Diqqət mərkəzi
Milli Yaylaq Festivalına hazırlıq işləri yekunlaşmaq üzrədir - Layihə rəhbəri hamını Gədəbəyə dəvət etdi
A
Milli Yaylaq Festivalına hazırlıq işləri yekunlaşmaq üzrədir - Layihə rəhbəri hamını Gədəbəyə dəvət etdi
15:18 24.06.2019
Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək.

Festival 26-28 iyul tarixləri ərzində füsunkar təbiəti ilə seçilən Gədəbəy rayonunda təşkil olunacaq.

AZƏRFAKS xəbər verir ki, festivalın İdeya müəllifi və layihə rəhbəri Müzadil Həsənov Missiya.Az-a açıqlamasında bildirib ki, Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslubda "Yaylaq Yurdu" adlı etnoqəsəbənin yaradılacağı nəzərdə tutulub:  

“Yaradılacaq etnoqəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək. Hazırlıq işləri bir aya yaxındır ki, başlanılıb. İşlərin 70-80 faizi tamamlanıb. Hazırda Milli Yaylaq Festivalının keçiriləcəyi yerdə tikinti işləri davam etdirilir.  Ümumi hazırlıq iyulun əvvəlində tamamlanacaq. Qurğular yerdən biraz hündür olacaq. Taxtalar döşənəcək və onun üzərinə xalça atılacaq. Axşamlar yatmaq üçün yerlər olacaq. Hər bir detalın qədim adət-ənənələrə uyğunluğuna  xüsusi diqqət edirik. Cıdır meydanı, Yaylaq (kənd təsərrüfatı) bazarı, Sənətkarlıq guşəsi, "Dədə Qorqud" ocağı (tamaşaçılar üçün səhnə), Yaylaq yatağı ( kənd təsərrüfatı heyvanları üçün yerlər), Pəhləvan meydanı (yarış sahəsi), "Aşıq Ələsgər" ocağı, Yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılacaq. Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı yaradılacaq. "Yaylaq bir gün" adlı hissədə turistlər şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər. Artıq “Yaylaq bazarı”, sənətkarlıq guşələri, giriş hissəsi, “Yaylaq süfrəsi” hazırdır. Ən böyük yurd 100 kvadratmetr olacaq. “Xan” yurdu adlandırılır". 

Müzadil Həsənovun sözlərinə görə, hazırlıq prosesi zamanı heç bir problemlə qarşılaşmayıblar: “Festivalı Gədəbəy rayonu ərazisində keçirməyimizdən çox şadıq. Tədbirimiz Miskinli yaylağının ərazisində keçiriləcək. Gədəbəy rayon İcra Hakimiyyəti Festivalı keçirilməsində maraqlıdır. Bizə çox dəstək göstərirlər. Bizi ehtiyac yarandıqda texnika və tikinti materialları ilə təmin edirlər. İşiq və su ilə təmin olunmuşuq. İndiyə qədər heç bir problemlə qarşılaşmamışıq”.

Vətəndaşların Festivalda iştirakı ilə bağlı prosedurdan danışan Müzadil Həsənov bildirib ki, Milli Yaylaq Festivalında iştirak tam ödənişsiz və sərbəstdir: “Azərbaycanın istənilən regionundan vətəndaşlar heç bir qeydiyyatdan keçmədən Festivalda iştirak edə bilər. Festivalın keçirildiyi ərazidə iştirakçılar üçün xüsusi yerlər ayrılacaq. Həmin yerin adı “Öz yurdunu qur” olacaq. Məsələn, vətəndaş istəsə özü ilə çadır və ya digər ləvazimatlar gətirə bilər. Özü üçün şərait Festival müddətində qala bilər. Füsətdən istifadə edərək vətəndaşlarımızı festivala dəvət edirəm. Əminəm ki, Milli Yaylaq Festivalı hər kəsə unudulmaz anlar yaşadacaq”.

Baxılıb: 643
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: