular elə bizə məxsusdur. 

- Çox minnətdaram, qardaşım. Bəli, mənim arzum başqasının istəyinin gerçəkləşməsini diləmək və onun uğurunda çalışmaqdır. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur.  Fransız yazıçısı Jan-Pol Sartrın məşhur fikri var: “Başqaları cəhənnəmdir”. Biz bir-birimiz üçün başqasına çevrilməyək. 

Baxılıb: 176
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: