Diqqət mərkəzi
Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?
A
Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?
08:53 31.01.2019
Bir neçə gün əvvəl bu barədə yazmışdım. Ki, İskəndər Həmidovun yanvarın 19-da keçirilmiş mitinqin tribunasında boy verməsinə baxmayın, çox keçməz onu da, onun təmsil olunduğu “birliyi” də hədəfə gətirib müxtəlif ittihamlara məruz qoyacaqlar…  Tədricən isə söz atışmaları, keçmişdə yaşanmış ayıbların xatırlanması, “mübarizədə” kimin daha səmimi olması ətrafında müzakirələr və ən nəhayət, “əsl müxalifət bizik” iddiası üzərində köklənmiş mübahisələr baş alıb gedəcək. Yəni heç nə dəyişməyəcək, hər şey həmişəki kimi olacaq.

Proses artıq başlayıb… 

Amerikada oturub jurnalistikanın “təxribatçılıq  janrı”nda müxtəlif nümunələr yaradan Sevinc Osmanqızının İskəndər Həmidovu rüsvay etmək, onun təmsil olunduğu hərəkatı gülüş hədəfinə çevirmək məqsədi daşıyan verilişinə yəqin ki, baxanlar olub. Görüb-götürmüş adamlar razılaşar: Sevinc Osmanqızı sözügedən verilişi ilə 19 yanvar mitinqində  Əli Kərimli tərəfindən ortaya qoyulmuş, “məndən başqa heç kəs” hikkəsinə söykəndiyini nümayiş etdirib, qarşıdakı mərhələdə müşahidə edəcəyimiz didişmənin konturlarını çızmış oldu…

***

Aydın hiss olunurdu ki, İskəndər Həmidov əli “lezvalı” xanımın qarşısında tap gətirə bilmir. Anlayırdı ki, onu efirə “sürümək” üçün çıxarıblar və ortada müsahibə adına heç nə yoxdur – “razborka” mahiyyətli verilişdir.  Bir başqası olsaydı Osmanqızının  təxribatçı tərzini və birmənalı şəkildə “Milli Şura” adlı dərnəyin mövqeyindən çıxış etməsini səbəb kimi göstərib efirdən ayrılardı. Amma Həmidov primitiv ritorikasını, “Biz varıq, biz həqiqətik, biz qalib gələcəyik” kimi əttökən pafosunu sona qədər davam etdirmək istədi. Heç, “Xalq Hərəkatı adı deyiləndə 88-89-cu illər, Elçibəyin fəaliyyəti və meydan hərəkatı gözümüzün önünə gəlir, niyə bu adı seçdiniz” sualı ilə qarşılaşanda, ağlına da gəlmədi ki, anındaca Sevincdən soruşsun: Bəs “Milli Şura” deyiləndə ağlınıza Cümhuriyyət dövrü gəlmir? Azərbaycanın ilk qanunvericilik qurumunun adı ilə manipulyasiya edildiyini görmürsüz?..   Soruşa bilmədi. Çünki Həmidov siyasət adamı deyil və heç vaxt da olmayıb.

***

Əlbəttə, “Xalq Hərəkatı” adı heç də onu yaradanların xüsusi zaftasından və xalqın hansısa dəstəyindən xəbər vermir. “Milli Şura” adı kimi bu ad da sadəcə yekə görsənmək həvəsindən başqa bir anlam daşımır. Söhbət Sevinc Osmanqızının “Milli Şura”ya könül verib, “Xalq Hərəkatı”nı aşağılamaq cəhdindən gedir. Şübhəsiz, konkret instruktaj əsasında danışırdı və məqsədi ancaq “Milli Şuranı” müxalifətin yeganə ünvanı kimi təqdim etmək idi. Bunu da olduqca eybəcər, olduqca mədəniyyətsiz formada etdi.

***

KXCP qərargahında cəm olanların hamısı Əli Kərimlinin  mesajını aldı: “Məndən başqa heç kəs”. Deməli, ənənəvi tozanağın qopacağı şəksizdir. Cavabsız qoymayacaqlar. Həmidov Sevinc Osmanqızının əli ilə ona tikilmiş torbanın hesabını mütləq soracaq. Mirmahmud Mirəlioğlu da bostanındakı yekə daşı görməmiş deyil. Əslində onu da aşağıladılar. Onun da “müxalifətçiliyini” şübhə altına  salmağa yönəlmiş işarələrdən istifadə etdilər… İnandırıcı deyil ki, KXCP sədri “Milli Şura” adlı intriqa dağarcığının “Xalq Hərəkatı”nı məzə mövzusuna çevirməsinı reaksiyasız buraxacaq.

Cavabı gözləyək. “Ana müxalifət” adı uğrunda uzun illərdir davam edən mübarizənin növbəti raundunda nələrin yaşanacağı çox maraqlıdır… 

Baxılıb: 169
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: