Diqqət mərkəzi
Yeni münaqişə təhlükəsi : Azərbaycan hiyləgər oyunu pozdu - ŞƏRH
A
Yeni münaqişə təhlükəsi : Azərbaycan hiyləgər oyunu pozdu - ŞƏRH
09:56 26.07.2019
Azərbaycan-Gürcüstan sərhəddində baş verən insidentin üzərində bir həftədən çox vaxt keçsə də, hadisə ətrafında gərgin polemika hələ də davam edir. Fərqli fikirlər, mövqelər irəli sürülür. Bir qrup  təkid edir ki, mütləq əsgərimiz təxribatçılara cavab verməli, atəş açmalı və əli silahsız gürcüləri güllələməli idi.  

Digər bir qrup isə daha təmkinlidir. Soyuq başla düşünənlər insidentin arxasında duranların, Gürcüstan-Azərbaycan münasibətlərinə zərər yetirməyə cəhd edən təxribatçıların tapılıb cəzalandırılmasını istəyirlər. 

Əlbəttə problemin dərinləşməsi Gürcüstan və Azərbaycan xalqlarının maraqlarını cavab vermir. Xalqlarımız əsirlər boyu  sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Ona görə də ən yaxşı variant bu təxribatı törədənlərin hüquqi baxımdan cəzalandırılmasıdır. Bu öhtəlik isə Gürcüstan hakimiyyətinin üzərinə düşür. Bir qrup başıpozuq aravurana görə iki xalqın dostluğuna, qardaşlığına xələl yetirilə bilməz! 

Niyə indi yada düşdü?

Hər iki ölkənin düşünən beyinləri gərginliyin dərinləşməsinin hansı fəsadlar törədəcəyini yaxşı bilirlər. Tərəflər anlayır ki, kiçik insidentləri silahlı münaqişəyə çevirmək istəyən qüvvələr var. Heç bir halda imkan vermək olmaz ki, həmin qüvvələrin Qafqaz regionu üçün hazırladıqları yeni plan işə düşsün.

Maraqlı güclər insidenti dərinləşdirməyə çalışsalar da, Rəsmi Bakı bu məsələyə sərhədlərin delimitasiya prosesində ortaya çıxan anlaşılmazlıq kimi baxır və məsələnin şişirdilməsinin, siyasi, dini və etnik məcraya yönəldilməsinin tərəfdarı deyil. 


Azərbaycan üçün siyasi və strateji baxımdan önəmli ərazi olan, beynəlxalq hüququn bizimki olduğunu tanıdığı “Keşikçidağ”, niyə məhz indi yada düşdü? Nə baş verdi? 

Diqqət edək: İki ölkə arasında fəaliyyət göstərən sərhədlərin delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının müzakirələr apardığı bir vaxtda, heç bir səbəb olmadan gərginlik yaşanır, əsgərlərə hücum edilir və süni ajiotaj yaradılır. 

Xalqları üz-üzə qoymaq cəhdi

Bu nüans bir daha təsdiq edir ki, Qafqazda süni münaqişə ocağı yaratmaq istəyən üçüncü qüvvə var. Oyun quranlar Gürcüstan və Azərbaycan xalqları arasında dini və etnik müstəvidə nifaq toxumu səpməyə çalışırlar. Tarix göstərir ki, dini və etnik münaqişələr, ölkələr arasında baş verən müharibələrdən daha amansızdır, uzun müddət davam edir və böyük itkilərə səbəb olur. Bu səbəbdən də Gürcüstan və Azərbaycan xalqlarını təxribata çəkmək istəyənlər millətlərin dini və etnik dəyərləri üzərindən siyasət yürütməyə, xalqları üz-üzə qoymağa çalışırlar. 

Aydın görünürdü ki, sərhəd məntəqəsində insidentin yaranmasına səbəb olan təxribatçı qrup Azərbaycan əsgərinin onlara atəş açmasını istəyirdi. Onları “Keşikçidağ”a göndərən üçüncü qüvvənin də məqsədi elə bu idi. Lakin sərhədçilərimiz təxribata getmədilər. Bu həm də, bizim sülh və sabitlik tərəfdarı olduğumuzu bir daha sübut etdi. 

Atəş açılsaydı...

Bəs Azərbaycan əsgəri tətiyə bassaydı, nələr baş verərdi? Əgər Azərbaycan əsgəri üzərinə hücum çəkən silahsız gürcüyə atəş açsaydı, bunun nəticələri hər iki tərəf üçün çox ağır olardı. Onlara atəş açılsaydı, hadisəyə xristian-müsəlman qarşıdurması donu geyindiriləcəkdi və xüsusi qrupların əlində alətə çevirilən bəzi din “təəssübkeşləri” “Azərbaycan əsgərləri xristian dindarları güllələdi” şuarı ilə dünyaya car çəkəcəkdilər. Nəticədə xristian dünyası bir qrup araqatanın şivənliyinə uyub Azərbaycana qarşı hücumlra keçəcəkdi. Özünü hücuma məruz qalmış kimi göstərən bir qrup təxribatçı “Azərbaycan əsgəri silahsız gürcüləri gülllə-baran etdi” şuarları ilə bütün Gürcüstanı ayağa qaldıracaq, nəticələr isə hər iki tərəf üçün acınacaqlı olacaqdı - İqtisadi əlaqələr kəsiləcək, azərbaycanlılar və gürcülər bir-birlərinə lokal hücumlar həyata keçirəcəkdilər.

Təbii ki, Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən hər bir təxribata adekivat cavab verəcəkdi. Açılan bir atəş, tam bir fəlakətə səbəb ola bilərdi. Nəticədə isə üçüncü qüvvənin məkirli planı baş tutacaqdı. 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözügedən insidentlə bağlı verdiyi açıqlama ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu və təxribatı siyasiləşdirməyə çalışan qüvvələrə açıq mesaj rolunu oynadı. 

Əli Həsənovun açıqlamasından stat: 

"Qeyd etməliyik ki, ümumiyyətlə, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir. Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də, hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı ciddi ölçü götürülməliydilər. Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib”.

Gərginli azaldan reaksiya

Əli Həsənov Azərbaycanın rəsmi mövqeyini açıq şəkildə bəyan edərək cəmiyyəti təxribata uymamağa çağırdı. Açıq deməliyiq ki, bu reaksiya gərginliyi əhəmiyyətli dərəcədə azaltdı və məsələnin mahiyyətinin haml tərəfindən dərk olunmasında müstəsna əhəmiyyət kəsb etdi. 

Rəsmi Bakı bu məsələdə təmkinli davranmaqla bərabər öz mövqeyindən bir addım belə geri çəkilməyəcəyini də açıq şəkildə bəyan edir. Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov insidentlə bağlı bu fikirləri qeyd etmişdi: “Keşikçidağ mağaralar kompleksini əhatə edən ərazi bütün mövcud hüquqi sənədlər və faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Ərazinin bizə aid olması hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib.  Buna görə də qeyd edilən sahə ilə bağlı hüquqi baxımdan hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun məsələ ilə bağlı açıqlaması da diqqətçəkən oldu. O, “Keşikçidağ” insidenti ilə bağlı verdiyi açıqlamada bildirdi ki, 18 yaşlı əsgər üstünə gələn təxribatçı dəstəyə atəş açsaydı, bun  ağır nəticələri ola bilərdi: “Bu, əlbəttə ki, təxribatdır. 18 yaşlı oğlan soyuqqanlılıq göstərib, atəş açmayıb camaata. Hiss olunur ki, təxribatın məqsədi də elə bu idi”.
Ardınca Gürcüstan rəsmiləri də insidenti “təxribat” adlandırdı. Gürcüstanın baş naziri Mamuka Baxtadzenin  “təəssüfdoğurucu insident” ifadəsini işlətməsi problemin dərinləşməsində rəsmi Tiflisin də maraqlı olmadığını göstərmiş oldu.

İqtisadi əlaqələr...

Ölkəmizin Gürcüstanla yaxın dostluq münasibətləri var. İki ölkə müştərək enerji və nəqliyyat layihələri həyata keçirir. 21-ci əsrin əvvəllərindən başlayaraq  Azərbaycan və Gürcüstan rəhbərliklərinin siyasi iradəsi nəticəsində Bakı-Tiblisi-Ceyhan, Bakı-Supsa, Bakı-Ərzurum, Bakı-Tiblisi-Qars və TANAP kimi transmilli beynəlxalq layihələr həyata keçirilib. Qısa müddət ərzində Bakı və Tiflis Avropanın enerji təhlükəsizliyində pay sahibinə çevirilib. Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi sahələrdə əməkdaşlıqla yanaşı hərbi-hümanitar məsələlərdə də birgə addımlar atılır. Azərbaycan, Türkiyə və Gürcüstan dəfələrlə birgə hərbi təlimlər keçirib. Həmçinin hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Rəsmi Bakı Gürcüstan iqtisadi çətinliklər yaşayan zamanlarda ona qardaş əlini uzadıb. 

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda əhalinin qazla təmin olunmasında böyük paya sahibdir. Həmçinin iki xalq arasında  dərin mədəni və etnik bağlar mövcuddur. Gürcüstanda yaşayan yüzminlərlə soydaşımız Bakı və Tiblisi arasında münasibətlərin daim isti olmasının tərəfdarıdır. 

Odur ki...

Rəsmi Bakı “Keşikçidağ” insidentinə situasiyanın tələb etdiyi qaydada yanaşmaqla böyük qüvvələrin oyununu pozmuş oldu. İstənilən ehtiyatsız davranış, regionda yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilərdi. 

Rregionda böyük giosiyasi savaş gedir və bu savaş fonunda “Keşikçidağ” kimi təxribatların olmayacağına heç kim təminat verə bilməz.  Artıq iki dost ölkə beynəlxalq oyunçuların hədəfindədir. Belə məqamlarda təmkinli olmaq və düşünülmüş qərarlar vermək lazımdır. Rəsmi Bakı da məhz bu xəttə üstünlük verdi. 

Missiya.Az


Baxılıb: 195
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: