Diqqət mərkəzi
Xanlar Fətiyev: “Azərbaycan torpaqlarının bir qarışını da güzəştə getməyəcək”
A
Xanlar Fətiyev: “Azərbaycan torpaqlarının bir qarışını da güzəştə getməyəcək”
09:43 02.04.2019
“Prezident İlham Əliyev Vyana görüşündə bir daha Azərbaycanın dönməz iradəsini ortaya qoydu və bildirdi ki, danışıqların formatı həmişə olduğu kimi dəyişilməz qalacaq və yalnız Ermənistan ilə Azərbaycan arasında aparıla bilər. Hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində  yaranmış sakitliyi pozdu, uzun müddətdır danışıqlar istiqamətində əmələ gələn fasiləni aradan qaldırdı. Məlum aprel hadisələrindən sonra ikitərəfli danışıqların aparılmasına müxtəlif bəhanələrlə mane olmağa çalışan Ermənistan hakimiyyəti  Prezident İlham Əliyevin çox uğurlu diplomatik fəaliyyəti sayəsində qeyd-şərtsiz danışıqlar masasına qayıtmağa məcbur oldular”. 

AZƏRFAKS xəbər verir ki, bunu Milli Məclisin deputatı Xanlar Fətiyev deyib. Millət vəkili əlavə edib ki, Azərbaycan son 15 ildə nəinki böyük iqtisadi və sənaye gücünə malik olub, həm də hərbi sahədə böyük nailiyyətlər qazanmışdır. Bu gün ölkəmizdə müasir silahlar və texnika ilə təchiz olunmuş ordumuz var və ordu quruculuğu prosesi təkcə maddi-texniki təminatla məhdudlaşmır. Əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu, döyüş qabiliyyəti tam əminliklə deyə bilərik ki, çox yüksək səviyyədədədir. 

“2016-cı ildə aprel döyüşlərində Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, lazım gələrsə Ali Baş Komandanın əmri ilə tez bir zamanda işğal olunmuş torpaqları azad etməyə qadırdır. Bunu işğalçı dövlətin rəhbərləri də çox yaxşı dərk edir. Azərbaycanın iqtisadı gücü və potensialı, günü gündən inkişaf etməsi, Prezident İlham Əliyevin və ölkəmizin dünya liderlər arasında böyük nüfuzu onları yenidən substantiv danışıqların aparılması üçün danışıq masasına oturmağa məcbur edib” deyə Xanlar Fətiyev əlavə edib. 
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və uğurlu siyasəti sonda Azərbaycanın qələbəsi ilə nəticələnəcək:

“BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Artıq bütün dünya bilir ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bunu aprel döyüşləri də bir daha sübut etdi. Əgər danışıqlar bir nəticə verməzsə Ali baş komandanın rəhbərliyi altında ordumuz torpaqlarımızı azad edəcək”. 

Baxılıb: 286
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: