Diqqət mərkəzi
Aydınlıqda azanlar - Ceyhun Musaoğlu yazır
A
Aydınlıqda azanlar - Ceyhun Musaoğlu yazır
12:21 06.05.2019
Ceyhun MUSAOĞLU

Gözlərində işıq olan adamlar var. Onları tanıyıram. Bir vaxtlar o adamlar işıqlarıyla yol açırdılar, indi göz qamaşdırılar. Günəş batanda daha çox parlayır və ona heç baxmaq olmur. İnsanlar da elədir, onların ziyası parladıqları anda bu mənzərən görənlər çaşır, özlərini itirir, büdrəyirlər. Belə düşünürlər, daha həmin işıq göz qamaşdırmır, yol göstərmir. İnsan Günəş deyil axı hər sabah yer üzünü yenə işıqlandırsın. Vaxt gəlir, onun gözləri sabah həmin şövqlə parlasa belə, kütlə o parlaqlığın gurluğunda gözlərini yumaraq, bir daha işığa baxmır, baxmağa qorxur. 

Bəs insan nuru niyə kütləni çaşdıracaq səviyyədə və son dəfə Günəş kimi parlayır? Hə, gözlər qışqırır; azanlara yol göstərmək, ayaqlarının altını görməyib uçuruma gedənlərin cığırını işıqlandırmaq, qətlinə fərman verdiyi adamın öz doğması olduğunu göstərmək, topladığı sərvətin qapqara bir qəpiklikdən başqa heç nə olmadığını aydınlatmaq o qışqıran gözlərin missiyasıdır. 

Kütləsə insanın Günəş olmadığını çoxdan bilir. Kütlənin bildiyi bir həqiqət var, insan gücsüzdür, Nəsimi də sadəcə filmdir, Rasim Balayevdir. Kütlə insan gözlərinin Günəş parıltısına bərabər olduğunu bildiyi an parçalanaraq fərdlərə çevrilər, o fərdlərə ki, hər biri kütlədən güclüdür. Məgər Üzeyir Hacıbəyov kütlədən güclü deyildimi? Məgər Viktor Hüqo bir "Səfillər"i ilə zibil içində yanıb külə dönən fransızı bu gün sevgiyə bürüyüb bütün dünyaya bəxş etmədimi? 

Kütlə ancaq Günəşi tanıyır, Allahın varlığına şükr etmək üçün. Tərsinə olmalıydı, Günəş insanın varlığına şükr etməliydi, yoxsa kimin üçün yanardı. Biz günəşi fəth etməliydik, ancaq neylədik: "Günəşə axın var, axın. Günəşin zəbti çox yaxın" deyən dahini həbsxanalarda çürütdük, məmləkətindən didərgin salıb, qapılarda öldürdük, yad torpaqda basdırdıq. Kütlə ziyalısının işığından gözləri qamaşdımı, həmin ziyalı dünyasını dəyişəndə onu torpağa tapşırmır, basdırır. Daha anlamır ki, ən dərinlikdə belə, yenə o işıq elə o kütlənin özünə yol göstərib, oradan fərdləri bir-bir qoparıb azad, firəvan, rahat cəmiyyət qurmaq missiyasını davam etdirəcək. Məgər bu gün Folkner Amerika üçün həmin rolu oynamırmı?

Görürsünüz, Azərbaycan cəmiyyətində nə qədər müsbət hadisələr yaşansa da, yenə nəsə çatmır. Bir uşaq intiharı bütün müsbət hadisələri müvəqqəti də olsa unutdurur. Ölkə başçısının imzaladığı bütün sənədlərin mübtədası insan məmnunluğudur. Dəqiq təqdimatdır, ancaq kütlə məmnun ola bilməz, insansa kütə deyil. Əvvəl biz parçalanmalı, hər birimiz kütlə çəkisində fərd olmalıyıq. Diqqətlə baxmayanda elə görünür ki, biz parçalanmışıq. Xeyr, bizdə olan şair fərdlər, yazıçı fərdlər, aktyor fərdlər eyni şeiri yazır, eyni nəsri qələmə alır, eyni rolu oynayırlar. Bütün şeirlərdə qız və oğlan sevgisi - yerin bir küncünə sığan sevgi, bütün nəsrlərdə yazıçının qəhrəmanlardan daha çox, daha tez-tez görünməsi və bu yanlışığı aradan götürmək üçün obraza çevrilə bilməməsi, mövzuları ya pafos içində təqdim olunan Vətən, ya bayağı intim, seriallarımızın da məğzini aqressiya "bəzəyir" - hər kəs o birinə bağırır, kəsir, öldürür, tutulur...

Unutmamışam: sözləri Bəxtiyar Vahabzadənin, musiqisi Emin Sabitoğlunun, ifası Mirzə Babayevin - 3 nəhəng fərdin yaratdığı şederv olan "Kəpənək" mahnısı ifa olunanda Mirzə qədeş barəsində lətifə düzüb-qoşmuşduq; o bir kəpənəyi neçə ildir tuta bilmir...

Bəxtiyarın, Eminin, Mirzənin gözlərindən üzərimizə düşən işıqda o qaçan, güllər üstə qonan kəpənək bizim üçün bircə gün yaşayıb bircə gün ölən vecsiz həşəratıymış. O kəpənəyi sevgi simvolu kimi anlamadıq, bu heç, bəs onun insanları ipəyə bürüdüyünü niyə unutduq? 

Bir cavabı var, insan kütlədən ayrılmayana qədər elə bilir dünya bir gündür, o da bu gündür. Kütlə yalnız və yalnız pulun hakim olduğuna inanır. Hanı bu ölkənin baş psixiatrı? Hanı insanları maarifləndirən bir qurum? Təsəvvür edin, böyük bir salon, insanlar dinləyici kimi əyləşiblər, həmin o maarifçi qurumun təşkilatçılığı ilə baş psixiatr insanlara yenicə yaşanmış bir faciəni danışır. Deyir: "Şri-Lankanın paytaxtı Kolomboda törədilmiş terror aktı zamanı Danimarkanın ən zəngin iş adamı, “Bestseller” mağazalar şəbəkəsinin sahibi, “Asos” şirkətinin əsas səhmdarı, 4,5 milyard dollar sərvətə sahib Anders Holç Povlsenanın 3 uşağı həlak olub. Biznesmen həyat yoldaşı və 4 övladı birlikdə Şri-Lankada istirahət edirmişlər.
Buyurun, pul bu qədər gücsüz və acizmiş. Varlı olmağa yox, insanın hər gün yaşaması üçün dua edək. Milyardlar insandan çox, lap çox aşağıda, qorxaq və miskin şəkildə divarın bir küncündə büzüşüb qala bilərmiş".

O görüşü tərk edənlər gözlərinə düşən işığın aydınlatdığı çığırla evlərinə gedib, kimisi ərinə, kimisə qardaşına, kimisi övladına deməyəcəkmi, "boş ver, borcumuzu da qaytaracağıq, şükr olsun, əlimiz, ayağımız yerindədir, onsuz da pulun insanı xilas etməyə gücü çatmır. Əsas bir-birimizi sevmək, hər gün əziz adamlar kimi görüşüb-ayrılmaqdır". O ailədə bu sözləri eşidən uşaq intihar edərmi? Kiçik müqayisə aparaq, ya da heç aparmayaq, onsuz da uduzacağıq. Yəhudi ailəsində bəlkə bir dəfə də olsun yaşanmayan intiar hadisələri bizi utandıracaq. 

Səhər saat 5:05-dir. Bu yazını fransız mahnılarını dinləyərək yazıram. Sözlərini anlamıram, musiqisi ruhumu sarıb. Hələ Günəş çıxmayıb, hələ fiziki mənada qaranlıqdır. Mənsə işıq görürəm. Kitablar ona süd işığı deyirlər. Sabaha inanıram. Məncə bu gün bizim ölkədə bir nəfər belə özünə qəsd etməyəcək, bir nəfər belə pula görə azadlığını qurban verməyəcək, bu gün, məhz bu gün özü fərd içi kütlə olanlar da o işığı görəcək və başqalarına da göstərəcək. Günəş milyon ildir hər səhər çıxır və yer üzünü işıqlandırır. Günəşə bənzər insanlar da var, milyon ildir onların işığı ilə yol gəlirik.  Əgər gözlərimiz qamaşaırsa, o işıqdan qaçmaq yox, əksinə kütlədən oğurlanıb, ona bir də baxaq. Hər kəsin öz baxışı var. 

Yazını fransızı dinləməklə başladım, türkü dinləməklə bitirdim: Oxuyur Sezen Aksu:

Məmləkətimə çoxdan bahar gəlmişdir
Başaqları indidən göyə ərmişdir
Dağlarını gəlincik basmışdır
Yer, göy və ürək çiçək açmışıdır  


Baxılıb: 1196
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: