Diqqət mərkəzi
Musiqimizin soykökünü yaşadan FƏXRİmiz - Büdrəməsin, inciməsin...
A
Musiqimizin soykökünü yaşadan FƏXRİmiz - Büdrəməsin, inciməsin...
14:30 06.05.2019

Fəxri Kazım-Nicat. O özü bu adı yaddaşımıza yazıb. Vokal ifaçı olan gənci çoxdan tanıyıram. Azadinform.az saytına verdiyi müsahibəsini isə yeni oxudum. Dəyərli həmkarım Nigar İsfəndiyarın müsahibəyə yazdığı girişin son ifadələrini təkararlamaq istərdim: "Onu elə bu günlərdə - Filarmoniyada keçirilmiş möhtəşəm konsertindən sonra kəşf etdim".

Buyurun, jurnalistin ifadəsidir: "kəşf etdim". Nigar sıradan bir yazar deyil və onun kəşfi də mütləq diqqətə və riqqətə layiqdir.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Dövlət Sərhəd Xidməti nümunəvi orkestrinin solisti, vokal ifaçısı Fəxri Kazım-Nicatla tanışlığımızın tarixi uzun olmasa da, ruh dostluğumuz qədimdir.

İndiki zamanda, şou-biznesin tüğyan elədiyi dövrdə, klassik musiqlilərin sıxışdırldığı, əvəzinə bayağı mahnıların gündəmi zəbt etdiyi əyyamda Fəxri Kazım-Nicat Azərbaycan musiqisinin soykökünün təməli olan klassik musiqini yaşadır.

Bilirsiniz, necə çətndir? Klassikanın vurğunu olmaq istedad, ali savad, dünya görüşü, intellekt, səhnə mədəniyyəti, tamaşaçı ilə ünsiyyət qurmaq bacarığı tələb edir. Bizim gənc ifaçı bu keyfiyyətləri özündə necə cəmləşdiribsə,  mayın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının möhtəşəm səhnəsində verdiyi solo konsertdə hər kəs o tandemin sehrinə düşdü.

Dahi bəstəkarların yaratdığı əsərlər, unudulmaz şairlərimizin sözlərinə yazılmış mahnılari Fəxri Kazım-Nicatın ürəyindən axıb ruhumuza elə gözəl rahatlıq gətirmişdi ki, konsert bitəndə ikinci hissəsinin olacağını gözləyirdik. O, təkcə oxumurdu, həm də təqdim edirdi. Bəstənin və şeirin müəllifi barədə iki sözlə elə mətləbləri anladırdı ki, azərbaycanlı olduğunla dəfələrlə fəxr edirdin.

İstedadlı gəncimizlə bir neçə dəfə ünsiyyətimiz olub. Bakı Musiqi Akademiyasının magistrantı, öz ixtisası üzrə alimlik dərəcəsinə yüksəlmək xətti tutan Fəxri Kazım-Nicat dahi bəstəkarlar barədə elə gözəl söhbətlər edirdi ki, çaşıb müraciətimdə ona "musiqişünas" dedim. Təbii, qəbul etmədi, təvəzökarlığı onun həm də düşüncə bəzəyidir.

Bir xalq yalnız kökü üzərində boy atanda əbədi olur. Bu gün efirlərdə o kökün nümayişinə çox az-az rast gəlirik. Klassik ifalar dinləmək istəyirik, ya əvvəlkilərdir, ya da yoxdur. Bu ağır janrı daşıya bilmək üçün ürək lazımdır. Fəxri Kazım-Nicat həmin ürəyin sahibidir.

Jurnalist ona sual verir: "Sənət nədir?" Cavabındakı həzinliyin özü bir musiqidir. Dinləyin, oxuyun yox, məhz dinləyin: "Mənim üçün sənət ali keyfiyyətdir, ona yanaşma da ali olmalıdır. Bilirsiniz, bizim sahə incəliklərlə doludur. Mimika, üz ifadəsi, duyğular hamısı burda mühüm rol oynayır".

Duyğular... Mayın 1-də səhnədən ruhumuza o duyğuları səpdi bizim gənc klassikimiz.  O, oxuyurdu, biz konsertin təşkilatçılarına minnətdarlıq edirdik.  Yazım bilin, həmin konsert  Müslüm Maqomayev adına Akademik Filarmoniyanın “Gənclərə Dəstək Layihəsi” çərçivəsində baş tutub. Layihənin rəhbəri Rusiyanın və Azərbaycanın xalq artisti, Sankt-Peterburq Akademiyasının solisti, professor, xalq artisti Murad Adıgözəlzadədir.

Müsahibədə  ifaçı deyir: "Mənim müraciətim əsasında Murad müəllim çox böyük etimad göstərərək konsertimə razılıq verdi. Repertuar, sıralama hamısı özümə məxsus idi, çalışdım ki, ifalarımı yüksək səviyyədə təqdim edim. Düşünürəm, bundan da yaxşı ola bilərdi, amma haradasa, ürəyimin böyük faizini tamaşaçılara göstərə bildim. Tamaşaçıların etimadından, sevgisindən yerdən-göyə qədər razı qaldım. Filarmoniya 650 nəfər yer tutur, amma konsertimə 800-dən çox tamaşaçı gəlmişdi ki, yer olmadığından onların bir çoxu öz gül dəstələrini göndərib qapıdan qayıtmışdılar. Alqışlar durmadan davam edirdi. Qəribəydi, hər bir incə nüansda, necə deyərlər, o “sarı sim”də tamaşaçı məni hiss edirdi, sanki".

Buyurun, intellektual  insan necə olur?. Belə bir insanı dinləməmək mümkünmü? Şahidiyəm, yerlər doldu, tamaşaçılardan məcburən gedənlər oldu. Özləri getdi, ürəkləri konsertdə qaldı. Yəqin daha böyük salonlar gözləyir bizim gənc ifaçımızı.

Ona dəstək olmaq hər birimizin borcudur. Bizi yaşadır, ənənəmizi  gələcəyə daşıyır.  Belə ifaçının üzünə efirlər açıq olmalıdır. Onu dinləyənlər durulursa, durulanlar cəmiyyətin yararlı vətəndaşına çevrilirsə, belə bir missiya daşıyıcısının getdiyi yolları sadəcə daşlardan təmizləmək lazımdır. Qoy büdrəməsin, gecikməsin, ruhu inciməsin.

 Ceyhun MUSAOĞLU

 

 

 

 

Baxılıb: 94
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: