Hədəfdəki bütövlük, erməni qucağı və xainin bəzəkli təqdimatı…
A
Hədəfdəki bütövlük, erməni qucağı və xainin bəzəkli təqdimatı…
12:22 06.03.2019
Nicat DAĞLAR

Dövlətə qarşı xəyanət yolunu tutduğunu ən müxtəlif formalarda nümayiş etdirmiş və təxribatçı davranışlarına görə saxlanılaraq məsuliyyətə cəlb edilmiş erməni agenturasının “parlaq” nümayəndəsi Faxrəddin Abbasovun ermənilərin təşkil etdiyi tədbirdəki çıxışını xeyli əvvəl dinləmişdim. Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm…

Azərbaycan vətəndaşının ermənilərin arasında oturub(!) Qarabağın işqal olunmasına haqq qazandırmasına tamaşa etmək, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması istiqamətində iş apardığına dair dediklərini dinləmək əməlli-başlı işgəncə idi…  Bu yaramaz adam Azərbaycanın halal torpaqlarının işğal faktını dəstəkləyən ifadələr dilə gətirməklə həm də ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərə haqq qazandırırdı…

Şübhə eləmirəm:

Faxrəddin adlı bu ünsür, azərbaycanlıların başına gətirilmiş müsibətlərə görə ermənilərə minnətdar olacaq qədər alçaqdır!

Tərəddüdsüz deyirəm:

O, Xocalı soyqırımına görə erməni terrorçularının əlindən öpməyə hazır olan şərəfsizdir!

Faxrəddin Abbasov Azərbaycanı parçalamaq, ölkədə qarşıdurma meyillərini gücləndirmək və millli zəmində qarşıdurmalar yaratmaq üçün görəvləndirilib. Ermənilərə hər şeyini satmış bu agent, vətən xaini Əlikram Hümbətovun tərtib etdiyi bölücülük proqramlarının fəal iştirakçısı və təbliğatçısıdır. Elə zənn edirdi ki, Azərbaycan dövlətinin əli ona çatmayacaq. Budur, dövlət baba ona dil uzadan xaini – erməni xüsusi xidmət orqanlarının agentini məşəl ayağına çəkib. Ortada ağır cinayət əməlləri var və inanırıq ki, Faxrəddin Abbasov layiq olduğu cəzanı alacaq.

***

Diqqət yetirilməli olan başqa bir məqam erməni agentinin müdafiəsinə qalxanların kimliyi ilə bağlıdır. Yox, ermənilərə işarə etmirəm. Onların xüsusi bir kampaniyaya başlamasında təəccüblü heç nə yoxdur. Aydın idi ki, ermənilər öz adamlarının həbsini, “milli ayrı-seçkilik və milli azlıqlara təzyiq” nümunəsi kimi qiymətləndirəcəklər. Bu gün erməni saytlarında Faxrəddin Abbasovun müdafiəsinə həsr olunmuş yazılara, Azərbaycana, Azərbaycan dövlətinə nifrət edən Əlikram Hümbətov kimi xainin bəyanatlarına rast gəlinirsə, burada tam bir qanunauyğunluq var. Bəs yaxşı, bizim müxalifət nümayəndələrinin davranışlarına nə ad verək? Əli Kərimlinin təbliğatı ilə məşğul olanların narahatlığını necə dəyərləndirək? Məsələn, Milli Şuraya yaxınlığı ilə seçilən, dövlətə qarşı yönəlmiş kampaniyalarda “videoblogger” qismində iştirak edən Azər Kazımzadə və onunla eyni “məfkurəni” bölüşən Ataxan Əbilov vətən xaini Faxrəddin Abbasovu dəstəkləmək həvəsilə paylaşımlar edir, onun həbsindən dərin sarsıntı keçirdiklərini gizlətmirlər. Bu adamlara Faxrəddinin hansı cinayətlərə əl atdığı aydın deyil? Onun ermənilərlə iş birliyində olduğunu göstərən dəlilləri görmürlər? Əlbəttə bilir, görür və buna rəğmən vətən xaininin müdafiəsinə yönəlmiş cəhdlər edirlərsə, deməli, onun fikirlərini və mövqeyini bölüşür, məqsədlərinə şərik çıxırlar.

Qənaətim belədir:

Onlar da dövlətə xəyanət yolunu tutublar və arzuları Azərbaycanı parçalanmış görməkdir. Bunun başqa adı yoxdur – Xaini dəstəkləmək, xəyanəti dəstəkləmək deməkdir!

Yaxşı bəs Əli Kərimlinin nəzarətində olan Azadlıq.İnfo-nun, Əlikram Hümbətov kimi mayası xəyanətlə yoğrulmuş banditin, Faxrəddin Abbasov kimi erməni agentinin həşəmətli təqdimatına maraq göstərməsini necə qəbul edək? Bu internet resursu öz xəbərlərində Əlikramı “siyasi mühacir”, Faxrəddini isə “Talış hərəkatının lideri” kimi təqdim edir.

Soruşuram:

Əlikram Hümbətov nə vaxt siyasi fəaliyyətlə məşğul olub? Onun siyasətə dəxli olduğunu göstərən balaca bir fraqmentə istinad edə bilərlərmi? Azərbaycanı bölmək, qondarma respublika yaratmaq məqsədilə dövlətə silah qaldırmış cinayətkar nə vaxtdan siyasətçi hesab olunur? Onun hazırkı fəaliyyətini görmürlərmi, bölücülüyə hesablanmış çağırışları qulaqlarıına çatmırmı? Yaxud Faxrəddin Abbasovu “talış hərəkatının lideri” kimi təqdim edərkən heçmi vicdanları sizlamır? Bu yaramazları talış qardaşlarımız da lənətləyərkən, Milli Şura ruporlarının 3-5 nəfər juliki “hərəkatçı” qismində qələmə verməsi də elə erməni xüsusi cidmət orqanları ilə əməkdaşlığın dəstəklənməsinə işarə deyilmi? Dövlətə qarşı açıq düşmənçilik aparan, erməni agenturasının xüsusi tapşırıqlarını yerinə yetirən ünsürlərlə də əməkdaşlığa getmək “vacibatını” müxalifətçiliyin fəlsəfəsinə kim yazıb?..  Qərəz, uzatmayım, qısası belədir:

Kim Faxrəddin Abbasovu dəstəkləyib ona “siyasi məhbus”, “vicdan məhbusu”, “siyasətçi”, “müxalifətçi” deyəcəksə, erməni agenti ilə məsləkdaş olduğunu etiraf etmiş olacaq! Belə təqdimatlarla çıxış edənlərin Faxrəddindən, Əlikramdan elə bir ciddi fərqi ola bilməz!

Unutmayaq:

Hədəfdə Azərbaycanın bütövlüyüdür…

Baxılıb: 37