Diqqət mərkəzi
"Yeni təyinatlar ölkəmizdəki sabitliyi daha da möhkəmləndirəcək" - Ramin Əhmədov
A
15:18 21.06.2019
Prezident İlham Əliyev idarəetmədə sistemli islahatlarla bağlı növbəti sərəncamlara imza atıb. Ölkə başçısının sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev vəzifəsindən azad olunaraq Müdafiə Sənayesi naziri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevi isə DTX-nın rəisi təyin edilib. 
Digər diqqətçəkən dəyişiklik isə Daxili İşlər Nazirliyini əhatə elədi. Dövlət başçısının sərəncamı ilə Ramil Usubov vəzifəsindən azad edilərək, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olundu. Ramil Usubovun yerinə isə Vilayət Eyvazov təyin aldı.

Genişmiqyaslı struktur islahatlarının anonsu hələ ilin əvvəlində verilmişdi. Həmin vaxt imzalanan sərəncamlarla bəzi dövlət qurumları ləğv olundu, bəzilərində isə ixtisarlar aparıldı. İlham Əliyevin büdcədən maliyyələşdirilən bəzi qurumlarda struktur islahatlarına dair növbəti fərmanları ölkəmizdə idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi, səmərəliliyinin artırılması, yersiz maliyyə xərclərinin qarşısının alınması və vətəndaşların əlçatanlığının təmin edilməsi məqsədini daşıyırdı.

Son sərəncamlarla bu islahatlar proqramı yeni mərhələyə qədəm qoydu.

Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov bildirib ki, ölkə başçısının son təyinatları ölkəmizin milli təhlükəsizliyi və daxili sabitliyi baxımından çox əhəmiyyətlidir: “Həm Milli Təhlükəsiz Xidmətinin yeni rəisi Əli Nağıyev, həm də Daxili İşlər Naziri Vilayət Eyvazov güvənilən və sadiq kadrlardır. Onlar uzun illər daxili işlər və xüsusi xidmət orqanlarında yüksək vəzifələrdə çalışıb və üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər. Vilayət Eyvazov və Əli Nağıyev öz sahələrinin peşəkarlarıdır, vətəninə, xalqına və prezidentinə sadiqliyi ilə seçilən şəxslərdir”.

Mədət Quliyevin nazir postuna gətirilməsindən danışan YAP rəsmisi, müdafiə sənayesinin də xarakter etibarı ilə dövlətin təhlükəsizlik sisteminə daxil olan bir sahə oduğunu qeyd edib: “Belə bir əhəmiyyətli posta Mədət Quliyevin təyinat alması təsadüfi deyil”.

R.Əhmədov Ramil Usubovun dövlət qarşısındakı xidmətlərindən də danışıb. O qeyd edib ki, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsində R.Usubovun böyük əməyi var. 

YAP rəsmisi bildirib ki, ölkə başçısı prezident seçkilərindən sonra Azərbaycanda bütün sahələrdə sistemli və genişmiqyaslı islahatların həyata keçiriləcəyini bəyan etmişdi: “Ölkə vətəndaşları prezidentin verdiyi strateji qərarların təsirini yaxın gələcəkdə hiss edəcək. İmzalanan son sərəncamlar həmin islahat proqramının tərkib hissəsidir. Hər bir dövlətin inkişafı, sabitliyi və tərəqqisində daxili təhlükəsizliyin mühüm rolu var. Əminliklə deyə bilərik ki, ölkə başçısının imzaladığı hər bir sərəncamın kökündə Azərbaycan vətəndaşının rifah halını yüksəltmək və təhlükəsizliyini təmin etmək marağı dayanır”.

Prezidentin verdiyi bütün qərarların sadə azərbaycanlının maraqlarına uyğun olduğunu deyən Ramin Əhmədov bildirib ki, bütün Azərbaycan vətəndaşları öz həyatında polisimizin və xüsusi xidmət orqanlarımızın rolunu hər gün hiss edir: “Bu gün hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında - əylənərkən, metroda olarkən, gecə saatlarında küçədə rahat hərəkət edərkən prezidentinə və ölkəsinin hüquq-mühafizə sisteminə güvənir. Vətəndaş əmindir ki, dövlət onu qoruyur, ölkə başçısının yeritdiyi daxili və xarici siyasət Azərbaycanı bütün mənfi təsirlərdən kənarda qoyur. Xüsusilə qeyd etmək lazımdır ki, yeni təyinatlar ölkəmizdəki sabitliyi daha da möhkəmləndirəcək, cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”.

Missiya.Az
Baxılıb: 349
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: