Diqqət mərkəzi
Vətəndaş rəyinə verilən önəm - SƏLİS nümunəsi
A
Vətəndaş rəyinə verilən önəm - SƏLİS nümunəsi
22:12 25.06.2019
Ceyhun MUSAOĞLU

Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi – SƏLİS. Adından da göründüyü kimi, vətəndaş cəmiyyəti institunun inkişafına təkan və töhfə vermək məqsədi daşıyır. Azərbaycanda idarəetmə sistemi  yeni dünyanın xüsusən texnoloji tələblərinə çevik reaksiya – adekvat cavab vermək bacarığı ilə fərqlənir. “ASAN” xidmət bu sahədə mütərəqqi nümunədir. İnkişaf isə proses davamlı olanda yaşanır. Artıq əksər sahələrdə əhalinin rahatlığının təmin olunması, məmur-vətəndaş ünsiyyətinin səmimiyyət üzərində qurulması, büdcədən ayrılan maliyyənin xərclənməsinə hər bir azərbaycanlının nəzarət etməsinə imkanlar yaradılması ölkə başçısının rəhbərliyi ilə aparılan islahatların əsasını təşkil edir. Səlis Xidmət də məhz bu mexanizmin əsas elementlərindəndir, ilk tətbiqi də uğurlu nəticələrə imza atıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin 24 iyun tarixində keçirdiyi brinfinqdə səsləndirdiyi fikirlər SƏLİS-in səlisliyinə şübhə yeri qoymadı. Elektron vətəndaş proqramının ilkin tətbiqinin statistikası və mahiyyəti barədə diqqətə çatdırılan nüanslar, jurnalistlərin sualları, bu suallar ətafında açıq müzakirələrin aparılması, Şuranın təkliflərə daim açıq olması ilə bağlı rəhbərliyin söylədiyi fikirlər layihələri qiymətləndirən vətəndaşların rəylərinə yüksək önəm verildiyini göstərən faktlar biz - jurnalistlərdə məmnunluq yaratdı.

Sistemin ilk dəfə tətbiq olunmasına, vətəndaşların layihələri qiymətləndirilməsinə cəmi 21 gün vaxt ayrılmasına baxmayaraq, prosesdə 10930 vətəndaş iştirak edib. Onlar 256 layihəyə münasibət bildiriblər. 73 bölgəni əhatə edən vətəndaş 12491 rəy yazıb. Azay Quliyevin sözlərinə görə, ekspertlərlə yanaşı, vətəndaşların da qiymətləndirmədə iştirakının əsas məqsədi  layihələrin ictimaiyyətə açıq olmasını, aşkarlığın ən yüksək səviyyədə təşkilini və dövlət vəsaitinin xərclənməsi prosesində onların şəffaflığını təmin etmək olub: "Vətəndaşlar bizim layihələri hansı formada maliyyələşdirdiyimizi görür və bunda iştirak edirlər. Biz layihələri onlayn təqdim etməklə Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətini daha da stimullaşdırmış olduq".

Bəli, QHT-lərin layihələri dövlət büdcəsi hesabına maliyyələşir. Büdcə pullarının necə xərclənməsinə vətəndaşın nəzarət etmək haqqı var. SƏLİS bir qədər də irəliyə gedərək vətəndaşa həm də layihələrə qiymət verməyə şərait yaradıb. Vətəndaşın səviyyəsini yüksək qiymətləndirdiyi 67 layihə Şura tərəfindən qalib elan olunub. Əvvələr ekspertərin qiymətinə istinad edilirdisə, bu dəfə vətəndaşın da fikri əsas götürülüb - bu, olduqca mühüm əhəmiyyətə malikdir. 

Dövlətin əsasını vətəndaşlar təşkil edir. Vətəndaşla hesablaşmaq, həyatına təsir edən hadisələr barədə ona öncədən bilgilər vermək, bu hadisələrin gedişatını dəyişməyin mümkünlüyünə inandırmaq, nəhayət, 67 layihəni məhz vətəndaşın rəyinə əsasən maliyyələşdirmək təqdirəlayiq haldır -  alqışlanası hadisədir. 
İlk dəfə tətbiq olunan “Layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilıməsi”nin əsas üstünlüklərinə də brifinqdə aydınlıq gətirildi. Ümumiləşdirsək, belə məlum olur: şəffaflıq və aşkarlıq, layihələrin maliyyələşdirməsində vətəndaşların birbaşa iştirakı, rəylərin qərarların qəbulu zamanı geniş şəkildə nəzərə alınması, ictimai iştirakçılıq və nəzarətin təmini, layihələrin keyfiyyətinin və effektivliyinin artırılması, vətəndaşların ideyalarının sonrakı mərhələlərdə nəzərə alınması, QHT-lər arasında sağlam rəqabət mühitinin güclənməsi, büdcə vəsaitindən səmərəli istifadəyə əlavə töhfələr verməsi SƏLİS-in məqsədinin mənzərəsini dolgun göstərir. 

Şübhəsiz ki, SƏLİS bundan sonra da təkmilləşəcək. Vətəndaş məmnunluğuna tam nail olmağın yolu elə o vətəndaşın sözünü eşitmək, təklifinə adekvat reaksiya verməkdən keçir. SƏLİS QHT-lərin hesabatlılıq vəziyyətinin onlayn müşahidəsini də formalaşdırıb. Vətəndaş layihəyə qiymət verir və onun icrasına nəzarət edir. Xalq proseslərin ön cərgəsinə çıxanda cəmiyyətin inkişafı sürətlənir. Bu inkişafın səlisliyi isə dövlət orqanlarının vətəndaşla qarşılıqlı münasibətindən və əməkdaşlığından böyük ölçüdə asılıdır. İki nümunə var - ASAN və SƏLİS. Ardının olacağına əminik. Rahat yaşamaq, səlis həyat tərzinə sahib olmaq vətəndaşın haqqıdır. Bu haqqı hər addımda tanıyan və dəstəkəyən dövlət sarsılmazdır. 


Baxılıb: 129
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: