Diqqət mərkəzi
“Övladının əlini-qolunu qıranlar, xalqın taleyini sındırarlar” – Ramin Əhmədov
A
“Övladının əlini-qolunu qıranlar, xalqın taleyini sındırarlar” – Ramin Əhmədov
13:35 24.09.2019
“Əli Kərimlinin təşkilatı ətrafında baş verən qalmaqallar cəmiyyətdə ikrah hissi doğurur. Əli Kərimli və ətrafı AXCP daxilində baş verən iyrənclikləri uzun müddət idi müxtəlif formalarla, maskalı davranışlarla ört-basdır etməyə çalışırdılar. Düzdür, Əli Kərimli və yaxın ətrafı barədə cəmiyyətdə həmişə birmənalı rəy olub: Sünidirlər, danışdıqları boğazdan yuxarıdır. Fuad Qəhrəmanlının qızı isə “müxalifət” adı ilə ortalıqda dolaşanların başqa “özəlliyini” də nümayiş etdirdi. Cəmiyyət gördü ki, bunlar öz övladlarını belə ağır işgəncələrə məruz qoyacaq qədər manyaklaşıblar və belələrinin siyasi meydanda yer almasının özü təhlükəlidir”.

AZƏRFAKS Missiya.Az-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov AXCP ətrafında baş verən məlum proseslərə münasibət bildirərkən deyib.

YAP rəsmisi bildirib ki, cəmiyyət Əli Kərimlinin və onun təşkilatının rəhbərliyində təmsil olunan şəxslərin riyakarlığına bir daha şahidlik edib: “Selcan Yağmurun açdığı mətləblər bu adamların iç üzünü də növbəti dəfə nümayiş etdirdi. Əslində Fuad Qəhrəmanlının ailəsinə qarşı törətdiyi vəhşilik AXCP zehniyyətinin məhsuludur. Cəmiyyət gördü ki, səhər-axşam insan haqlarından danışanlar, reallıqda öz doğma insanları ilə belə düşmən kimi davranır, mübahisəli halları zorakılıqla aradan qaldırmağa üstünlük verirlər. Deməli, belələrinin vəzifə, səlahiyyət əldə etməsinə imkan vermək olmaz. Öz övladının əlini-ayağını qıranlar, xalqın taleyini sındırar, gələcəyini məhv edərlər. Ailəsinə qarşı bu qədər acımasız olan siyasətçi cəmiyyətə heç bir fayda verə bilməz. Ailələrini cəngəllik qanunları ilə idarə edənlərin hakimiyyət iddiasına düşməyə belə haqqı yoxdur. Xalqı inqilaba səsləyənlər, hakimiyyətə gəlmək iddiasında olanlar ilk növbədə öz düşüncələrində inqilab eləməlidirlər”.

Ramin Əhmədov vurğulayıb ki, Əli Kərimlinin ətrafında baş verənlər onun olmayan nüfuzunu daha da bərbad vəziyyətə salır: “Azərbaycan cəmiyyəti AXCP ətrafında baş verən prosesləri diqqətlə izləyir və nəticə çıxarır. Fuad Qəhrəmanlının qızına qarşı törətdiyi vəhşilik, qızının fəryadından sonra baş verən qalmaqalın fonunda istefa xəbərinin gəlməsi AXCP-nin bir partiya kimi tarixin arxivlərinə qovuşacağının anonsudur. Həmçinin Fuad Qəhrəmanlının xəyanət dolu əməllərini təsdiq edən səs yazısı partiya daxilində hansı oyunların getdiyini üzə çıxarır. Bu təşkilat zatən xəyanət yuvası kimi tanınıb. Fuad Qəhrəmanlının son səs yazısı isə bu gerçəkliyin üzərinə bir daha işıq salmış oldu. Əslində burada qeyri-adi heçnə yoxdur. Əli Kərimli özü keçmiş prezident Əbülfəz Elçibəyə xəyanət yolu ilə AXCP sədri vəzifəsini ələ keçirib. Onun tərəfdarları da ondan artıq olası deyil. Əli Kərimli Elçibəyə etdiyi xəyanətin, arxadan vurduğu zərbənin cavabını alır”.

YAP funksiyaneri qeyd edib ki, Əli Kərimli xalqı küçələrə səsləyib, öz maraqlarını təmin etməyə, “var olduğunu” nümayiş etdirməyə çalışır: “Onun və əlaltılarının kin, nifrət və qərəz dolu çıxışları evlərindəki mənfi auradan qaynaqlanır. Zombiləşən, əks fikirə qapalı olan bir partiya xalqa hansı xoş günü bəxş edə bilər? Xalq reallıqları düzgün qiymətləndirməyi bacarır. Bu günə qədər olduğu kimi, bundan sonra da cəmiyyət Əli Kərimlinin çağırışlarına səs verməyəcək. Onun siyasətdə uğur qazanması mümkün deyil”.
 

Baxılıb: 70
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: