Diqqət mərkəzi
Dövlət necə dövlətli olur - Ceyhun Musaoğlu yazır
A
Dövlət necə dövlətli olur - Ceyhun Musaoğlu yazır
10:14 01.04.2019
Ceyhun MUSAOĞLU
2019 tarixdə istinad nöqtəsi kimi qalacaq. Bu ili xatırlayanda yəqin ixtiyar yaşında olacağıq. Hərəmiz bir hadisənin önəmindən danışacağıq. Təbii, çoxumuz Prezidentin dollar kreditləri ilə bağlı on minlərin həyatında möcüzə yaratmış fərmanından bəhs edəcəyik. 

Xatırlayacam, həmin ərəfədədə Facebookda "Xoş xəbər" təqdimatlı xeyli xəbər paylaşmışam. Dostlardan birinin məzəmmət xarakterli replikasını da oxudum bu şakərimlə bağlı. Əməkdaşı olduğum Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bağlananda o belə yazmışdı: "İndi Ceyhun Musaoğlu xoş xəbər kimi təqdim etsin də bu hadisəni". 

Oxudum və acı təbəssümlə simam kədərli smaylik forması aldı.   İçimdəki mənə "Prezidentin fərmanı müzakirə olunmaz deyib" sabaha baxmağa başladım. 14 yanvar gününə isə daş bağlayıb atdım dənizə ki, öləndən sonra da çıxmasın üzə.

Biz xalqçıyıq. Kamyunun "Taun" əsərinin vurğunu olanlardanıq. “Taun” əsərinin jurnalist qəhrəmanı Ramberi idealımız seçmişik. Başqa ölkədəndir, çıxıb getmək hüququ var. Getmir, özünü taunun dəhşətli məngənəsinə atıb, insanları xilas etmək yolu tutur. Bu yolun adı vicdandır. Elə Kamyu da "insan vicdanının həlledici rolunu aşkara çıхarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə" Nobelə layiq görüldü.

Biz cəmiyyət adamlarıyıq. Həyatı ömrümüzə hesablamırıq. Bəlkə saçımızın rəngindəki bəyazlıq, ürəyimizin ahəngidəki ağırlıq apardığımız hesablamanın cavabının mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər uzanmasıdır. İnsan olmayacaq, vətənsə əbədi yaşamaq üçündür. Gördünüz, övladlarımız elə bilirdilər, cəmi 30 yaşımız var. 2018-ci ildə imzalanan bir fərmanla 100 yaşlı Cümhuriyyətə sahib olduğumuzu dərk etdilər. Bizə müstəqillik bağışlayan o nəhəng insanları ilboyu xatırladıq, tanıdıq, qürur duyduq. 

Gənclik insanları varlı, dövlətləri kasad göstərir. Gənc dövlət varlı ola bilər, ancaq onun cəmiyyəti müdrikləşmək üçün mütləq yaşlanmalıdır. Biz 100 yaşlıyıq, belə düşünsək, hər sözümüzdə, hər addımımzda ehtiyatlı olarıq, bir-birimizlə rəftarda yaşımıza, başımıza, davranarıq. Əsas ünsiyyətdir, söz də ondan sonradır. Əsas səninlə yanaşı başqasının da olduğunu dərk etməkdir.  Vətəndaş özü üçün deyil, başqası üçün yaşayanda dövlət dövlət olur, dövlətli olur!. 

Baxılıb: 96
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: