Diqqət mərkəzi
Prezident və birinci xanım Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər
A
Prezident və birinci xanım Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər
09:22 06.02.2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli qarşıladı.

Sonra dövlətimizin başçısı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə söhbət etdi.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Zati aliləri, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Mən Sizi yenidən görməyimə çox şadam. Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik etmək istərdim. Mənə çox xoşdur ki, Siz bu əlamətdar hadisədən az sonra bizim ölkəmizə səfər etmisiniz. Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik. Həmçinin Sizə demək istəyirəm ki, Azərbaycanda Sizə, Sizin fəaliyyətinizə böyük hörmətlə yanaşırlar. Sizi Azərbaycanda tanıyırlar. Siz ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizə dərin hörmət bəsləyirlər. Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Sizin rolunuz bütün dünyada, o cümlədən bizim ölkəmizdə çox yüksək qiymətləndirilir. Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik. Əlbəttə, bir daha qeyd etmək istərdim ki, Sizin bütün fəaliyyətiniz öz xalqınıza xidmət işinə yönəlib. Həmçinin qeyd etmək istərdim ki, Sizin sözləriniz, dərin biliklərə, prinsipial mövqeyə əsaslanan müdrik sözləriniz gənclərin ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizim üçün çox xoşdur ki, Siz bizim ölkəyə çox xeyirxah münasibət bəsləyirsiniz. Artıq qeyd etdiyim kimi, Siz ilk dəfə deyil ki, Azərbaycana gəlirsiniz və Sizin budəfəki səfəriniz də münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Bizdə qarşılıqlı etimad səviyyəsi prezidentlərdən başlamış adi vətəndaşlara qədər bütün səviyyələrdə çox yüksəkdir. Demək istərdim ki, keçən il rekord sayda – 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Bu, onu göstərir ki, insanlar və ölkələr arasında münasibətlər ən yüksək səviyyədədir. Ona görə ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir və burada onlara doğma münasibət bəsləyirlər.

Həmçinin qeyd etmək istərdim ki, keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir. Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük. Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır.

Ölkəmizə səfər etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək və nəcib işimizdə uğurlar arzu etmək istərdim.



Baxılıb: 83
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: