Diqqət mərkəzi
Sosial paket inqilabı, artan reytinq və alt-üst olan planlar – Prezident dünən nə demişdi, bu gün nə deyir?
A
Sosial paket inqilabı, artan reytinq və alt-üst olan planlar – Prezident dünən nə demişdi, bu gün nə deyir?
14:44 27.02.2019
Nicat DAĞLAR

Müxalifətçilik o demək deyil ki, ağına-bozuna baxmadan ancaq tənqid etməli, ölkədəki müsbət gedişatları görməzdən gəlib, günəş kimi bərq vuran həqiqətləri belə qara rəngdə təqdim edəcək qədər axmaqlığa sürüklənəsən. Müxalifətçilik həm də o deyil ki, bilavasitə prezidentin təşəbbüslərindən irəli gələn sosial proqramların ayrı-ayrı komponentlərini, “Bu, 19 yanvar mitinqinin nəticəsidir” kimi düşük təqdimatlara çevirəsən…

Başqa heç nə deyil – Dəlilikdir! 2003-cü ildən start götürmüş siyasətin, illər əvvəl elan olunmuş perspektiv vəzifələrin icrası istiqmətində atılan addımları 2019-cu ilin 19 yanvarında keçirilmiş hansısa aksiya ilə əlaqələndirmək cəhdinə ayrı nə ad verəsən? Milyonlarla insanın taleyinə bilavasitə təsir edəcək və icrasına milyardlar sərf olunacaq sərəncamları “Məhsul”un nəticəsi kimi cəmiyyətə təqdim edənlərin beynində çürümə prosesinin getdiyini necə düşünməyəsən?.. 

Hə, tamamilə mümkündür ki, məsələn, Əli Kərimli dövlət başçısının reytinqinin durmadan artmasından dərin sarsıntı keçirir və bu səbəbdən də az qala axşamın düşməsini, səhərin açılmasını da 19 yanvar mitinqi ilə əlaqələndirərək, “Bu bizim qələbəmizdir” kimi havalı bəyanatlar verir. Başadüşüləndir. Gedişat onun maraqları daxilində deyil – İlham Əliyevin imzaladığı və 2019-cu il üçün nəzərdə tutulan sosial paketin elemetlərini özündə ehtiva edən hər yeni sərəncam Əli Kərimlinin planlarını alt-üst edir. Adam dəli olmasın, neyləsin…

Dövlət başçısı sosial məsələlərin həllinə həmişə xüsusi diqqət ayırıb və bu yanaşma yuxarıda da qeyd etdiyimiz kimi, illər əvvəl elan olunmuş fəaliyyət proqaramının əsasını təşkil edir. Əslinə bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlarda təəcüblü heç nə yoxdur. Məsələn, müavinətlərin artırılması haqqında sərəncam yeni olsa da, onun imzalanmasını təmin edən siyasət illərdir həyata keçirilir. Prezident İlham Əliyevin demək olar bütün çıxışlarında sosial məsələlər xüsusi qabardılır, bu xüsusda dövlətin müəyyən etdiyi addımlardan, qəbul olunacaq proqramlardan söz açılır. Məgər biz sosial məsələlərin həllinə yönəlmiş fəaliyyən nümunələrini 2019-cu ildən etibarən  müşahidə edirik? Əlbəttə ki, yox. Dövlət başçısının ötən illər ərzində keçirdiyi müşavirə və iclaslardakı çıxışlarına nəzərə yetirmək kifayətdir ki, onun sosial məsələlərə xüsusi həssaslıqla yanaşdığını yəqin edəsən.  Götürək 2013-cü il prezident seçkisindən bir neçə ay əvvəlki çıxışı: “Sosial məsələlərin həllinə gəldikdə, qeyd etdiyim kimi, bu məsələlər də həmişə olduğu kimi, bizim üçün prioritetdir.  Dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Bu il maaşlar və pensiyalar artırılacaqdır. Hesab edirəm ki, sosial yönümlü siyasətimizin nəticələri çox müsbət olacaqdır” (Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan). 

2013-cü il prezident seçkisində İlham Əliyevin platformasını xatırlayaq. Sosial məsələlər yenə də perspektiv vəzifələr sırasında yer almışdı:  “Əhalinin sosial müdafiə sistemi ən qabaqcıl standartlara uyğunlaşdırılacaq” – Maraqlıdır, illər əvvəl elan olunmuş proqramla 2019-cu il 19 yanvar tarixli “Məhsul” mitinqini əlaqələndirmək üçün beyinin neçə faizi funksionallığını itirməlidir?..

Keçək 2014-cü ilə.  Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışının sosial məsələrə dair hissəsinə diqqət edirik:  “Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir. Sosial proqramların icrası dövlət büdcəsində nəzərdə tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir. Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır”.

2015-ci ildə də heç nə dəyişmədi – sosial məsələlərin həlli dövlətin prioritetləri sırasının başında dayandı. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezidentin dediklərini xatırlayaq: “Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. 60-a yaxın tibb müəssisəsi tikilib-təmir edilib, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir.Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır.  Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur”.

Sonrakı illərdə də Prezident vətəndaşa eyni istiliyi, onun problemlərinin həllinə eyni həssaslığı nümayiş etdirdi. Bu, 2016-cı ildə də belə oldu, 2017-ci ildə də.

Nəhayət gələk 2018-ci ilə. Sosial təminat sahəsində ciddi islahatların aparılacağı da məhz ötən il elan olunmuşdu. Nazirlər Kabinetinin iclasında Prezident açıq və konkret şəkildə dedi: “Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır. Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq”.

Bu, Prezident İlham Əliyevin sosial müavinətlərin artırılması haqqında dünənki sərəncamının anonsu idi. Dövlət başçısı, “Vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq” deyərkən, 19 yanvar mitinqi heç üfüqdə də görünmürdü…

Odur ki, kimin nə deməsindən asılı olmayaraq ağıllı adamlar dəqiq bilirlər: Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış addımlar, hər yeni dövrün tələblərinə uyunlaşdırılan uzunmüddətli sosial siyasətin tərkib hissəsidir – təməli 15 il əvvəl qoyulub! Bu gün imzalanan sərəncamlar da 2019 -cu il üçün nəzərdə tutulan sosial proqramın elementləridir. 

Qarşıda hələ çox belə sərəncamlar olacaq!

Baxılıb: 40
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: