Diqqət mərkəzi
"Bozbash Pictures" tarixə "alabaşına kül başına" adıyla düşəcək - Ceyhun Musaoğlu yazır
A
12:31 03.01.2019
Ceyhun MUSAOĞLU 


Deyirlər, kinoteatrlarda göstəriblər. Adətən kütlənin zövqünə hesablanan filmlərə pul və vaxt xərcləmirəm. 

Elə bu səbəbdən də kinotetrda baxmadığım filmə televizorun qarşısında oturub tamaşa edəsi oldum. Məqsədim təftiş idi.

"Bozbash Pictures" komandasının ərsəyə gətirdiyi "Bir xalanın sirri” filmi başlayan kimi, nəinki azərbaycanlının, elə bütün xalqların xarakteri təhqir olunmağa başladı. Adam bacısını ərə verməyə oğlan tapıb və onu döyə-döyə evə gətirib bacısının üstünə atır. "Kürəkən"in başına açmadıqları oyun qalmır, o yazığı inəyin anus dəliyindən içəri salmağa qədər alçaldır, tamaşaçını da özləri ilə bərabər alçaldırlar. 

Sonra meşədə azırlar, sonra bir ağsaqqal onlara gecələməyə yer verir, sonra həmin nurani simalı kişini "Hacı dayı" adıyla tərbiyəsizlik aşılayan lətifənin qurbanı kimi yedizdirməyə çalışırlar. Hələ üstəlik o nuranini Şəki ləhçəsində danışdırılar. Sonra kişi onlara "peçinizə odun atım?" - deyə müraciət edir... Vəssalam gədələr evdən qaçırlar. Tamaşaçıya da hərəkətləri ilə belə deyirlər: qorxduq "Hacı dayı bizi zorlayar".  

Bilirəm, bu yanaşmama aktyor heyəti cavab tapacaq. "Axı biz belə ifadə işlətməmişik, sizin gəldiyiniz qənaətdir". Əzizlərim, başqa qənaətə gəlməyə yol qoymursunuz axı. Mənim yaşıdlarım o lətifələri eşidəndə və danışanda yəqin doğulmamışdınız. Ancaq biz elə vulqar ifadələrlə zəngin lətifələri 3-4 oğlanın arasında danışardıq, hətta yanımızdan bir başqası keçəndə - fərq etməz, qız, ya oğlan, anındaca susardıq. Siz icazəsiz evimizə daxil olur, ağzınıza nə gəldi danışır, hətta özünüzə haqq qazandırırsınız". 

Hələ harasıdır... Filmdə gədələr bara gedirlər, narkotik dərmanlar qəbul edirlər, oteldə gecələyib, oraları dağıdırlar, ayılanda biri guya hamilə qalır, birinin arxası şişir. Başlayırlar bir-birinə lağ etməyə. Dünyanın ən nəcib işini görən, həmin anda Allahla eyniləşən hamilə qadınları bu dərəcədə təhqir bəlkə də Ginnesə düşə bilər. Hələ arxası yekələn kişiyə vurduqları eyhamlar... Çox iyrəncdir. 

Kanalı dəyişdim, hara çevirdimsə, gözlərimin qarşından ilan-çayan çəkilmədi. Görün bu "xalalar" mən yaşda adamın psixologiyasına necə təsir göstəriblər. ORT-də oxuyan Vaenqa kimi nəhəng müğənni də gözümdə filmdəki  "bacı" obrazına çevrildi. 

Filmini aktyor heyətinin hər bir üzvündə istedad var. Sadəcə çox kasaddırlar: mütaliələri yoxdur, filmlərə, tamaşalara baxmırlar, həyatın ancaq pul üzərində bərqərar olduğunu düşünürlər, öz övladlarının böyüdüyü cəmiyyəti zibilxanaya çevirməklə məşğul olduqlarının fərqinə varmırlar. 

Yaponiyada mədəniyyət sahəsində senzura var. Bizdə olmasın, istəmirik. Bəs içimizdəki senzoru niyə söndürmüşük? Bozbaşın bütün filmlərinin süjeti vulqarlıqla müşayət olunur. Bir sorğu aparsınlar: bu söyüşləri bəyənən heç olmasa bir nəfər belə, varmı? Yoxdur, ola bilməz. Bəs niyə baxırıq, bəs niyə gülürük? Cavabı sadədir: hər yerdə şou-biznes deyib, sizi göyə qaldırırlar. Bizim dildə danışırsınız, doğmasınız. Sizi qoyub, əcnəbiyə meyl etmək çətindir. Siz də bu reallıqdan sui-istifadə etməyin. Yazın, çəkin, ancaq xüsusən mətni ağıllı adamlara redaktəyə verin. 

"Bir xalanın sirri"ni elə gözəl redaktə edərdim ki, tamaşaçı sizi bağrına basardı. "Yol əhvalatı" filmində dahi Yaşar Nuri bircə "pereriv" sözü ilə bütün ölkəni sağlam gülüşə qərq etdi. Yerində, zamanında, yüksək koloritlə demişdi. 

Sizin filmlərə baxanda elə bilirəm kino sənətində yeni janr yaranıb. Adı da "alabaşına kül başına". Tarixə bu adla düşməkdən çəkinin. Tarix Allah kimidir, qiyməti dəqiq olur. 

Bir qalanın sirri o vaxt bir xalanın sirri olur ki, həkim babaları eşitmirsiniz, kitabları oxumursunuz, bu səbəbdən kəmər belinizdə durmur...

P.S. Dostlara yazacağımı demişdim. Hansı detalları tənqid edəcəyimi də söyləmişdim. Yazını hazırlayanda telefon açıb, elə nüansları xatırlatdılar ki, əvvəl düşündüm ayıbdır, qələmimi belə çirkaba batırmaymb, sonra bəlkə oxuyub özləri utandılar deyə, P.S.-ə əlavə etdim. 

İki qəhrəman dağıdılmış otel otağının piştaxtasında oturublar. Biri o birinə uşağının şəklini göstərir. Cavabında "bu uşaq sənə oxşamır, qapqaradır" fikrini eşidir. Ardınca "ata" ikinci fotonu çıxarıb, şəkildəki qadının yoldaşı olduğunu, onun yanında özünün və qaradərili birinin dayandığını fəxrlə göstərir. Ardından aiəvi olaraq otellərin birində dincələrkən bu qara gədənin onların başına dolandığını minnətdarlıq hissi ilə diqqətə çatdırır. Uşaq qara, fırfıra qara... Üzünüzə qara yaxılsın - nənəm demiş.

Filmin əvvəlində qəhrəmanlardan biri təyyarədən düşür - ABŞ polisinin geyimində, böyrü-başı da dubinka, şallaq. Ssenari müəllifi bu gədənin pornoulduz olduğunu, pulları da orada qazandığını, homoseksual rola çəkildiyini min hoqqalarla tamaşaçıya təlqin edir. 

Bircə ortada qəsd olmasın, heyətin anlamazlığına son qoymaq mümkündür. 



Baxılıb: 1449
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: