Diqqət mərkəzi
Mətbuatı sosial şəbəkələrin qarmağından xilas edək - Ceyhun Musaoğlu
A
Mətbuatı sosial şəbəkələrin qarmağından xilas edək - Ceyhun Musaoğlu
11:41 04.04.2019
Ceyhun MUSAOĞLU

Həqiqətən qarmağa ilişmişik. Mətbuatı atıblar suya, sosial şəbəkələrdən qarğı düzəldib, ucuna  qırmaq keçirib, qəzetləri, saytları ovlaya-ovlaya sahil boyu dolaşırlar. Mətbuat hadisələrin önündə olmaq əvəzinə xüsusən məişət və kriminal xarakterli xəbərlərin ardınca sürünür.  Sosial şəbəkə ölü balıqları vedrədə çıxarıb bazara - kimə bobla, kimə kütüm, kimə sazan, kimə kifal. Alırıq, dad iyrənc. Sosial şəbəkə peşəkar olmadığı, bazardakı insanların sağlamlığını düşünmədiyi, hər şeyin pulun başında olduğunu dərk etdiyindən mətbuatı çirkab sularının axdığı gölməçədən tutaraq, doldurub torbasına.

Çox obrazlı oldu, bilirəm. Obrzasız yazandasa sərt çıxır. Mətbuat bizim doğmamızdır. İmzamıza, əməkdaşı olduğumuz KİV orqanına xələl gəlməsin deyə, bəzən ölümün də gözlərinə dik baxmışıq. Bizim mətbuatın rəzil günə düşməsinə etiraz etmək haqqımız var. Necə oldu mətbuat sosial şəbəkələrin arxasınca sürünməyə başladı? Lap son hadisədən misal gətirim: 3 qız haqqında özündə ikrah yaradan görüntülər yayılıb. 3 qız qurbandır - zərərçəkəndir; onların xəbərləri olmadan lüt görüntüləri tirajlanıb. Mətbuat neyləməliydi: 

1. O qızların üzlərini və bədənlərinin əzalarını örtməli
2. O qızların adlarını yazmamalı
3. Hadisəni dəqiqləşdirmədən - məhşur W ilə başlayan -  Who – kim; Woht – nə; Where – harada;  When –  nə  zaman;  Why – Niyə, sonda  How - necə suallarına cavab tapmalıydı. 

Sonuncu sual xəbər yazılıb yayılandan sonra gəlir. Xəbərin içində "necəyə" bir o qədər də ehtiyac yoxdur. 
Bizdə nə baş verdi? Mətbuat "Facebook" statusuna istinadən xəbəri tirajladı, nəticədə adları çəkilən insanların hansı fiziki və psixioloji zərbə aldıqaları kimsənin marağında olmadı. Sanki, hərəmizi bu məmləkətə müxtəlif diyarlardan gətirib toplayıblar, birinə ağır zərbə dəyir, o biri "cəhənnəmə ki..." deyib yoluna davam edir. 

Əlbəttə, bunun adı cəmiyyətin param-parça olmasıdır. Azərbaycanın çox dəyərli, qələmini başından uca tutan jurnalistləri var. Sosial şəbəkədəki xəbərlər onlar üçün xəbərin hazırlanmasına gərək olan 4 mənbədən ən çoxu biri, ən azı yarımçıq biri ola bilər. Bu gün həmin peşəkarlar həyacan siqnalı verib, sosial şəbəkələrin ardınca sürünməməyi tövsiyə edirlər, təəssüf prosesi saxlamaq olmur.

Dünən Niyaz Niftiyevin atasının yaz mərasiminə gedirdik. Allah rəhmət etsin. Yolumuz Biləsuvara idi. Nicat Dağlar, Xəqani Səfəroğlu, Elman Məlikov və mən, bir maşında, Elbrus Ərud, Zahir Əzəmət, Samir Neymanoğlu ikinci maşında yol gedirdik. Çatdıq, iştirak etdik, başsağlığı verdik. Biz yol boyu - gedən və qayıdanda  mətbutın "Facebook"un arxasınca sürünməsindən yan-yana danışdıq. Xəqani bəy forum keçirməyi təklif etdi. Razılaşdıq. Bu durum həqiqətən qürurumuzu aşağılayır. Sanki ölkədə jurnalistika yoxdur, hər kəs öz "Facebook", "İnstaqram"  səhifəsində bir jurnalistə çevrilib. Redaksiyalar, ifadəmə görə üzr istəyirəm, statusları güdürlər. Yaxşı, bir primitiv sual da verim: statusu yazdım, sonra sildim, lap sən "skrin"  elədin, mən də dedim ki, profilimi başqası ələ keçirib, nə baş verəcək? Oxucunu dolamış sayılmayacağıqmı?

Əziz, hörmətli, dəyərli, peşəkar həmkarlar. Gəlin bir araya toplaşıb, mətbuatı, sosial şəbəkələrin qarmağından çıxaraq, sağaldaq və hələlik ağsaya-ağsaya olsa da hadisələrin önünə çıxaraq. Bizim Qarabağ adlı yaramız var. Bu yaranın sağalmasında  mətbuatın rolu, elə Ordunun roluna bərabərdir.    
Dostlar, vətəndaş jurnalistikası deyilən anlam qondarmadır. Niyə qondardıqlarını bilirk. Toplaşanda bu  barədə danışarıq. 

Baxılıb: 1088
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: