Diqqət mərkəzi
“Xəyanət yolunu tutanlar buna görə cavab verəcəklər” – Ramin Əhmədov
A
“Xəyanət yolunu tutanlar buna görə cavab verəcəklər” – Ramin Əhmədov
14:04 01.07.2019
“Azərbaycan dövləti medianın inkişafına, xüsusilə internet mediasının güclənməsinə xüsusi diqqət yetirir. Hər bir Azərbaycan vətəndaşı internetə və sosial şəbəkələrə maneəsiz daxil ola bilir. Bu gün ölkə əhalisinin 80 faizi internet istifadəçisidir və bu, kifayət qədər yaxşı göstəricidir. Amma azad internet mühitindən sui-istifadə edənlər də az deyil. Onlar həm ölkə daxildə, həm də xaricdə fəaliyyət göstərirlər. Müşahidələr göstərir ki, dövlətimiz gücləndiksə, ona qarşı informasiya hücumları artır. İnternetin yaratdığı imkanlardan sui-istifadə edən xain qüvvələr gündə bir “youtube” kanalı ilə yalan və böhtan xarakterli məlumatlar tirajlayırlar. Göbələk kimi artan sosial şəbəkə “qəhrəmanları”, milli-mənəvi dəyərlərimizə və dövlət maraqlarına qarşı çirkin kampaniyalar aparırlar. “Mələk” qiyafəsinə bürünən bu ünsürlər dəfələrlə nümayiş etdiriblər ki, onlar ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən təşkilatlardan qrant qoparmaq üçün bütün çirkin yollara əl atmağa hazırdırlar”.

AZƏRFAKS xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov internet üzərindən Azərbaycan qarşı çirkin kampaniya aparanların əsl niyyət barədə danışarkən deyib. Onun sözlərinə görə, məqsəd Azərbaycanın imicini korlamaq və dünyada artan nüfuzunu ləkələməkdir: “Azərbaycana internet üzərindən hücumlar mütamadi hal alıb. Hər yerindən duran bir internet televiziyası yaradır və “xalq üçün” çalışdığını elan edir. Amma onların əsl niyyəti xarici qrant təşkilatlarından daha çox maliyyə almaqdır. Bunun qarşılığında isə Azərbaycana qarşı çirkin kampaniya aparmağa dair müqavilələrə qol çəkirlər. Üzərlərinə öhdəlik qoyulur ki, verilən pulun müqabilində Azərbaycana, onu maraqlarına və dövlət məmurlarına qarşı qarayaxma kampaniyaları aparsınlar".

Ramin Əhmədov hesab edir ki, sosial şəbəkələr vasitəsilə aparılan yalan və böhtan kampaniyalarının hədəfində ölkəmizdəki sabitlikdir: “Azərbaycan xalqına qarşı mənfi terror həyata keçirən həmin qüvvələr ölkədə siyasi və iqtisadi gərginliyin yaranmasında maraqlıdırlar. İstədikləri odur ki, ölkə qarışsın, xalq-iqtidar birliyi sarsılsın və onlar da Azərbaycanı öhdəlik götürdükləri ölkələrə yem etsinlər”. 

Ölkəmizi hədəf alan çirkin kampaniyalara qarşı mübarizədən danışan Ramin Əhmədov qeyd edib ki, onların cavabınıı xalq verir: “Azərbaycan xalqı uzaqgörən, müdrik xalqdır. Kimin kim olduğunu, kimin hansı qaranlıq qüvvələrə xidmət etdiyini bilir. Dəfələrə xalqla iqtidarı üz-üzə qoymağa çalışıblar. Amma Azərbaycan xalqı belə oyunlara getməyib, həmişə Prezidentinin, dövlətinin mövqeyini dəstəkləyib. Elə bu faktın özü həmin satqınlara ən böyük zərbə və cavabdır”. 

Ramin Əhmədov sonda qeyd edib ki, Azərbaycan dövlətinin yaratdığı azad internet mühitindən sui-istifadə edən və ölkəmizi gözdən salmağı hədəfləyən dairələr törətdikləri cinayət əməllərinə görə gec-tez cavab verəcəklər.

Baxılıb: 126
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: