Diqqət mərkəzi
“Şivənçilik” mərəzi, qəzetlərə ağı deyənlər və KİVDF-nin maliyyəsi
A
“Şivənçilik” mərəzi, qəzetlərə ağı deyənlər və KİVDF-nin maliyyəsi
11:51 04.04.2019
Tanınmış jurnalist Nicat Dağların bloqunda "“Şivənçilik” mərəzi, qəzetlərə ağı deyənlər və KİVDF-nin maliyyəsi" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Dövlətin print mediaya dəstəyi xüsusunda yeni standartların tətbiq olunacağına dair məlumatlar dövriyyəyə buraxılarkən bəziləri bunu “qəzetlərin maliyyələşməsi dayandırılır”, “KİVDF qəzetləri taleyin ümidinə buraxır” kimi dəxli olmayan və mahiyyətcə qərəzli reaksyalarla qarşıladılar. Hətta “KİVDF qəzetləri bağlayır”  nidası ilə print mediaya ağı deyənlər də tapıldı…

Vay-şivən üzrə ixtisaslaşmış şəxslər bir ağızdan iddia edirdilər ki, KİVDF-nin maliyyələşmə ilə bağlı irəli sürdüyü yeni tələblər əslində qəzetlərin bağlanmasına hesablanıb. Bunu o adamlar deyirdilər ki, qəzetlərin dövlət tərəfindən maliyyələşməsinə həmişə tənqidlə yanaşıb, bu halın yolverilməz olduğunu deyirdilər.

“Onsuz da qəzetləri heç kəs oxumur, onlara pul ayırmağa ehtiyac yoxdur” kimi fikirlərə müəlliflik edənlər məntiqlə print mediaya dəstəyin “dayandırılmasını” alqışlamalı idilər. Zatən illərdi bunu istəyirdilər. Amma əvəzində nə gördük?  Elə həmin adamlar başladılar qəzetlərin var olmasının əşhədu zəruriliyindən danışmağa… Halbu ki, söhbət maliyyənin dayandırılmasından yox, müsabiqə şərtlərində dəyişiklik ediləcəyindən, yeni standartlara keçid olunacağından gedirdi.

Elə adamlar var ki, onlara fərqi yoxdur, hansı addım atılırsa atılsın, mütləq narazılıq ifadə edəcək, qəbul olunmuş qərarın əleyhinə fikir səsləndirəcəklər. Bu da bir növ xəstəlikdir – müsbət qiymətləndirməni özləri üçün faciə hesab edirlər.

Aprelin 1-də KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirildi. Məlum oldu ki, dövlət print medianı dəstəkləməkdə maraqlıdır. Deyilənlərin əksinə olaraq qəzetlərə maliyyə yardımı əsaslı şəkildə artırıldı. Üstəlik əvvəl elən edilmiş “5 min tiraj” tələbi də yumşaldılaraq 3 minə endirildi.  Yeni qaydalara görə qəzetlər bundan sonra 3 kateqoriya üzrə maliyyləşdiriləcək: 

- Tirajı 3000-dən, abunəsi ilə birgə satış sayı 2000-dən az olmayan gündəlik qəzetlər;

- Tirajı 2500-dən, abunəsi ilə birgə satış sayı 1500-dən az olmayan günaşırı işıq üzü görən qəzetlər(həftədə 3 dəfədən az olmayaraq);

- Tirajı 2500-dən, abunəsi ilə birgə satış sayı 1500-dən az olmayan həftəlik qəzetlər.

Bu tələblərə cavab verən qəzetlərə 2019-cu ilin II rübü üzrə müvafiq olaraq hər ay üçün 20000, 10000, 5000 manat ayrılacaq. Maliyyə yardımı alacaq qəzetlərin sayı isə 25-dir.

Göründüyü kimi, KİVDF-nin yeni tələbləri əslində qəzetlər arasında rəqabət mühitinin yaradılmasına xidmət edir. Yəni dövlət deyir ki, tirajını və satışını artır, daha çox vəsait əldə elə. Deməli, bundan sonra qəzetlər elan olunmuş kateqoriyalara uyğun gəlmək üçün daha çox çalışmalı, geniş oxucu auditoriyasının  formalaşmasını təmin edəcək maraqlı yazılarla çıxış etməlidirlər. Bu isə şübhəsiz ki, print medianın inkişafına, keyfiyyət göstəricilərinin yüksəlmsinə və peşəkarlığın artırılmasına xidmət edəcək. Tələblərə cavab verməyən qəzetlər isə təbii ki, maliyyələşdirmədən kənarda qalacaqlar. KİVDF-ni Sosial Müdafiə Fondu hesab edib oxucu sayını cəmi 1500-ə çatdıra bilməyənlərə dövlət niyə dəstək verməlidir ki?..

KIVDF-nin qəzetlərə maliyyə yardımını davam  etdirməsinə hay-həşir üzrə mütəxəssis səviyyəsinə çatmış adamların reaksiyası özünü çox gözlətmədi. Bu dəfə də ənənələrinə sadiq qalaraq ağız büzdülər. Yenə eyni adamlardı. Dünən maliyyləşmənin “dayandırılmasına” qarşı çıxırdılarsa, bu gün KİVDF-nin qəzetlərə maliyyə yardımını davam etdirməsini “qılınclayırlar”.  Qəribə adamlardır vallah, bir gün print medianın gərəksizliyindən danışır, ertəsi gün qəzetlərin yaşamasının vacibliyini önə çəkir, sonra yenə əvvəlki “lazım deyil” qənaətinə qayıdırlar. Eləsi də var ki, dünən “jurnalistlər işsiz qalacaq” deyib tozanaq qoparırdı, indi bunun baş vermədiyinə görə narazılıq edir.

Qərəz, uzatmayım:

Anlaşılan odur ki, belələri nə istədiklərini özləri də bilmirlər. Nə olursa olsun, ancaq narazılıq ifadə etmək mərəzi bəzilərində xroniki hal alıb, bəzilərində isə itigedişli şəkil alaraq xirtdəyə qədər yeriyib – hər yeri qara rəngdə görürlər…

Baxılıb: 51
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: